Azərbaycan rəhbəri ölkədəki siyasi məhkəmələr və medianın durumuna görə çətin vəziyyətdə görünür
Siyasətin köşə-bucağında, qəzetlərin yağlı yerində Ilham Əliyevdən yazırlar. Daha doğrusu onun Vilnüsdə keçiriləcək AB sammitinə qoşulub-qoşulmayacağından. Əlbəttə, bu mövzu çox aktualdır. Amma Ilham Əliyevin bu səfərini mən müsəlmanların həcc səfərinə bənzədirəm. Məsələ burasındadır ki, AB ilə assosasiya sazişinə girmək belə qəfil olan iş deyil. Dövlət, hökumət, iqtidar hər kimsə səlahiyyəti olan adam və adamlar birliyi siyasi iradə ortaya qoymalı və bu sazişə doğru aparan şərtlərə əməl etməlidirlər. Yoxsa, ora getməyin, gedib də hansısa bir bəyannaməyə qol çəkməyin heç bir mənası yoxdur. Ilham Əliyev isə Vilnüsə gedərkən özü ilə bir neçə qaynar olayın xəbərini də aparmış olacaq.
Insan haqları və qanunun aililiyi
Vəziyyət olduqca qəlizdir. Ismayıllı olaylarında şərlənib tutulanlar, “ReAL” rəhbəri Ilqar Məmmədov, Müsavat başqanının müavini Tofiq Yaqublu, NIDA-çı gənclər və Müsavat başqanının müşaviri Yadigar Sadıqovun məhkəməsi gedir. Bütün bu adını sadaladıqlarım və ümumiləşdirdirdiim dostlar hamısı şərlənərək həbsxanaya atılıb və hamısını beynəlxalq təşkilatlar vicdan məhbusu elan edib.
Söz və mətbuat azadlığı
“Azadlıq” qəzetinin sinəsinə çökmüş məhkəmə cərimələri faktiki olaraq bu qəzeti bağlanmaq məcburiyyətində qoyub. Ilham Əliyevin bir işarəsinə bənd olan adamlar bu məhkəmə iddialarının arxasında dayanıblar və istisnasız olaraq siyasi sifariş yerinə yetirirlər. Metroda qəzet satışına qadağa qoymaq bir yana, metorunun rəisi Tağı Əhmədov indi də cərimənin tədricən ödənilməsi barədə qərarı pozub və 35 min manatı bu başdan istəyir. Bunu da Ilham Əliyevin iradəsi ilə etdiyi şübhəsizdir.
Siyasi vəziyyət
Iki mühüm fakt göz qabağındadır. Ilham Əliyev sonuncu seçkiyə qanunsuz qatılaraq və seçkini saxtalaşdırıb özünü üçüncü dəfə prezident elan edərək ölkədəki siyasi mühitə daha bir ağır zərbə vurdu. Onun legitimlik problemi videolarla fotolarla, kağızlarla təsdiqlndi və Ilham Əliyev ölkədə siyasətin qarşılıqlı əlaqədə davam etməsinə yenə maneə oldu. Ikinci məsələ odur ki, tanınmış jurnalist Pərviz Həşimli artıq bir aydan çoxdur ki, həbs edilərək MTN-də işgəncələrə məruz qoyulur ki, AXCP sədri Əli Kərimlinin əleyhinə ifadələr versin. Seçkiləri müşahidə etmiş yeganə müstəqil QHT SMDT isə hazırda cinayət işi ilə təqib olunur. Hakimiyyət əslində seçkinin saxtalaşdırılmasına mane olanları deyil, bu saxtakarlığa tamaşa edənləri cəzalandırmaqla, əsəbinin necə gərginləşdiyini gizlədə bilmir. Amma bütün hallarda inzibati güc iqtidara cəmiyyətə ziyan vurmaq imkanlar verir. Ilham Əliyevin bütün bu olaylardan sonra Qərbə doğru addımlaması, yoxsa sürünməsi məndə şübhə yaratmaqda davam edir.
Deyirlər ki…
Bəzən elə dostlarım tapılır ki, bizə bu mövzuları çox qabartmamağı tövsiyyə edirlər. Yəni ola bilsin ki, bizim yazılarımız Ilham Əliyevə AB-yə üz tutmağa imkan verməsin. Ola bilərmi, bilməzmi? Məntiq isə deyir ki, Ilham Əliyev nə edirsə məcburiyyətdən edir və onun üçün artıq addımların mükünlük dərəcəsi deyil, məcburiyyət meyarı rol oynayır. Ilham Əliyev Vilnüs sammmitinə bu papka ilə gedəcəksə, orda ona nə deyəcəklər? Ya da o niyə belə bir yüklə Vilnüsə getmək istəsin ki? Uzun illər AŞPA da olmuş biri kimi bu cür təsisatlardaki fəaliyyətin əsas meyarının nə olduğunu bilmirmi? Əlbəttə, bilir. O zaman bizim üçün aydın olur ki, söhbət siyasi məcburiyyətdən gedir və onu hazırkı siyasi vəziyyət nə qədər məcbur edə bilsə, o qədər irəli gedəcək. Irəlidə isə bundan sonra ancaq AB var, bu dəqiqdir!
Seymur Həzi


