Ziyafət Əsgərov hesab edir ki, bir sülalənin uzun illər hakimiyyətdə qalması daha doğru siyasətdir
Hakimiyyət Ilham Əliyevin üçüncü dövr prezidentliyinin xalq və ölkə üçün uğurlu olacağını göstərməyə çalışır. Ritorikalar da sabitlik və iqtisadiyyatın güclü inkişafı üzərində qurulub.
Iqtisadçı ekspertlər isə hər dəfə hökumətin təqdim etdiyi rəqəmləri təhlil etməklə onların populist çıxışlarının boş sözdən ibarət olduğunu konkret faktlarla ortaya qoyurlar. Ancaq bütün bunlar hökuməti təmsil edənlərə dərs olmur.
Vitse-spiker Ziyafət Əsgərov Milli Məclisin iclasında Ilham Əliyevin legitimliyinə don geyindirmək üçün yenə Avropanı ittiham edib. Bildirib ki, bu gün Avropa ölkələrində baş verən iqtisadi böhran xalqa verilən populist vədlər nəticəsində yaranıb: “Hakimiyyətlərin tez-tez dəyişməsi nəticəsində hakimiyyətə gələn qüvvə xalqa populist vədlər verir və bunları yerinə yetirmək üçün xarici borclanmaya girir. Bu da sonda ölkə iqtisadiyyatının çöküşünə gətirib çıxarır”.
Vitse-spikerin bu açıqlaması o deməkdir ki, hakimiyyətdə bir nəfərin uzun müddət qalması daha uğurlu siyasət yürüdülməsinə şərait yaradır.
AXCP sədrinin müavini Gözəl Bayramlı Ziyafət Əsgərovun bu açıqlamasının məntiqə uyğun olmadığını deyir: “Uzun müddət hakimiyyətdə qalan sülalə rejiminə xidmət edən bir adamın belə bir açıqlama verməsi absurddur. Avropada demokratik dəyərlər üstünlük təşkil etdiyi bir vaxtda, Ziyafət Əsgərovun diktatura rejiminə qahmar çıxması ölkənin hansı bu quruluşla idarə olunmasının etirafıdır. Ziyafət Əsgərov demək istəyir ki, demokratiyadansa diktatura, avtoritar idarəçilik daha doğrudur. Bu açıqlama ilə hökumət bir daha özünü biabır edir”.
Ramin DEKO