Prezident Aparatından rok konsertə qadağa

Martın 18-də Bakı Rok klubunda Azər Məmmədovun rok konsertinə qadağa qoyulub. İctimai mövzularda, insan haqları və azadlıqları barədə rok mahnılar yazan və oxuyan Azər Məmmədov deyir ki, konsertə iki saat qalmış klub işçiləri ona yaxınlaşıb, rəhbərliyə Prezident Aparatından zəng gəldiyini və bu məkanda konserti keçirməyin qadağan olunduğunu bildiriblər.

Azər Məmmədov İstanbulda yaşayır və onun yazdığı mahnılar sosial şəbəkələrdə böyük populyarlığa malikdir. Akustik gitarın müşayiətilə oxuduğu mahnılara populyar “Lazım gəldi”, “Divar”, “Azad edin” mahnıları da daxildir. “Azad edin” mahnısı Azərbaycanda həbs olunmuş iki bloqçu Emin Milli və Adnan Hacızadəyə həsr olunmuşdu.

Rok bəstəkar və ifaçı konsert keçirmək niyyətindən daşınmadığını və bunu mümkün olan kimi həyata keçirəcəyini deyib (“Azadliq” radiosu).