Azərbaycan Xalq Cəbhəsi Partiyası jurnalist və hüquq müdafiəçisi, partiyanın Ali Məclis üzvü Pərviz Həşimliyə qarşı zorakılıq və işgəncələrlə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, AXCP Pərviz Həşimlidən hakimiyyətin “terroçu” düzəltmək cəhdlərini kəskin şəkildə pisləyir.
“Pərviz Həşimliyə qarşı irəli sürülən ittihamlar, onun barəsində həbs-qətimkan tədbirinin əsasız olaraq daha üç ay uzadılması, saxlanma yerində və məhkəməyə aparılıb-gətirilərkən onunla kobud, zorakı davranış böyük və qərəzli planın tərkib hissəsidir.
İlk gündən vəkilin, ailə üzvlərinin açıqlamasından bəlli olmuşdu ki, P.Həşimlinin həbsi siyasi məqsədlidir. Əsas niyyət onun jurnalist kimi hakimiyyəti narahat edən araşdırmalarını dayandırmaq və ondan AXCP sədri Əli Kərimliyə qarşı, əslində həm də öz iradəsinin əleyhinə ifadə almaqdır.
Hakimiyyətin qurduğu mərkli ssenariyə uyğunlaşmadığı üçün P.Həşimli və ailəsi saxlandığı gündən fiziki-mənəvi işgəncələrə üz-üzədir.
AXCP bəyan edir ki, ictimia-siyasi fəallara qarşı heç bir qanun və etikaya sığmayan barbar davranış Azərbaycan hakimiyyətinin islaholunmaz xarakterini bir daha nümayiş etdirir.
AXCP hakimiyyəti bir daha xəbərdar edir ki, öz vətəndaşları ilə bu cür şər-böhtan ritorikası ilə davranış birinci növbədə dövlətin imicinə ləkədir, başqa yandan hakimiyyətdə təmsil olanlara qarşı ictimai qəzəbi alovlandıran və sonu heç kimə yaxşı heç nə vəd etməyən ağır fəsadlara səbəb ola bilər.
AXCP bəyan edir ki, hər kəsin şərəf və ləyaqəti toxunulmazdır, Azərbaycan hakimiyyəti bu qızıl qaydanı qorumağa borcludur.
Pərviz Həşimlinin vicdan məhbus olduğunu vurğulayan AXCP beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarını gənc fəalı avtoritar rejimin daha ağır repressiyalarından qormaq üçün səylərini artırmağa səsləyir”, – deyə bəyanatda bildirilir.