Avropa Stabillik Təşəbbüsü «Rüsvayçılıq: Azərbaycan və bizim bildiyimiz seçki monitorinqinin sonu» adlı hesabat hazırlayıb
«ATƏT nümayəndələrinin Azərbaycandakı seçkidə gördükləri indiyə qədər müşahidə apardıqları ölkələr arasında ən pisdir»
“Avropa Stabillik Təşəbbüsü” təşkilatı Azərbaycanda keçirilmiş prezident seçkiləri zamanı beynəlxalq müşahidəçilərin qalmaqallı rəylərilə bağlı məsələni yenidən gündəmə gətirib. Təşkilat bu istiqamətdə araşdırma apararaq, 33 səhifəlik hesabat hazırlayıb. “Rüsvayçılıq: Azərbaycan və bizim bildiyimiz seçki monitorinqinin sonu” adlı hesabatın qısa xülasəsini təqdim edirik:
***
Azərbaycanın Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, bu ölkədə oktyabrın 9-da keçirilən prezident seçkisini 50 müxtəlif beynəlxalq təşkilatdan olan 1300 müşahidəçi izləyib. Bu qrupların 49-u seçkinin şəffaf, ədalətli keçdiyini, Avropa standartlarına cavab verdiyini bildirib. Beynəlxalq müşahidəçilərdən ibarət bir qrup – ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu isə bu cür seçkini tərifləməkdən imtina edib.
Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasından olan nümayəndə heyətləri də seçkinin azad, şəffaf və ədalətli keçdiyi haqda rəy verib. Avropa Parlamentinin müşahidə qrupunun rəhbəri Pino Arlakki ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun verdiyi rəyi şübhə altına alıb.
Bununla belə, seçkilərin ciddi müşahidəsi xüsusi səylər tələb edir. Yalnız ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun uzunmüddətli müşahidəçilər və ekspert qrupları bu ölkəyə seçkidən bir neçə həftə əvvəl gəlmişdilər. Bu qurumun həmçinin çoxlu sayda qısamüddətli müşahidəçiləri də olub. Bütövlükdə ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu ölkədəki 5273 məntəqədən 1151-də seçkinin gedişini izləyib. Onlar kütləvi saxtakarlığın şahidi olublar. Bu qurumun müşahidəçiləri həmçinin 125 seçki dairəsindən 105-də səslərin sayılması prosesini izləyiblər. Səslərin sayılması prosesi dəhşətli olub: müşahidə aparılan seçki məntəqələrinin 58 faizində proses pis və ya çox pis qiymətləndirilib. Çox güman ki, ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun Azərbaycanda gördükləri indiyədək müşahidə apardığı seçkilər arasında ən pisidir.
Bu ilin oktyabrında Bakıda baş verənlər seçkiləri beynəlxalq müşahidə sisteminin işləmədiyini ortaya qoydu.
Beynəlxalq müşahidəçilər seçkinin Avropa və beynəlxalq standartlara cavab verib-vermədiyinə dair sənədləşdirilmiş müşahidə əsasında obyektiv rəy verməlidir. Bu, seçkinin nəticələrilə bağlı mübahisələrin qarşısının alınması, beynəlxalq birliyin seçki keçirilən ölkənin hökumətilə münasibətlərinin tənzimlənməsi baxımından da vacibdir. Bunun üçün də dəqiq və şəffaf metodologiya tələb olunur.
Bir qayda olaraq, qısamüddətli müşahidəçilər ölkəyə səsvermədən iki gün əvvəl gəlirlər. Onlara seçki kampaniyası barədə ətraflı məlumat verilir. Qayda belədir ki, onlar bir gün əvvəl hökumət və müxalifət nümayəndələri, həmçinin QHT və KIV təmsilçilərilə görüşürlər. Müşahidəçilərin say məhdudluğuyla əlaqədar onlar seçki günü bir neçə məntəqəyə baş çəkə bilirlər.
ATƏT Parlament Assambleyası iddia edir ki, uzunmüddətli müşahidə aparmadan və hansısa metodologiyaya əməl etmədən də seçkinin beynəlxalq standartlara uyğun olub-olmadığına dair rəy vermək olar. Çünki o müşahidəçiləri təşkilat seçib göndərir. Bu arqument absurddur, amma ciddi iddiadır. Bu arqument mübahisə predmeti ola bilməz, çünki beynəlxalq mətbuat və digər parlamentarilər həmin təşkilatların nüfuzuyla əlaqədar narahatlıqlarını ifadə ediblər.
Avropada seçkilərin müşahidəsi məsələsi Avropa Parlamenti, Avropa Şurası, ATƏT-in Parlament Assambleyasında qərar qəbul edənlər və Avropa hökumətlərinin Azərbaycanla bağlı qalmaqala verəcəkləri reaksiyadan asılı olacaq.
Faktların təhlili, həmçinin beynəlxalq müşahidəçi qruplarının eyni seçki ilə bağlı bir-birindən belə kəskin fərqlənən rəy vermələrinin səbəblərinin araşdırılması çox vacibdir. Eyni zamanda, uzunmüddətli və qısamüddətli müşahidəçilər arasında münasibətlərə yenidən baxılmalıdır.
Əliyevin keçirdiyi qalmaqallı seçkiyə fərqli qiymət verilməsi pis haldır. Ən azı, bundan sonra seçkilərə birmənalı qiymət verilməsini təmin etmək üçün sistem yenidən qurulmalıdır. Bu, azərbaycanlılarla yanaşı, bütün dünyada demokratik seçkini fundamental dəyər hesab edənlərin xeyrinə olar.
Siyasət şöbəsi