Sən 9 oktyabrsan…

– Qardaş, gəlib burda vaxt itirməyin, gedin bu hakimiyəti ifşa eləyən yazılar yazın, milləti ayıldın, – bunu mənə Qurban Məmmədov dedi. Məhkəmədə, qəfəs içində. Hüquqçu, hərəkatçı Qurban Məmmədov. Dustaq. Qəfəs içində. Belədir. Belə olacaq. Ilham Əliyev hakimiyətdən salınmadıqca, Əliyevlər hakimiyətinə son qoyulmadıqca bu sayaq məhkəmələr bitib-tükənməyəcək: passionarları QONDARMA suçlamalarla damlamağa yönəlmiş QONDARMA məhkəmələr. 

Cinayətkarcasına saxtalaşdırılan prezident seçkisindən sonra ölkə boyunca siyasi məhkəmə işlərinə start verilib. Bakıdan Şəkiyədək siyasi məhkəmə prosesləri gedir. Çatdırıb hamısına gedə də bilmirik. Görün tutulanlar, məhkəməsi gedənlər kimlərdir: siyasi partiya üyələri, siyasətə qatılan jurnalistlər, hüquqçular. Xocalı qırğınını törətmiş terrorbaşı prezident Serj Sərkisyanla görüşə gedəcəyini bugünlərdə xalqımıza muştuluq kimi çatdıran Ilham Əliyev atası ilə birlikdə Azərbaycanda passionarlara necə divan tutuduğu ilə bağlı erməni prezidentinə də muştuluq verə bilər.

Rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq içində batıb gedən bu ölkədə görün daha çox kimlər tutulur, kimlərə məhkəmə qurulur: siyasi partiya üyələri, siyasətə qatılan jurnalistlər, hüquqçular. Bunlar Azərbaycanda demokratiyanın kökünü qazıyan, qanunları, insan hüquqlarını tapdayan əliyevçi rejimlə barışmayan, bu rejimə qarşı çıxan kimsələrdir. Başqa cür desək, bunlar Azərbaycanın üzünü gələcəkdən keçmişə çevirən, bütün hüquqları əlindən alınmış kölələr ölkəsinə dönüşdürməyə çalışan bir rejimlə barışmayan, bu rejimə bacardığı kimi dirəniş göstərən kimsələrdir. Bu məhkəmələr Bakıdan Şəkiyədək bir adamın sanksiyalaşdırdığı, bir adamın yön verdiyi məhkəmələrdir. O adam Azərbaycanda KORRUPSIYANI DÖVLƏT SIYASƏTINƏ çevirən Ilham Əliyevdir. Prezident bir ölkədə korrupsiyanı dövlət siyasətinə çevirirsə, o ölkədə passionarların, demokratiya, qanunçuluq yolçularının repressiya olunmasının özü bir qanunauyğunluqdur. 

Quba, Ismayıllı olayları nədən baş verdi, bəllidir. Bir daha demək gərəkirsə, deyək: bu olaylar rayonlardakı məmur özbaşınalığından, qanunsuzluqdan baş verdi. Hər iki olayla bağlı I.Əliyevin ayrı-ayrılıqda çıxışı oldu. O nə dedi: “Bəzi vəzifəli şəxslər qanunları pozur, özbaşınalıq, qudurğanlıq edirlər. Hamısı cəzalandırılacaq”. Göründüyü kimi, bunlar seçkiqabağı xalqı aldadıb ələ almağa yönəlmiş yalanlar idi. Seçki keçib, indi QONDARMA suçlamalar yoluyla qudurğanlıq obyektinə çevrilib cəzalandırılanlar xalqın hüquqlarını qudurğancasına tapdayanlar deyil, o hüquqları qoruyanlardır. Kəskin müxalifətçi yazıları ilə tanınan qəzet redaktoru Sərdar Əlibəyliyə prokuror 5 il yarım iş istəyib. S.Əlibəylinin yazıları başlıca olaraq I.Əliyev ailəsinə qarşı yönəlmiş yazılardır. Bunlar, qısaca desək, Azərbaycanı özü boyda bazara, kommersiya-biznes obyektinə çevirən bəlli bir ailə ilə bağlı yazılardır. Bu ailənin Azərbaycandan uzaq Panamayadək bütün Yer üzünü bürüyən oğurluq kommersiya-biznes strukturlarından, holdinq-moldinqlərindən indi dünya mass-mediası yazır, danışır. Xalqdan, dövlətdən oğurluq edənmi suçludur, o oğurluqdan yazanmı? Indilikdə, sözsüz, ikincilər! Indilikdə – oğru rejim ortamında!

2003-dən bəri satılıb susan – düz 10 il! –  bir qondarma “lider” I.Əliyevin kadr “islahatlarını” öyməyə başlayıb. Demokratiya, qanunçuluq yolçularını repressiya içində gerçək kadr “islahatları” ola bilərmi? Ola bilər – saxta seçkilərə, demokratiyanın, qanunçuluğun repressiya olunmasına göz yuman, kriminal rejimdən pay uman qondarma liderlər üçün. Bunun ardınca… Qurban bəyin üzünə polis “işverənlərini” – saxta şahidləri durğuzurlar. Qurban bəy bununla bağlı jurnalistlərə üz tutdu: “Belələrini hər yerdə ”9 oktyabr” adlandırın, bunları belə damğalayın!”. Bəri başdan deyə bilərik: rejim, sən 9 oktyabrsan!