Baş Prokurorluğun hədəf seçdiyi «Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi» kimə məxsusdur?
Baş Prokrurluq “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” Ictimai Birliyi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” IB-nin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə əlaqədar Ədliyyə Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində araşdırılıb.
Araşdırmalar zamanı birliyin vəzifəli şəxsləri tərəfindən 2010-2013-cü illərdə IB-nin hesablaşma hesabına daxil olan pul vəsaitlərinin xərclənməsi zamanı maliyyə pozuntularına yol verilməsində, qrant müqaviləsi əsasında ayrılmış 43,0 min ABŞ dolları məbləğində vəsaitin təyinatı üzrə istifadə edilməyərək xarici ölkə vətəndaşının hesabına köçürülməsində, Təhsil Nazirliyi və “Azərbaycan Universiteti” MMC ilə keçirilən birgə layihələrin icrası zamanı büdcə vəsaitlərinin istifadəsində qanun pozuntularına yol verilməsində, zəruri sənədlər tərtib edilmədən xidmət haqqı kimi kənar müəssisəyə 10 min 500 manat, digər müəssisəyə isə 16 min 800 manat pul vəsaitinin nağd şəkildə ödənilməsində və sair maliyyə pozuntularına yol verilməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
“Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” IB-nin rəhbəri Ülviyyə Mikayılova isə virtualaz.org saytına açıqlamasında pul vəsaitlərinin xərclənməsində maliyyə pozuntusuna yol verilmədiyini bildirib: “Təşkilatımızda Ədliyyə Nazirliyi tərəfindən yoxlamalar aparılıb. Yoxlamalar zamanı 6 akt tərtib edilib və izahat istənilib. Ədliyyə Nazirliyi aktları Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə təqdim edib”.
Ü.Mikayılovanın sözlərinə görə, Ədliyyə Nazirliyinə, eləcə də Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə izahat təqdim olunub: “Rəhbərlik etdiyim təşkilat pul köçürmələrini, vəsaitin xərclənməsini qrant müqaviləsinə uyğun həyata keçirib. Biz müqavilədən kənara çıxmamışıq. Təşkilata köçürülən vəsaitin xərclənməsinə gəldikdə isə bölgələrdə keçirilən seminarlarda tədbir iştirakçılarına yemək alınıb”.
Virtualaz.org-un apardığı araşdırmalar zamanı bəlli olub ki, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” IB-nin faktiki rəhbəri əslində ayrı şəxsdir, Ü.Mikayılova isə formal rəhbərdir. Belə ki, bu qeyri-hökumət təşkilatı faktiki olaraq Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) sədri Elmina Kazımzadəyə məxsusdur, onun tərəfindən yaradılıb. Sayt yazır ki, E.Kazımzadə isə sabiq təhsil naziri Misir Mərdanovun ən yaxın kadrı, etibarlı adamı kimi tanınır. Bu halda belə nəticə ortaya çıxır ki, Baş Prokurorluq əslində M.Mərdanovun kadrına qarşı korrupsiya ittihamı irəli sürüb.


