Qəzetə qarşı gizli məhkəmə quruldu; redaksiyadan birdəfəlik tələb olunan cərimə 65 min manata çatdı
Məlum olduğu kimi Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetini məhkəməyə vermişdi. Məhkəmə Tağı Əhmədovun iddiasını təmin edərək qəzetin 30 min manat cərimələnməsi haqqında qərar çıxarmışdı. Tağı Əhmədovla razılaşmaya əsasən qətnamə ilə tələb olunan məbləğin hissə-hissə ödənilməsi qərara alınmışdı. Hətta bu barədə məhkəmə qərarı da var idi. Diqqətinizə çatdırmaq istəyirik ki, Tağı Əhmədov mayın 6-da bununla bağlı “Media forum” saytının sualını cavablandırarkən deyib ki, o, cərimənin ödənilməsindən imtina etmək niyyətində deyil. Saytın “Qəzetlə bağlı hansı güzəştli addımı ata bilərsiniz” sualına Bakı Metropoliteninin rəisi belə cavab verib: “Mən o addımı atmışam. Getsinlər cəriməni 10 ilə ödəsinlər. Aya 300-400 manat düşür”.
Lakin bu gün bəlli olub ki, Tağı Əhmədovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsi oktyabrın ayının 25-də “Azadlıq” qəzetinin metropoliten rəisinin iddiası üzrə çıxarılmış qətnamədə tələb olunan məbləğin dərhal ödənməsi barədə qərar çıxarıb. Beləliklə də, Tağı Əhmədovla “Azadlıq” arasındakı cərimənin hissə-hissə ödənilməsi barədə razılaşma ləğv edilib.
Məsələnin maraqlı tərəfi odur ki, Tağı Əhmədov şikayətində guya vəkilinin onu düzgün başa düşməməsini əsas gətirib. Metropoliten rəisi bildirib ki, o, cərimənin 3 aya ödənilməsinə razılıq verib. Amma Tağı Əhmədovun “Media Forum” saytına açıqlamasından görünür ki, o, cərimənin hətta 10 il müddətinə ödənilməsinə də razıdır.
Başqa bir məqam. “Azadlıq”a oktybarın 25-də keçirilən məhkəmə barədə heç bir məlumat verilməyib. “Azadlıq”la Tağı Əhmədov arasındakı razılaşmanın ləğv olunması barədə qərar faktiki olaraq gizli çıxarılıb.
Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı da “Azadlıq”a açıqlamasında bildirib ki, bu barədə qəzet məlumatlandırılmalı idi. “Qəzetin məlumatı olmadan belə bir qərarın çıxarılması onun obyektivliyini şübhə altına alır”, – deyə Rəşid Hacılı vurğulayıb.
O, əlavə edib ki, eyni zamanda məhkəmə qəzetin maddi vəziyyətini nəzərə almalı idi: “Çünki əgər qəzetin kəsilən cəriməni birdəfəlik ödəmək imkanı olmaya-olmaya belə tələblə üzləşirsə, bu onun bağlanması ilə nəticələnə bilər”.
Tağı Əhmədovun razılaşmanı pozması də “Azadlıq”la bağlı kritik dövrə təsadüf edir. Oktyabrın 14-də “Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiası üzrə çıxarılmış qərarın icrasının təmin olunması üçün qəzetə 10 gün vaxt verilib. Məlumat üçün deyək ki, Kəbirə Məmmədova “Azadlıq”dan 32 min manat tələb edir. “Azadlıq” bu vəsaiti 10 gün müddətində ödəyə bilmədiyinə görə qəzetin bank hesabına həbs qoyulur. Ardınca qəzet icranı təmin etmədiyinə görə daha 3 min manat cərimələnir. Oktyabrın 25-də isə Tağı Əhmədov məlum razılaşmanı pozur və bununla bağlı məhkəmə qərar çıxarır.
Hadisələrin ard-arda baş verməsinin təsadüf olduğu inandırıcı görünmür. Proseslər onu deməyə əsas verir ki, bütün bunların arxasında Azərbaycan hakimiyyəti dayanır. Məqsəd isə Azərbaycanda azad sözün son qalalarından olan “Azadlıq”ın bağlanmasına nail olmaqdır.
Bununla da qəzetdən dərhal ödənilməsi tələb olunan cərimənin məbləği 65 min manata çatdı.
Azad