Aprelin 2-də gənclik öndə olacaq

İctimai Palatanın aprelin 2-nə təyin etdiyi mitinqində gənclər ön sırada olacaqlar. IP-ya daxil olan AXCP və Müsavat Partiyalarının gənclər təşkilatları qarşıdakı aksiyanın yaddaqalan etmək üçün ciddi hazırlaşırlar. Hər iki təşkilatın təmsilçisi ilə söhbətimizdən bəlli oldu ki, aprelin 2-də gənclər bir sıra sürprizlərə imza atacaqlar.

“Çalışacağıq ki, budəfəki aksiyada gənclərin iştirakı pərakəndə yox, daha mütəşşəkil şəkildə olsun”

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirdi ki, təkcə partiya üzvü olan gənclərin deyil, eyni zamanda bitərəf gənclərin də aksiyaya cəlb olunması üçün ciddi təbliğat işi aparırlar. Aksiya ərəfəsində gənclərin partiya rəhbərliyi ilə genişləndirilmiş müşavirəsini keçirməyi də planlaşdırdıqlarını söyləyən Ə.Qurbanlı vurğuladı ki, çalaşacaqlar ki, IP-nın aksiyaysı yadda qalan olsun: “Çalışacağıq ki, budəfəki aksiyada gənclərin iştirakı pərakəndə yox, daha mütəşşəkil şəkildə olsun. Əvvəlki aksiyaların təcrübələrindən yararlanmaqla yanaşı, budəfəki mitinqdə bəzi fərqli taktikalar da reallaşdıracağıq”.

“Müsavatçı gənclər də aksiyaya ciddi hazırlığa start veriblər”

Müsavat Gənclər Komitəsinin sədr müavini Səxavət Soltanlı da bildirdi ki, müsavatçı gənclər də aksiyaya ciddi hazırlığa start veriblər. Martın 12-dəki aksiyanın təcrübəsindən IP-nın mitinqində də yararlanacaqlarını deyən S.Soltanlı vurğuladı ki, aprelin 2-dəki aksiyaya hazırlıq son günə qədər davam edəcək: “Müvafiq strukturlara aksiyaya hazırlıqla bağlı partiyada göstəriş verilib. O cümlədən Gənclər Təşkilatı da aksiyaya ciddi hazırlaşır. Ümumiyyətlə, biz bu cür tədbirlərə mütamadi hazırlaşırıq”.

Xəyal