“Azadlıq”ın çapı dayandırılır

Qəzetə qarşı maliyyə hücumunda təhlükəli gəlişmə

“Azərbaycan” nəşriyyatı “Azadlıq” qəzetinə noyabrın 12-dək vaxt verib. Həmin tarixədək qəzet nəşriyyata olan borcunu ödəməlidir. Əks halda nəşriyyat qəzetin çapını dayandıracaq və redaksiyanı yerləşdiyi otaqlardan çıxaracaq. Nəşriyyat rəhbərliyinin qəzetə göndərdiyi xəbərdarlıq məktubunda  buna açıq-aşkar işarə vurulub.
Nəşriyyatın baş direktoru Ağabəy Əsgərovun imzasıyla göndərilən xəbərdarlıq məktubunda yazılıb: “Azərbaycan” nəşriyyatı ilə redaksiyanız arasında bağlanmış müqavilələrə əsasən, 07.11.2013-cü il tarixinədək redaksiyanızın nəşriyyata çap xərclərinə görə 21410 manat, kommunal xərclərinə görə 2688 manat, cəmi isə 24098 manat debitor borcu yaranmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bu borcun ödənilməsi üçün Sizin tərəfinizdən kifayət qədər tədbir görülməmişdir ki, bunun da nəticəsində “Azərbaycan” nəşriyyatı çətin maliyyə durumuna düşmüşdür. Yuxarıdakıları nəzərə alaraq, 12.11.2013-cü il tarixinədək debitor borcların hissə-hissə ödənilməsini Sizdən xahiş edirik. Əks halda qəzetinizin çap edilməsi və digər xidmətlərin göstərilməsi nəşriyyatın maliyyə imkanları xaricində qalacaqdır”.

Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, nəşriyyata borcun yaranması “Qasid” mətbuat yayımı firmasının satdığı qəzetin pulunu ödəməməsidir: “Qasid” mətbuat yayımı firması satılan qəzetlərin pulunu xeyli müddətdir ödəmir. Bundan başqa, məhkəmə çəkişmələri ilə əlaqədar qəzetin hesabına həbs qoyulub və biz hesabımıza gələn pulları götürə bilmirik. Bir neçə məhkəmə qərarı ilə oktyabrın 24-dən “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub. “Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova qəzetin 32 min, Bakı metropolitenin rəisi Tağı Əhmədov isə 30 min manat cərimə olunması ilə bağlı məhkəmədə iddia qaldırıblar. Hər iki iddia təmin edilib. Üstəlik, Yasamal Rayon Məhkəməsi görünməmiş operativliklə Kəbirə Məmmədovaya 32 min manatı ödəmədiyimiz üçün daha 3 min cərimə kəsib. Hazırda “Azadlıq”dan 65 min manat tələb edilir. Biz isə bu məbləği vermək iqtidarında deyilik”.

Informasiya şöbəsi