Hakimiyyətdə Rusiyapərəst qüvvələr “vurula” bilər

İlham Əliyev üçün Kremlin «minaları»nı təmizləmək zərurəti yaranıb

Hakimiyyətdə kadr dəyişiklikləri dalğası gözlənilir. Hakimiyyət daxilindən “Azadlıq”a sızan məlumata görə, bu dəfə hədəfdə rusiyapərəst qüvvələr ola bilər. Məlumatda bildirilir ki, Ilham Əliyev Vilnüs sammitində iştiraka meylli görünür.
Böyük ehtimalla ölkə başçısı son anda Qərblə əməkdaşlığı davam etdirmək qərarı verəcək. Bu isə təbii ki, Rusiyanı qıcıqlandıra və Kremlin Azərbaycan hakimiyyətindəki  “minaları” işə salına bilər. Ona görə də Ilham Əliyev üçün qabaqlayıcı tədbir kimi bu “minaları” təmizləmək zərurəti yaranır.
Yada salaq ki, Rusiya Azərbaycanın Avrasiya Ittifaqına daxil olmasında israrlıdır. Vladimir Putin hər cür təzyiq vasitəsindən istifadə edir ki, Bakı Qərblə əməkdaşlığı dayandıraraq Kremlin hamiliyini qəbul etsin. Ilham Əliyev üçün isə bu qərarı vermək o qədər də asan deyil. Çünki Azərbaycanın iqtisadi cəhətdən əsasən Qərbdən asılıdır. Digər tərəfdən də hakimiyyəti Qərb ölkələrində çox böyük maliyyə vəsaitləri saxlayır.

İnformasiya şöbəsi