«Bu, Putinin Ermənistan üzərində taktiki qələbəsi anlamına gələcək»
Ermənistan mətbuatında Rusiyanın bu ölkəyə münasibəti ilə bağlı son vaxtlar narazılıqlar artmaqdadır. “Yerkir” qəzeti Rusiya prezidenti Putinin Yerevana gözlənilən səfərinə toxunaraq hakimiyyətin Kreml qarşısında özünü alçaltdığını yazır.
“KIV-in məlumatına görə, Ermənistanda RF prezidenti Vladimir Putinin səfərinə hazırlıq başlayıb. Ancaq indiyə qədər hakimiyyət üçün çoxdan gözlənilən bu səfər rəsmən təsdiqlənməyib. Lakin həqiqətən də işlər aparılırsa, deməli, Minskdə Serj Sərkisyan Putinin inamını qaytarmağa nail olub. Bu inam Ermənistanın Avrointeqrasiya oyunlarına görə itmişdi.
Qeyd etmək lazımdır ki, bunun üçün Yerevan mümkün olan hər şeyi edib, hətta tərəddüd etmədən özünü alçaldıb. Sərkisyanın prezident səviyyəsində Sobyaninin Moskva meri seçilməsi münasibətilə təbrik etməsi, Yerevanda “Putin” klubları açan heç kimin tanımadığı iş adamını fəxri fərmanla təltif etməsi, “Irs” partiyası ilə Rusiya sərhədçiləri arasında qalmaqala etinasızlıq nümayiş etdirməsi və nəhayət Minskdə Ermənistanın Gömrük Ittifaqına üzvlük istiqamətində prosesi sürətləndirməyə və bütün şərtləri qəbul etməyə hazır olduğu açıqlaması da bunu təsdiqləyir. Görünür, Putin Ermənistanın bu alçaqlıqlarını yetərli hesab edib və Yerevanın səylərini qiymətləndirərək Sərkisyanın soxsaylı dəvətlərindən sonra Ermənistana səfər etmək qərarına gəlib”.
Qəzetin yazdığına görə, indiki mərhələdə Moskva Yerevandan istədiyi hər şeyi alıb. Təsadüfi deyil ki, Putinin səfəri Vilnüsdə keçiriləcək noyabrın sammitindən sonraya təsadüf edib. Ermənistan bu sammitə ya qatılmayacaq, ya da onun iştirakı simvolik xarakter daşıyacaq. Ermənistanın Vilnüs sammitində iştirakının iflası fonunda Putinin səfəri Ermənistan üzərində taktiki qələbə anlamına gələcək.
Erməni mətbuatının iddiasına görə, erməni hakimiyyətinin bu səfərdən əldə edəcəyi yeganə fayda Rusiyanın köməyidir. Bu, əlbəttə, Ermənistanın hakim partiyası üçün əhəmiyyətlidir, ancaq erməni xalqına sevinc gətirməyəcək əsas nailiyyət Gömrük Ittifaqının Ermənistanın hesabına genişlənməsi olacaq.
Qəzet daha sonra yazır: “Minskdəki hadisələr göstərdi ki, hegemon statusuna baxmayaraq, Rusiya tələsik Belarus və Qazaxıstanın etirazlarının öhdəsindən gəlmək istəmir. Ermənistan Rusiyanın arzuladığı kimi Ittifaqa tez daxil ola bilmədi. Putinin Gömrük Ittifaqına Hindistanın da üzv olmaq niyyətində olduğunu deməsi və məsələyə ciddi yanaşma tələb etməsi göstərir ki, onun üçün Ittifaqın MDB-yə üzv olmayan ölkələr hesabına genişlənməsi strateji əhəmiyyət daşıyır. Putinin bu təşəbbüsə dəstək olaraq Qazaxıstan Türkiyəyə Gömrük Ittifaqına qoşulmağı təklif etdi.
Hadisələrin belə inkişafı Ermənistanın Moskva üçün əhəmiyyəti tədricən azala bilər. Istisna olunmur ki, Rusiya Ermənistanın Gömrük Ittifaqına üzv olmasına qarşı çıxan Qazaxıstan-Belarus tandeminə qarşı çıxmayacaq. Sərkisyanın Ermənistanın ittifaqa üzvlüyünü sürətləndirmək xahişinə baxmayaraq bunun üçün dəqiq vaxtın təyin edilməməsi də bunu deməyə əsas verir. Istisna etmək olmaz ki, Moskva Hindistan və Türkiyənin Gömrük Ittifaqına üzvlüyü məsələsinin nə dərəcədə ciddi olduğunu anlamağa çalışır. Yalnız bundan sonra Ermənistanla bağlı qərar veriləcək. Kremldə gözəl anlayırlar ki, Ermənistan Gömrük Ittifaqına üzv olsa, Türkiyənin və Azərbaycanın bu quruma qoşulmasının qarşısını almaq üçün əlindən gələni edəcək. Yəni hazırda yaranan situasiya onu deməyə əsas verir ki, Ermənistan Qazaxıstan-Belarus-Azərbaycan tələsindən yayınmağa çalışır. Məhz bu səbəbdən Putinin Ermənistana səfəri böyük əhəmiyyət kəsb edir. Ermənistan Qazaxıstan-Belarus tandemindən istifadə edərək Rusiyanın Gömrük Ittifaqına üzvlüklə bağlı təzyiqindən yaxa qurtarmaq şansı əldə edib. Yəni Putinə göstərə bilər ki, məsələ Ermənistanın ittifaqa qoşulub-qoşulmamasında deyil, Qazaxıstan-Belarus tandemi və Rusiyanın hərəkətsizliyindədir. Yaxud da Kremlə göstərməlidir ki, Gömrük Ittifaqının genişlənməsi xatirinə öz maraqlarını qurban verə bilməz.
Moskva bilir ki, Vilnüs sammiti iflasa uğrasa belə, bununla “Şərq Tərəfdaşlığı” prosesi başa çatmır. Latviya XIN başçısı Edqars Rinkeviçs bəyan edib ki, növbəti “Şərq Tərəfdaşlığı” sammiti 2015-ci ilin birinci yarısında Riqada keçiriləcək və bu Vilnüsdə şansını qaçıran ölkələr üçün yeni imkan olacaq. Bu da Yerevana Moskva ilə danışıqlarda daha tələbkar olmağa imkan verir. Məsələ də məhz bundadır ki, Ermənistan hakimiyyəti Moskva ilə bu dildə danışa biləcək, yoxsa Putinin səfəri növbəti dəfə rusmeylli mövqeyi və Kreml başçısına məhəbbəti nümayiş etdirmək imkanı olacaq”.
Fizzə


