Dünəndən bəri ən çox müzakirə olunan məsələ tezliklə gözlənilən bahalaşma xəbəridir. Avtobuslardan çayxanalaradək əksəriyyət indi bu haqda danışır, donquldanır. Bəli, biz istəsək də, istəməsək də, artıq Azərbaycanda xalqın öz gündəmi var və orada demokratiya, azadlıqlar, çağdaş, tərəqqipərvər dünyaya inteqrasiya kimi məsələlər heç sonuncu yerdə də dayanmır.
Sən istədiyin qədər üçüncü müddətə prezidentliyin antidemokratik olduğunu de…
Bunun Azərbaycanı dünyanın ən çağdışı ölkələri ilə bir sıraya qoyacağını söylə…
Azərbaycanın yeniləşən dünyadakı etibarını kökündən yox edəcəyindən danış, çifayda! Çoxluq üçün bütün bunlarda maraqlı və düşündürücü olan heç nə yoxdur.
Onun gündəmi bir qarın çörəkdir, işıqpulu, qazpuludur. Supulu, zibilpuludur.
Çoxluq yalnız həyatı, məişəti ilə birbaşa bağlı olan məsələlərə reaksiya verir, onu öz çayxana gündəminin ön sırasına oturdur, öz “avtobus manşeti”nə çıxarır.
Əlbəttə, adamlara hətta mətbəxlərindəki xırda bir problemin də kökünün əslində ölkənin yanlış idarə edilməsinə, doğru yolda olmamasına gedib çıxdığını izah etmək çətindir. Kütlənin sualları başqadır. Həm başqadır, həm də konkret. Ona görə də cavablar da konkret olmalıdır. Lap “bahalaşma olacaq, yoxsa ucuzlaşma?” kimi.
Cavab “bahalaşma olacaq”dırsa, onsuz da bir-iki gün dodaq altından donquldanıb, qaş-qabaq sallayıb susacaq.
Yox, əgər cavab “ucuzlaşma olacaq”dırsa, danışmağa dəyməz, onsuz da heç kim inanmayacaq.
Indi bizdə əksəriyyət üçün “Avropa Ittifaqı, yoxsa Avrasiya ittifaqı?”, “monarxiya, yoxsa respublika?” kimi suallar sadəcə, mövcud deyil. Bu suallar ancaq bəlli bir çevrəni düşündürür, qayğılandırır.
Biz bunu ən parlaq şəkildə seçki öncəsi gördük. Əksəriyyət hər seçkidən əvvəl baş verən maaş və pensiya artımının bu dəfə neçə faiz olacağını müzakirə edirdi, nəinki artıq özünün və ölkəsinin həyatını dəyişmək, yeniləmək imkanlarını.
Gəlin bir az da ucuzluqdan danışaq…
Indi gözlənilən yeni qiymət artımlarına dodaq büzənlərin bir fikri ilə isə heç razılaşmaq olmur. Deyirlər ki, nə vaxta kimi, bahalaşdıra-bahalaşdıra gedəcəklər, bir dəfə isə ucuzlaşdırsınlar.
Amma fərqində deyillər ki, Azərbaycanda ucuzlaşma da baş verir və bunu görməmək insafsızlıqdır.
Hər gün bir az da ucuzlaşır insanlar bu ölkədə. Bir az da dəyərsizləşir. Nə səsinin qiyməti qalır, nə iradəsinin, istəyinin.
Ölümlər belə artıq çox ucuzdur: “əsgər yoldaşını ehtiyatsız güllələmək”dən tutmuş “həkim səhlənkarlığı”nadək.
Həkim səhlənkarlığı ha! Bir yanlış diaqnoz ucbatından, pul ehtirası üzündən bir insan həyatı qaralır, bir ocaq sönür və bunun adı olsa-olsa, “həkim səhlənkarlığı”dır. Amma sadəcə, “azad seçki” çağırışı etmək, “rüşvətə yox” demək, ədalət, özgürlük istəmək – dələduzluqdur, terrora cəhddir, xuliqanlıqdır.
Polad Ələmdar üçün işıqpulu
Yadıma gəlir, bu ilin əvvəllərində Bakıda “əsgər ölümlərinə yox” aksiyaları keçirilirdi, amma həmin vaxt ölkədə böyük çoxluğun gündəmində əsgər ölümləri yox, Polad Ələmdarın ölümü vardı.
Əksəriyyət bunu müzakirə edirdi: Polad Ələmdar həqiqətən ölübmü? Növbəti seriyaların birində dirilə bilərmi? Polad Ələmdar ona görəmi öldürüldü ki, bu rolu oynayan aktyora başqa bir rol təklifi gəlib?
Indi isə “əsgər ölümlərinə yox” deyənlər qurama ittihamlarla, siyasi sifarişlə mühakimə olunur, onlara “məhkəmə” adı altında məzhəkə qurulub. Polad Ələmdar isə əlhəmdülillah, sağdır, turp kimidir, hətta seçkiqabağı seriyaların birində Ilham Əliyevə dəstək də verdi. Və əminəm ki, nə qədər adam öz qərarını Cəmil Həsənlinin danışdıqlarına görə yox, Polad Ələmdarın dediklərinə görə verdi.
Indi də işığın-zadın qiymətini qaldırmaq istəyirlər, narazılıq edirsiniz.
Çox nahaq yerə. Polada baxa bilmək üçün nə qədər işıqpulu istəsələr, gərək “mıkk” eləmədən, dodaq büzmədən çıxarıb verəsiniz.
Axı Poladın Azərbaycanda işi hələ çoxdur.
O hələ 2015-ci ildə bizə deputat da seçməlidir.