Hakimiyyət «Azadlıq»ı susdurmaq üçün bütün addımları atır

Rahim Hacıyev: «Hər gün «qara xəbərlər» alırıq, heç vaxt belə vəziyyətlə üzləşməmişdik»

Rauf Arifoğlu: «50-60 adamı cəlb eləyiblər ki, onlar metroda müxalifət qəzetlərinin satılıb-satılmadığını izləsin»

Qəzet rəhbərləri azad mətbuata qarşı hücumları müzakirə etdi

Dünən “Azadlıq” radiosunun “Işdən sonra” proqramında mətbuata qarşı hücumlar müzakirə olunub. Verilişin iştirakçıları isə “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu olub. Qəzet rəhbərləri azad mətbuatın boğulması mövzusunda fikirlərini bölüşüblər.

Rahim Hacıyev “Azadlıq” qəzetinin hazırkı vəziyyətinin əvvəlki dövrlərlə müqayisədə kəskin şəkildə pisləşdiyini bildirib: “Azadlıq” qəzetinin susdurulması, “Azadlıq” qəzetinin fəaliyyətini dayandırması üçün bütün addımlar atılır. Hər gün “qara xəbərlər” alırıq, heç vaxt belə vəziyyətlə üzləşməmişik. Oktyabrın 14-də məktub aldıq ki, 32 min manat vəsait ödənilməsə, hesabınız bağlanacaq. 10 gün tamam olmamış hesab bağlandı. Bunun ardınca Yasamal məhkəməsinin icra şöbəsi protokol tərtib edir, məhkəməyə müraciət olunur və görünməmiş operativliklə fəaliyyətə başlayır. Məhkəmə qərarını yerinə yetirmədiyinə görə “Azadlıq” qəzeti daha 3 min manat cərimələnir. Mən məhkəmədə çıxış etdim və gətirdiyim arqumentlərin heç bir əhəmiyyəti olmadı. Qəzetə qarşı ən ağır cəzanı müəyyənləşdirdilər. Ardınca metrolarda qəzetin satışına qadağa qoyulur. Dünən (srağagün-red.) isə çox pis xəbər aldıq. Tağı Əhmədovun “Azadlıq” qəzetinə qarşı iddiası vardı. Məhkəmə qəzetin 30 min manat cərimələnməsi barədə qərar çıxarmışdı. Biz o vaxt bu vəsaiti hissə-hissə ödəməyə razılaşmışdıq. Tağı Əhmədov mayın 6-da “mediaforum” saytına demişdi ki, “onlar vəsaiti ödəməlidir, on ilə ödəsinlər, ancaq ödəsinlər”. Biz o vaxt razılaşmışdıq. Məhkəmə də tərəflərin razılığını əsas götürərək, qərar çıxarmışdı ki, “Azadlıq” qəzeti bu vəsaiti hissə-hissə ödəsin. Bizə heç bir məlumat vermədən, xəbərdarlıq etmədən bəlli olub ki, oktyabr ayının 25-də məhkəmə qərar verib. Yəni, bu vəsaiti də birdəfəlik ödəmək tələb edilir. Bu gün “Azadlıq” qəzetindən 65 min manat tələb olunur. Bu, açıq-aşkar qəzeti dayandırmaq üçün atılan addımdır. Ən pisi odur ki, hesab bağlanandan sonra Yasamal Rayon Məhkəməsindən bütün yayım şirkətlərinə məktub ünvanlanıb – “Azadlıq” qəzetinə hər hansı məbləğin ödənilməsinin qadağan edilməsi haqqında.

65 min manatı haradan vermək olar? Ağlımıza belə gəlməyən bir məbləğdir. Əgər hökumət istəməsəydi, təbii ki, bu problemlər olmazdı. Məsələn, “Qasid” firmasına qəzetlərin borcunun qaytarılması üçün çox aşağı faizlə kredit verə bilərdi. Yəni, istəsəydi, çox şeylər edə bilərdilər. “Qasid”in hazırda “Azadlıq” qəzetinə borcu 57 min manata gəlib çıxıb.

Rahim Hacıyevin fikrincə, indi 65 min manatı dərhal tələb etmək “Azadlıq”ı susdurmaqdır: “Biz birmənalı olaraq, demokratik düşərgəyə dəstək vermişik, ənənəvi olaraq, Azərbaycan hakimiyyətinin korrupsiya əməllərini ifşa edirik, beynəlxalq mətbuatda hakimiyyətin qanunsuz əməllərilə bağlı yazılan yazıları dərc edirik. Əvvəlki illərdən fərqli olaraq, demokratik Qərb dünyasının Azərbaycan hakimiyyətinə münasibəti dəyişib. Ona görə də heç bir demokratik düşüncə olmadığından onlar hesab edirlər ki, azad mətbuatı boğmaqla, jurnalistləri sıradan çıxarmaqla, guya, nəsə əldə edə bilərlər. Əlbəttə ki, bu çox qeyri-ciddi bir yanaşmadır”.

Rauf Arifoğlu isə bildirdi ki, qəzetə yaradılan problemlərlə əlaqədar ölkə başçısına müraciət edənə qədər bir neçə instansiyaya, aidiyyəti qurumlara məktub göndərib: “Metropoliten rəisinə, metropoliten polisinə, Ticarət Departamentinə, Bakı Şəhər Icra Hakimiyyətinə, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədova, Daxili işlər naziri Ramil Usubova və s. Hamısı da o məsələ ilə əlaqədardır ki, onsuz da vəziyyəti ağır olan medianın durumu son bir ayda daha da ağırlaşıb. Qısası, gündəlik 1300 dənə qəzet satdığımız nöqtəyə bizi buraxmırlar. Əvvəllər deyirdilər ki, gedib sata bilərsiniz, buyurun, gedin. Sonra da bizə yarı-aşkar, yarı-gizli dedilər ki, çox yuxarı yerlərdən onlara imkan vermirlər. Dəstə halında mülki geyimli şəxslər gəzərək, bu qadağaya nə dərəcədə riayət olunub-olunmamasının monitorinqini aparır. Qəribə bir situasiyadır. Kənardan bəlkə də 50-60 adam bu prosesi izləyir ki, burada müxalifət qəzetləri satılır, yoxsa satılmır.

Bu qəzetlərin çeşidləri də çox maraqlıdır. Düzdür, bu gün meydanda iki qəzet qalıb. Özünün və hamının hüquqları uğrunda iki qəzet savaşır. Amma bütövlükdə “Azadlıq”, “Yeni Müsavat”, “Bizim Yol”, “Gündəm Xəbər”, “Yeni dövran” qəzetlərinin satışına metroda qeyri-rəsmi qadağa qoyulub. “Azadlıq” 1500 nüsxə, biz 1300 nüsxə satırıq metroda. Ora o qədər əlverişli yerdir ki, qəzetlərin 100-də 90-nı satılır. Bu 1500-1300 nüsxə qəzet redaksiyaları üçün nə deməkdir? Gündəlik 250-300 manat pul deməkdir. Ayda 8-9 min manat edir. Indi bu 8-9 min manatlıq dövriyyəni bizdən aldılar. Bundan əlavə, “Qasid” firmasına hər gün 2 min civarında qəzet veririk və ayın sonunda bir qəpik də almırıq. “Qasid” firmasının rəhbərliyi deyir ki, mən əməkdaşlarıma maaşı bununla verirəm. Son iki ayda 17-18 min manat əvəzinə 2 min manat pul ala bilmişəm. Qəzet və saytımızın 50-yə yaxın əməkdaşı, texniki işçilər, gecə növbətçiləri, satışı təşkil edən başqa işçiləri var. Bu adamların qazancına, ruzisinə əl atılıb. Artıq işçilərin pulunu verə bilmirik, halbuki, bizim burada günahımız yoxdur. Əla qəzet satırıq, o qəzet tələb olunan əmtəə statusundadır. Hər kəs onu almaq istəyir və alırlar. Son aylara qədər gəlirlə işləyirdik. Qəzet satışından əldə olunan gəlirdən əməkdaşlara yüksək maaş verməklə yanaşı, sahibkar kimi mənə də pul qalırdı. Indi isə ortada heç nə yoxdur”.