Hakimiyyətin inqilab qorxusu

PA-nın təşkil etdiyi konfransda «ərəb baharı»nın mənfi tərəfləri önə çəkilir

 

Fuad Qəhrəmanlı: «Avtoritar rejimlər digər avtoritarların süqutunu faciə, dağıntı, xaos kimi təqdim etməyə çalışır»

Azərbaycan hakimiyyətinin ərəb ölkələrində baş qaldıran inqilab dalğası ilə bağlı narahatlığı səngimir. Bu proses başlayandan rəsmi mətbuatda və televiziyada bu inqilabların fəsadlara səbəb olduğu önə çəkilirdi. Noyabrın 7-də Bakıda Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə işinə başlayan “Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər” mövzusunda beynəlxalq konfrans da məhz bu inqilabların mənfi tərəflərini önə çəkmək məqsədi daşıyır. 

Son seçkilərdən sonra beynəlxalq aləmin təpkisi ilə üz-üzə qalan Azərbaycan hakimiyyəti cəmiyyətdə artan narazılıqlardan da narahatlıq keçirir. Bu səbəbdən səfirlərin də iştirak etdiyi konfransda “Ərəb baharını” təhlükəli amil kimi qələmə verməyə çalışır. Bu isə daha çox daxili auditoriyaya hesablanmış bir addımdır. 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı əslində “ərəb baharı”nın dünyada demokratik proseslərin inkişafında yeni bir mərhələ kimi qiymətləndirildiyini deyir. Bu proseslər göstərdi ki, demokratiya universal bir dəyərdir və hər yerdə keçərlidir. Bununla xalqların öz iradəsi hesabına avtoritar rejimlərdən qurtulmaq nümunuləri yarandı. Bu mənada “ərəb baharı”na dünyada münasibət pozitivdir. 

F.Qəhrəmanlının sözlərinə görə, demokratik rejimlər avtoritar rejimlərin süqutunu təqdir etdiyi kimi avtoritar rejimlər də digər avtoritarların süqutunu faciə, dağıntı, xaos kimi təqdim etməyə çalışır. Azərbaycan hakimiyyətinin təşkil etdiyi tədbir də bu inqilabları cəmiyyətə qorxulu bir proses kimi təqdim etmək məqsədi daşıyır. Hakimiyyət narahatdır ki, həyata keçirdikləri yarıtmaz siyasət, cəmiyyətdə böyük narahatlığa səbəb olan korrupsiya, özbaşınalıq üzündən Azərbaycan xalqı bir gün ayağa qalxıb bu rejimdən yaxa qurtara bilər. Ona görə belə təəssürat yaratmağa çalışırlar ki, demokratik xalq hərəkatları dağıntılara, qırğınlara aparır. Ancaq bu hadisələrin məsuliyyətini avtoritar rejimlərin üzərinə düşür. Çünki avtoritar rejimlər, o cümlədən Azərbaycan hakimiyyəti uzun illər xalqı zülmə məruz qoymasalar, demokratik institutların inkişafının qarşısını kəsməsələr, cəmiyyətdə kəskin qütbləşmə, nifrət yaratmasalar, bu təhlükəli qarşıdurmalar da baş verməz. 

AXCP sədri müavininin fikrincə, “ərəb baharı”ndan qaçmağın ən yaxşı yolu məhz dinc demokratik islahatların həyata keçməsidir. Əgər “ərəb baharı” pislənilirsə, bunun alternativi kimi ortaya islahatlar, demokratik dəyişiklik qoyulmalıdır.

Fizzə