Liderlərin hədəfə götürülməsi təsadüfi deyil

Həsən Kərimov: «Azərbaycan xalqı Əli Kərimlini də yaxşı tanıyır, İlham Əliyevi də»

Hökumətin nəzarətində olan telekanallar və qəzetlər Ictimai Palatanın aprelin 2-dəki aksiyası ərəfəsində müxalifətin ünvanına ittihamlar yağdırmağa başlayıb. AXCP sədri Əli Kərimli və Müsavat başqanı Isa Qəmbərin ünvanına açıq təhqirlər edilir. Bu sırada xüsusilə aktivliyi YAP-ın təsisçisi olduğu “Yeni Azərbaycan” qəzeti göstərir.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirdi ki, hakimiyyətin hazırda apardığı “qara piar” kampaniyası iqtidarın xislətindən irəli gəlir. Belə bir kampaniyanın aparılması barədə göstərişin birbaşa dövlət başçısından gəldiyinə şübhə etməyən H.Kərimov vurğuladı ki, amma yürüdülən siyasət gözlənilən nəticəni verməyəcək: “Azərbaycan xalqı Əli Kərimlini də yaxşı tanıyır, Ilham Əliyevi də. Ilham Əliyev başda olmaqla hazırkı komandanın nəyə qadir olduğunu, millətin başına hansı bəlaları gətirdiklərini hamı gözəl bilir. Hakimiyyət çox gözəl bilir ki, Azərbaycan xalqı seçim etməyə hazırlaşır və bu seçim heç də hazırkı hakimiyyətin iqtidarda saxlanmasını nəzərdə tutmur. Ona görə hakimiyyət bütün bunlardan ciddi narahtlıq keçirir. Çünki gözəl bilir ki, AXCP cəmiyyətin aktivləşdirilməsinin önündə gedir. Ona görə də onun sədri Əli Kərimli hakimiyyətin ”qara piarı” ilə üzləşir”.

Arif Hacılı: “Xalq AXCP və Müsavatı yenə dəyişikliklərə aparan qüvvə kimi qəbul edir”

Müsavat Icra Aparatının rəhbəri Arif Hacılı da bildirdi ki, IP-nin aksiyası ərəfəsində müxalifət liderlərinin hakimiyyətin nəzarətində olan KIV-lərdə hədəfə alınması təsadüfi deyil: “Görünür, Müsavat başqanı Isa Qəmbər və AXCP sədri Əli Kərimlinin mövcudluğu yaranmış siyasi situasiyada hakimiyyəti narahat edir. Hakimiyyət hazırda cəmiyyətin aktivləşməsindən ciddi təşviş keçirir və bu hiss də gizlədilmir. Xalq AXCP və Müsavatı yenə dəyişikliklərə aparan qüvvə kimi qəbul edir. Ona görə də bu üzdən hakimiyyət öz düşüncəsində bu qüvvələrə qarşı ”qara piar” kampaniyası aparmaqla preventiv tədbirlər gördüyünü düşünür”.

Xəyal