Samir Şərifov Hesablama Palatasına müavinini təyin etdirmək istəyir
Kənd təsərrüfatı naziri ilə Maliyyə naziri üz-üzə gəlir
Heydər Əsədov Ilham Əliyevin üçüncü dəfə formalaşdırdığı komandada Kənd təsərrüfatı naziri təyin olunandan sonra Hesablama Palatasının sədri postu uğrunda savaş gərginləşib. “Azadlıq”a daxil olan məlumata görə, Heydər Əsədov Hesablama Palatasını əldə saxlamaq üçün cəhdlər göstərir.
Mənbənin məlumatına görə, Heydər Əsədovun belə bir addım atmasının bir səbəbi qurumun rəhbəri olduğu vaxtda yol verilmiş nöqsanları ört-basdır etməkdirsə, başqa bir səbəbi Hesablama Palatasının əliylə dövlət qurumlarını yenə də nəzarətdə saxlamaqdır. Bu işdə qudası, Nəqliyyat naziri Ziya Məmmədovdan da bəhrələnəcəyi şübhəsizdir. Çünki ən azı Ziya Məmmədov Ramiz Mehdiyevin qruplaşmasında olan şəxslərdəndir ki, qudasını da kənd təsərrüfatı naziri təyin etdirə bildi.
Mənbənin məlumatına görə, Heydər Əsədova bu işdə ən başağrısı olan şəxs maliyyə naziri Samir Şərifovdur.
Qeyd edək ki, Şərifov Hesablama Palatasında müavini Ilqar Fətizadəni sədr kimi görmək istəyir. Amma təəssüflər olsun ki, Samir Şərifovun qarşısına Ziya Məmmədov kimi oliqarx çıxıb.
Verilən məlumatda o da vurğulanır ki, Heydər Əsədov Hesablama Palatasının sədri postuna iki şöbə müdiri – Vüqar Gülməmmədov və Seyfəddin Talıbovdan birinin təyinatına cəhd edir.
Informasiya şöbəsi