Saxta seçkiyə rəy verənlərin ifşası davam edir

«Rüsvayçılıq: Azərbaycan və bizim bildiyimiz seçki monitorinqinin sonu» adlı hesabat saxtakarları barmaqla göstərir

 «Əliyevin keçirdiyi qalmaqallı seçkiyə fərqli qiymət verilməsi pis haldır»

“Avropa Stabillik Təşəbbüsü” təşkilatının Azərbaycandakı prezident seçkiləri zamanı beynəlxalq müşahidəçilərin qalmaqallı rəylərilə bağlı məsələni yenidən gündəmə gətirdiyi barədə məlumat vermişdik. Təşkilat bu istiqamətdə araşdırma apararaq, 33 səhifəlik hesabat hazırlayıb. “Rüsvayçılıq: Azərbaycan və bizim bildiyimiz seçki monitorinqinin sonu” adlı geniş hesabatın maraqlı, xüsusilə beynəlxalq müşahidə missiyalarının rəhbərlərinin və üzvlərinin ifşa olunduğu hissələrini diqqətinizə çatdırırıq:

“Azərbaycanın Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, bu ölkədə oktyabrın 9-da keçirilən prezident seçkisini 50 müxtəlif beynəlxalq təşkilatdan olan 1300 müşahidəçi izləyib. Bu qrupların 49-u seçkinin şəffaf, ədalətli keçdiyini, Avropa standartlarına cavab verdiyini bildirib. Beynəlxalq müşahidəçilərdən ibarət bir qrup – ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu isə bu cür seçkini tərifləməkdən imtina edib.

Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasından olan nümayəndə heyətləri də seçkinin azad, şəffaf və ədalətli keçdiyi haqda rəy verib. Avropa Parlamentinin müşahidə qrupunun rəhbəri Pino Arlakki ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun verdiyi rəyi şübhə altına alıb.

Bununla belə, seçkilərin ciddi müşahidəsi xüsusi səylər tələb edir. Yalnız ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun uzunmüddətli müşahidəçilər və ekspert qrupları bu ölkəyə seçkidən bir neçə həftə əvvəl gəlmişdilər. Bu qurumun həmçinin çoxlu sayda qısamüddətli müşahidəçiləri də olub. Bütövlükdə ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu ölkədəki 5273 məntəqədən 1151-də seçkinin gedişini izləyib. Onlar kütləvi saxtakarlığın şahidi olub.

Bu ilin oktyabrında Bakıda baş verənlər seçkiləri beynəlxalq müşahidə sisteminin işləmədiyini ortaya qoydu.

Bakıdakı seçki havasını necə bilməli?

Belə bir situasiyanı təsəvvür edin. Siz dünyanın o biri başında yerləşən bir ölkədə dünən havanın necə olduğunu öyrənmək istəyirsiniz. Və siz bu məlumatı həmin ölkədə olan yalnız 50 nəfərdən ala bilərsiniz. Bu şəxslərdən 49-u sizi əmin etməyə çalışacaq ki, dünən hava günəşli olub. Və yalnız bir nəfər həmin vaxt bütün günü durmadan yağışın yağdığını söyləyir. Məntiqi olaraq siz dünyanın müxtəlif ölkələrindən gəlmiş və keçmişdə bir sıra mühüm postlar tutan 49 nəfərə inanmağa meyillənəcəksiniz. Amma həmin o bir nəfər – təcrübəli metroloq həmin günü saatlar üzrə nə qədər yağıntının düşdüyünü sizə təqdim edəcək. O zaman sizə məlum olacaq ki, eyni mövqedən çıxış edən 49 nəfər günün müxtəlif vaxtlarında evdən çıxıblar və onların günəşli hava haqqında təsəvvürləri tam fərqlidir. Siz hətta onu da biləcəksiniz çoxluqdan olan bəziləri həmin gün yağışa düşsələr də, bunu etiraf etmirlər. O da məlum olacaq ki, bu şəxslərdən bəzilərinin günəşli havanın olduğunu deməsində öz maraqları var. Çünki onlar ailələrinin günəşli yerlərdə istirahət etməsini arzulayırlar. Sonda o da məlum olacaq ki, bu 49 nəfərdən heç biri metroloqun etdiyi müşahidələri, apardığı hesablamaları etməyib. Ona görə siz o nəticəyə gələcəksiniz ki, gələcəkdə həmin 49 nəfərdən hava proqnozunu soruşmağa dəyməz, sizin yalnız bir təcrübəli metroloqa ehtiyacınız var. 

Iflasa uğramış sistem

Oktyabrın 9-da Ilham Əliyev 85 faiz səslə 3-cü dəfə Azərbaycanın dövlət başçısı postuna sahib oldu. 2003-cü ildə Ilham Əliyev 77, 2008-də 89 faiz səs toplamışdı. 2013-cü ildə dünyanın müxtəlif ölkələrindən siyasətçilər Bakıya seçki müşahidəçisi kimi səfər etdilər. Azərbaycandakı seçkiləri ümumilikdə 55 beynəlxalq müşahidə missiyası izləyirdi. Bu müşahidə missiyalarının biri istisna olmaqla hamısı Ilham Əliyevin seçkidə qələbəsini təsdiqlədi. “Azərbaycanlılar azad, ədalətli və şəffaf seçkiyə nail oldular”, bu sözləri AŞ PA-nın və Avropa Parlamentinin müşahidə missiyalarının rəhbərləri deyib. AP-nın müşahidə missiyasının italiyalı rəhbəri Pino Arlakki və AŞ PA-dan olan, britaniyalı deputat Robert Volter mətbuat konfransında bu fikirləri də bəyan ediblər: “Biz Azərbaycana dərs deməyə və ya demokratik inkişafın sürətini ölçməyə gəlməmişik. Biz Azərbaycanın demokratiyaya keçidini təqdir etmək üçün burdayıq”.

Hökumət rəsmiləri gözləmədən hakimiyyətin qələbəsinin dünya tərəfindən tanındığının mesajını verdilər. Ilham Əliyevi razı qalmaq üçün bütün səbəbləri var idi. O təkcə hakimiyyəti ələ keçirmədi, o eyni zamanda çox arzuladığı beynəlxalq legitimliyi də ala bildi. Beynəlxalq müşahidəçilərin bir qrupu ümumi təriflə getməyə razılıq vermədi. Bu təşkilat ATƏT DTIHB idi. Bu əslində yenilik deyildi. Hələ 2008-ci ildəki seçkilərdəki qələbəsi ərəfəsində I.Əliyev ABŞ diplomatı ilə söhbətində belə demişdi: “Bizim seçkilər tamamilə azad və ədalətli keçiriləcək. Məsələ yalnız ATƏT DTIHB-nin nə deməsindədir. 

ATƏT-in hesabatı AŞ PA və AP-nın hesabatından kəskin formada fərqlənirdi. Müşahidəçilər bəyan etdilər ki, seçki prosesinin bütün mərhələlərində ciddi pozuntular müşahidə olunub. ATƏT seçki günü baş verənləri də demokratik seçki adına ciddi çatışmamazlıq sayıb. Baş verənlər Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərə də uyğun deyil. P.Arlakki nəinki ATƏT DTIHB-nin hesabatı ilə razılaşmadı, o hətta bir qədər irəli gedərək ATƏT-in hesabatı ilə digər beynəlxalq hesabatlar arasında fərqin səbəbinin izahını tələb edib: “DTIHB özünü ekspert adlandıranlardan təşkil olunub. Onların siyasi məsuliyyəti yoxdur, onların heç biri seçilmiş deputat deyil. Deməli, onlarla asanlıqla manipulyasiya etmək olar. Bizim qiymətləndirməmiz isə məsuliyyəti dərk edərək edilib. Biz seçkiləri növbəti dəfə müşahidə missiyasında iş yeri ala biləcəklərinə əmin olmaq istəyən ATƏT ekspertlərinə nisbətən daha yaxşı anlayırıq”.

Azərbaycanda keçirilən seçkilər beynəlxalq müşahidənin zəif cəhətlərini, böhranlı durumunu göstərdi. Bu böhran birdən yaranan hadisə deyildi. Azərbaycanda baş verənlər beynəlxalq müşahidənin dərin problemlərini ortaya qoydu. Bu problemlər gələcəkdə seçkilərin beynəlxalq müşahidəsinin obyektivliyi ilə bağlı ciddi şübhələr yarada bilərdi. 

Əliyevin keçirdiyi qalmaqallı seçkiyə fərqli qiymət verilməsi pis haldır. Ən azı, bundan sonra seçkilərə birmənalı qiymət verilməsini təmin etmək üçün sistem yenidən qurulmalıdır. Bu, azərbaycanlılarla yanaşı, bütün dünyada demokratik seçkini fundamental dəyər hesab edənlərin xeyrinə olar.

ATƏT DTIHB parlamentarilərə qarşı

“Demokratiya mütəmadi şəkildə keçirilən azad və ədalətli seçkilər vasitəsilə xalqın iradəsinin təzahürüdür” – ATƏM-in Parisdə keçirilən Yeni Avropa üçün xartiyasından. 1990-cı ildə ATƏT-ə (o zaman ATƏM) üzv ölkələrin Kopenhagendəki görüşündə bəyan olundu ki, istənilən hökumətin qanuniliyi xalqın iradəsinə əsaslanan azad və ədalətli seçkilərdən keçir. Berlin divarının süqutundan sonra “Soyuq Müharibə”nin sona çatması nəticəsində yaranan optimizm nəticəsində Avropa dövlətləri bir sıra standartlara və öhdəliklərə əməl edəcəklərini bəyan etdilər. Onlar 1990-cı ildə Kopenhagendə qəbul olunan sənəddə əksini tapıb. 

– Siyasi kampaniya yalnız azad və ədalətli atmosferdə, inzibati resurslardan, zorakılıq, qorxu üsullarından istifadə olunmadan, namizədlərə, onların tərəfdarlarına qarşı qisasçılıq həyata keçirilmədən baş tutmalıdır;

– Bütün namizədlərə, diskriminasiyaya məruz qoymadan KIV-lərə çıxış imkanı yaradılmalıdır;

– Səsvermə gizli keçirilməli və nəticələr qanunla nəzərdə tutulmuş zamanda açıqlanmalıdır.

Yeni Avropa üçün Paris xartiyasının davamı kimi bir neçə ay sonra mühüm bəyanat verildi. ATƏT-ə üzv ölkələrin rəhbərlikləri bütün Avropada demokratiyanın yayılması və möhkəmlənməsini ümumi idarəçilik metodu kimi qəbul etdilər. Bu tamamilə yeni eranın başlanğıcı idi.

1991-ci ildə ATƏT-ə üzv ölkələr eyni zamanda Demokratik Təsisatlar və Insan Haqları Bürosunu yaratdılar.  

1994-cü ildə Budapeştdə razılığa gəlindi ki, ATƏT ona üzv olan ölkələrdə keçirilən seçkilərdə daha aktiv rol oynamalı və seçkidən əvvəl, sonra monitorinq prosesi reallaşdırmalıdır. 

1999-cu ildə isə razılığa gəlindi və öhdəlik götürüldü ki, ATƏT DTIHB-nin hesabatlarına və tövsiyələrinə ölkə rəhbərlikləri dərhal reaksiya verməlidirlər. Avropa ölkələri öz üzərlərinə demokratik prinsipləri hər şeydən üstün tutmaqla bağlı öhdəliyi götürməyə də söz verdilər.

Seçki monitorinqi ilə bağlı aparılan prosesdə dönüş nöqtəsi Gürcüstanda 2003-cü ildə baş verən “qızılgül” və Ukraynadakı 2004-cü il “narıncı” inqilab idi. Bu ölkələrdə kütləvi aksiyalar seçkilərin total saxtalaşdırmasının nəticəsi olaraq başladı. Avtoritar liderlər anlamağa başladılar ki, seçkilərin nəticələrinin saxtalaşdırıldığının nüfuzlu beynəlxalq təşkilat tərəfindən elan olunması geniş kütlələri saxtakarlığa qarşı mübarizəyə mobilizə edir. Deməli, monitorinq ciddi problem və hətta potensial təhlükəyə çevrilməyə başlayır. 2006-cı ildə Belarusun xarici işlər naziri Sergey Martınov bəyan etdi ki, ATƏT bu gün bilərəkdən seçkilərdəki irəliləyişləri nəzərə almır.

2012-ci ilin mayında isə Putin 3-cü dəfə prezident seçiləndən sonra ölkənin baş diplomatı Sergey Lavrov bildirdi ki, ATƏT-in müşahidə missiyasının monitorinqi ikili standartlara əsaslanır. 

ardı var