Hakim, müstəntiq və prokurorun etirazına görə qərarından imtina etdi
7 noyabrda Səbail rayon Məhkəməsi jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin həbs müddətini 17 fevrala qədər uzadıb. Jurnalist məhkəməyə gətirilərkən “Ombudsman harada ölüb? Niyə gəlmir? Mən ona 50 dəfə müracit eləmişəm” deyərək məhkəmə zalına aparılıb. P.Həşimli məhkəmədə siyasi məhbus olduğunu və heç bir günahının olmadığını deyib.
Jurnalistin vəkili Elçin Sadıqov “Azadlıq” a bildirib ki, Həşimli ailəsinin evdə qanunsuz axtarış aparılması ilə bağlı şikayətləri təmin edilməyib. “Evdə qanunsuz axtarışın yeganə şahidi Pərviz Həşimlinin yoldaşı Ilahə Rüstəmova idi. Biz vəsatət qaldırdıq ki, onun ifadəsi alınsın. Hakim qadının dindirilməsinə razılıq versə də, müstəntiq və prokuror etiraz etdiyinə görə hakim də qərarından imtina elədi. O, vəsatəti təmin etmədi” – vəkil bildirib.
P.Həşimli məhkəmədə deyib ki, onun tutulması siyasi və jurnalist fəaliyyətinə görədir. O, səhhətinin çox pis olduğunu və iki dəfə bayılma keçirdiyini deyib. Həkim müdaxiləsindən sonra özünə gəldiyini bildirib. “Biz saxlanmanın qeyri-qanuni olduğunu bildirdik, amma məhkəmə yenə Pərvizin MTN-də saxlanılmasını qərara aldı” – vəkil deyib.
Vəkil axtarış və götürülmə protokollarının sürətinin onlara verilməsi barədə vəsatət versə də hakim təmin etməyib.
Pərvizin qayınanası deyib ki, Pərviz Həşimliyə silah gətirdiyini iddia edən Təvəkkül Qurbanov onların Gəncədə qonşusu olub. “O, Gəncədə dükan işlədirdi. Bir müddət dedilər Bakıda işləyir. Daha sonra eşitdik ki, bu adamların üzünə durub bu yolla pul qazanır”.
Məhkəməyə gələn AXCP sədrinin müavini Gözəl Bayramlı deyib ki, Pərviz AXCP üzvü olduğuna, jurnalist fəaliyyətinə görə həbs edilib. “Bu gün onun həbs müddətinin uzadılması göstərdi ki, onun həbsinin sifarişi birabaşa hakimiyyətin ən yüksək eşalonundan gəlib. Hədəfdə AXCP sədri Əli Kərimlidir. Pərvizə Əli Kərimlinin əleyhinə ifadə vermək təklif olunub. Pərvizə ancaq bundan sonra azadlıq verəcəklərini deyiblər. Pərviz də vətəndaş mövqeyi nümayiş etdirərək, əsl cəbhəçi dəyanəti göstərərək buna getməyib. AXCP olaraq Pərvizin arxasındayıq. Həm Pərvizin özünə, həm ailəsinə dayaq duracağıq. Biz imkan verməyəcəyik ki, bir Azərbaycan insanını, bir jurnalisti sındırsınlar. Çox təəssüf edirəm ki, hakimiyyət Pərvizin o uşağını gözü yaşlı qoyub. Hətta bu hakimiyyətdəkilər insani hisslərini də itiriblər”.
Məhkəməyə Pərviz Həşimlinin 5 yaşlı qızı Zeynəb də gətirilmişdi. Onun qızı ilə məhkəmə zalında görüşməsinə icazə verilmədi. Zeynəb atasının getdiyini görən kimi “mən atamı istəyirəm” deyə ağlayaraq anasının qucağına sığındı.
Pərviz Həşimli sentyabrın 17-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə ittiham irəli sürülüb.
Sevinc Vaqifqızı