Qazın, suyun, işığın və… benzinin qiyməti gələn ildən qalxacaq
Gələn il ölkədə qiymət artımının baş verəcəyi bir neçə ay əvvəldən proqnozlaşdırılırdı. Hökumətin yeni qiymət artımına hazırlaşdığını parlamentin müzakirəsinə çıxarılacaq 2014-cü ilin büdcə layihəsindən də görmək mümkündür.
Bir neçə gün əvvəl iqtisadçı-ekspert Rövşən Ağayev bildirdi ki, hökumətin büdcə təşkilatlarına kommunal xərclərin ödənməsi və yanacaq materiallarının alınması üçün xərcləri artırmaq planları 2014-cü ildə bu xidmətlərə görə tariflərin arta biləcəyindən xəbər verir. Dövlət büdcəsindən kommunal və kommunikasiya xərclərinin ödənilməsinə 2013-cü illə müqayisədə təxminən 84,8 faiz çox vəsait ayrılacaq. Rəqəmlərin analizi yüksək baza inflyasiyasını proqnozlaşdırmağa əsas verir.
Ekspertin sözlərinə, hökumət neft gəlirlərinin azalmasını inflyasiya hesabına kompensasiya etmək istəyir. Çünki bu qədər kəskin artımın büdcə təşkilatlarının kommunal xidmətlər üzrə istehlakının genişlənməsilə bağlı olması mümkünsüzdür. Bu xərclər ya istehlak çoxaldıqda, ya da həmin xidmətlər üzrə tariflər bahalaşanda artırılır. Büdcə təşkilatlarının birdən-birə istehlakı bu qədər artıracağı mümkün görünmür. Bu isə enerji daşıyıcılarının və digər kommunal xidmətlərin tariflərinin bahalaşacağını deməyə əsas verir.
Bu açıqlamanın ardınca Milli Məclisin sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli də mətbuata açıqlamasında gələn ilin büdcə layihəsində kommunal və kommunikasiya sektoru üzrə xərclərin artırılmasının proqnozlaşdırıldığını təsdiqləyib. Millət vəkili xərclərin artılmasının tariflərə təsir göstərəcəyini də deyib.
Bahalaşmanın olacağını dolayısı ilə maliyyə naziri Samir Şərifov da təsdiqləyib. O, 2014-cü ilin büdcəsi parlament komitəsində müzakirə edilən zaman deyib ki, kommunal xidmət tariflərinin artması təbiidir. Onun sözlərinə görə, artım təşəbbüskarları “Azərenerji”, “Azərsu” və “Azəriqaz”dır. «Bu müəssisələr təsərrüfat hesabı ilə işləyir. Əmək haqqı və başqa artım üçün tariflər dəyişməlidir”, – deyə maliyyə naziri bildirib. S.Şərifov qiymətlərin artımının onun rəhbərlik etdiyi strukturun səlahiyyətinə daxil olmadığını, məsələyə Tarif Şurasının qərar verdiyini xatırladıb.
Bəs görəsən, Tarif Şurasına hər hansı bir struktur belə bir müraciət edibmi?
Iqtisadiyyat və sənaye nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev kommunal xidmətlərin və enerji daşıyıcılarının qiymətlərinin artırılması ilə bağlı Tarif Şurasında hər hansı məsələ müzakirə olunmadığını bildirdi. Nazirlik sözçüsü ümumiyyətlə belə bir məsələnin gündəlikdə olmadığını da qeyd etdi.
Öz növbəmizdə bildirək ki, hər bir halda büdcənin təhlili və ekspertlərin proqnozları bunun əksini deməyə əsas verir. Tariflərin artıb-artmayacağı isə yaxın zamanda məlum olacaq.
Fizzə