Hakimiyyətin “kürü diplomatiyası” ifşa edildi; nazir oğlu ABŞ-da lobbiçilərə hər il nə qədər pul paylayır?
Azərbaycan hakimiyyətinin əcnəbi siyasətçiləri ələ almaq və beynəlxalq tənqidləri susdurmaq üçün yürütdüyü “kürü diplomatiyası” dünya mediasında ara-sıra müzakirəyə çıxarılır. Bugünlərdə Vaşinqtonda nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təşkil etdiyi təxminən yarım milyon dollarlıq ziyafət fonunda bu məsələ yenidən gündəmə gəlib. “Azad Avropa” radiosu bu mövzuda geniş həcmli material yayımlayıb. “Kürü diplomatiyası” ilə zəhərlənmə” başlıqlı materialı təqdim edirik:
“Kürü diplomatiyası” ilə zəhərlənmə
Son illərdə Ilham Əliyev Avropa və ABŞ siyasətçilərini rəhbərlik etdiyi neftlə zəngin Cənubi Qafqaz ölkəsinin etibarlı tərəfdaş olduğuna inandırmaq, Azərbaycanın avtoritar ölkə olması, burada təməl hüquqlara hörmət olunmamasıyla əlaqədar onların tənqidlərinin qarşısını almaq üçün milyonlar xərcləyib. Rəsmi Bakının maraqlarının lobbiçilər vasitəsilə dəstəklənməsi üçün yürütdüyü bu cür siyasətə “kürü diplomatiyası” adı verilib.
Oktyabrın 30-da Vaşinqtonda Milli Muzeydə təxminən 600 nəfərin iştirakıyla “Azərbaycan-Amerika Alyansı”nın maliyyələşdirdiyi şou və beş cür yeməkdən ibarət şam yeməyi təşkil olunub. Tədbiri Alyansın sədri və keçmiş konqresmen Den Berton təşkil edib. Bu tədbirdə dörd senator və 13 konqresmen iştirak edirdi.
Bu israfçı tədbir Bakının yürütdüyü “kürü diplomatiyası” strategiyasının tərkib hissəsidir. Bu çərçivədə geniş spektrli hədiyyələr, yeyib-içmək məclisləri əcnəbi siyasətçilərin Azərbaycanla bağlı fikirlərinin dəyişməsi məqsədinə xidmət edir.
Amma “kürü diplomatiyası” heç də həmişə baş tutmur. ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç “Azad Avropa” radiosuna deyib ki, bu cür tədbirlər Azərbaycandakı real vəziyyətlə uydurma təqdimat arasındakı təzadın göstəricisidir.
“Kürü diplomatiyası” ifadəsi necə yaranıb?
“Kürü diplomatiyası” ifadəsi ilk dəfə Avropa Birliyinin genişlənməsi və Cənub-Şərqi Avropa məsələləri üzrə ixtisaslaşmış beyin mərkəzi olan “Avropa Stabillik Təşəbbüsü”nün ötən ilin mayında hazırladığı hesabatda öz əksini tapıb.
Təşkilatın rəhbəri, həmçinin hesabatın müəllifi Cerald Knaus “Azad Avropa”ya bu sənədin yaranmasından danışıb: “Azərbaycanda demokratiya və insan hüquqları sahəsində vəziyyət pisləşməkdə davam edirdi. Başlıca vəzifəsi demokratik standartları və insan hüquqlarını müdafiə etmək olan Avropa Şurası isə Azərbaycana münasibətdə bu duruma göz yumurdu. Bu susqunluq həm seçkiyə, həm siyasi məhbuslar məsələsinə, bir sözlə, insan hüquqlarına dair Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü bütün öhdəliklərə aid idi. Ona görə də gedib, bu susqunluğun səbəbini, təşkilatın necə işlədiyini araşdırmağa, bunun necə baş verdiyini çatdırmağa çalışdıq”.
Vaxtilə Azərbaycanda çalışmış amerikalı diplomat, hazırda isə Londonda yaşayan və insan hüquqlarının müdafiəsilə məşğul Rebekka Vinsent “kürü diplomatiyası”nın qarşısının alınmasının çətinliyindən danışır: “Bir sıra Avropa institutlarının, o cümlədən Avropa Şurasının bu cür davranışı insan hüquqlarının müdafiəsi baxımından bizim işimizi çox çətinləşdirir. Hesab edirəm ki, eyni hal Avropa Birliyinə də aiddir. Çünki biz bu təşkilata Azərbaycanda insan hüquqlarının təhlükəli vəziyyətdə olmasıyla bağlı narahatlığımızı bildirib, tədbir görməyə çağıranda, oradakı bəzi siyasətçilər başqa yol tutdular”.
“Avropa Stabillik Təşəbbüsü”nün rəhbəri Knaus onu da əlavə edir ki, rəsmi Bakı xarici siyasətçilərlə bağlı kampaniyanı çox aqressiv həyata keçirir: “Kürü diplomatiyası”na sistemli şəkildə çoxlu insanların dəvət olunması, dostlar tapılması kimi addımlar daxildir. Avropa Şurası Parlament Assambleyasının onlarla üzvü hər il ya hökumətyönlü QHT-lərin əlilə, ya da birbaşa hökumət tərəfindən Bakıya dəvət olunur. Bunun özü çox ciddi lobbi fəaliyyətidir. Avropa Şurasında mühüm vəzifə tutan adamlara mesaj verilir ki, bizim tərəfimizdəsinizsə, siz çox yaxşı məvaciblə bizim üçün lobbiçilik edə bilərsiz”.
Avropalı bəzi siyasətçilərin qəbulolunmaz davranışı
“Avropa Stabillik Təşəbbüsü”nün hesabatında xüsusən Almaniyanın Xristian-Demokrat Partiyasından deputat olmuş, həmçinin ölkəsini AŞ PA-da təmsil etmiş Eduard Lintner yada salınır. Azərbaycanda bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qadağanın aradan götürülməsi və beləliklə, Əliyevin üçüncü dövr prezidentliyə yolunu açan Konstitusiya dəyişikliyi üçün 2009-cu ilin martında Azərbaycanda keçirilən referendumu müşahidə etmək üçün bu ölkəyə göndərilən AŞ PA nümayəndə heyətinin tərkibində Eduard Lintner də var idi.
Çoxları tərəfindən tənqid olunan bu referendumla bağlı AŞ PA-nın rəyi isə belə oldu: “referendum Azərbaycan xalqının böyük stabillik və gələcək demokratikləşmə elementlərinin saxlanılması istəklərini əks etdirdi”.
2009-cu ildə Lintner AŞ PA-nı tərk etdi və “Almaniya-Azərbaycan Əməkdaşlığının Inkişafı” təşkilatının rəhbəri oldu. Ekspertlərin fikrincə, bu qurum faktiki Azərbaycan hökumətinin lobbi təşkilatıdır. Belçikada qeydiyyatdan keçmiş hansısa qeyri-hökumət təşkilatından olan müşahidəçilərin bu ilin oktyabrında Azərbaycanda keçirilmiş prezident seçkiləri izləmək üçün Azərbaycana səfərini də bu təşkilat maliyyələşdirmişdi. Həmin missiyadakı müşahidəçilər də Əliyevin üçüncü dəfə prezident olduğu bu seçkini “şəffaf, azad və ədalətli” adlandırdılar.
Bu ilin yanvarında AŞ PA-da xüsusi məruzəçi Kristof Ştrasserin hazırladığı məruzə 79 lehinə, 175 əleyhinə olmaqla, qəbul edilmədi. Həmin sənəddə siyasi məhbus problemilə əlaqədar Azərbaycan hökumətinin ünvanına sərt tənqidlər var idi. Həmçinin həbsdə olan 85 siyasi məhbusun azadlığa buraxılması tələb olunurdu. Ştrasser 2009-cu ildən AŞ PA-nın Azərbaycan üzrə məruzəçisi olsa da, Azərbaycan hökuməti ona ölkəyə gəlməyə viza verməkdən imtina edirdi.
“Avropa Stabillik Təşəbbüsü”nün hesabatına görə, Azərbaycanda prezident seçkisini izləmiş 50 müşahidə missiyasının 49-u seçkiyə müsbət rəy verib. Müsbət rəy vermiş bu təşkilatların bir çoxunun yaranması və nəyə xidmət etdiyi bəlli deyil, digər qisminin maliyyəsi birbaşa Azərbaycan təşkilatlarıyla bağlıdır. Yalnız ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu Azərbaycandakı seçkini tənqid etdi. Bunun cavabında rəsmi Bakı ATƏT-lə münasibətləri kəskin məhdudlaşdıracağıyla hədələdi.
Rebekka Vinsent hesab edir ki, AŞ PA-nın bir çox deputatlarının davranışı qeyri-etikdir: “Öz vətəndaşlarının təməl hüquqlarına hörmət etməyən avtoritar rejimin təbliğatının demokratik, insan hüquq və azadlıqlarına hörmət qoyulan ölkələrin siyasətçiləri tərəfindən aparılması xüsusən qəbulolunmazdır. O ki qaldı Vaşinqtonda tədbir təşkil etmiş ”Azərbaycan-Amerika Alyansı”na, bu təşkilat azərbaycanlı oliqarx, bu ölkənin nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən 2004-cü ildə yaradılıb. Alyansın saytına ötəri nəzər salmaq kifayət edir ki, onun tamamilə hökumətyönlü təşkilat olduğunu görəsən”.
“Kürü diplomatiyası” ABŞ-da effektli ola bilməz”
“The Conway Bulletin” analitiki, Vaşinqtonda sözügedən tədbirdə iştirak etmiş Coşua Nunan isə ABŞ-da “kürü diplomatiyası”nın Azərbaycana Avropadakı qədər fayda verəcəyinə şübhə edir: “Ola bilsin ki, Vaşinqtonda hansısa səviyyəyə qədər məmurlara əlləri çata bilər. Amma qanunvericilərin əksəriyyətini əhatə etmirsə, bütün bu lobbiçilik uzunmüddətli planda uğurlu ola bilməz. Yalnız münasibətlərin qurulmasından söhbət gedə bilər. Bu yolla siyasətə dərindən təsir göstərmək mümkün deyil”.
“Opensecrets.org” saytının yaydığı məlumata görə, Alyans bu il məşhur “Fabiani & Company” adlı lobbi şirkətinə 1 milyon 800 min dollar vəsait ödəyib. Bu isə adıçəkilən lobbi şirkətinin il ərzində əldə etdiyi gəlirlərin yarısından da çoxu deməkdir. Ötən il isə şirkət “Azərbaycan-Amerika Alyansı”ndan 2 milyon 400 min milyon dollar pul alıb. 2011-ci ildə isə bu rəqəm 1 milyon 800 min dollar olub.
Siyasət şöbəsi