İlham Əliyevin canavar sürüsü

Bu gün məhkəmə başlayır. Ismayıllı olaylarına görə həbs edilmiş siyasətçilərin və sadə vətəndaşların məhkəməsi.  Cəsur müsavatçı Tofiq Yaqublunun, siyasətə yeni addımlayan Ilqar Məmmədovun və söyüldüklərinə görə etiraz edən Ismayıllı sakinlərinin məhkəməsi hələ başlamadan bir neçə məntiqi sualla üz-üzədir. Niyə Ismayıllı olayına səbəb olan adamların heç biri həbs edilmədi? Xalqı söymək ağır cinayət deyil, amma bu söyüşə etiraz etmək ağır cinayətdir? Ya da iki siyasətçinin gəlib bu insanlarla, etirazları izləyən jurnalistlərlə iki-üç dəqiqəlik söhbət edib vəziyyətlə tanış olub geri qayıtması o qədərmi qorxuludur? Məhkəmə hələ başlamdan ayaq altına qoyduğu qanunların iniltisi gəlir. 

Toyuq satıb həbsxanaya yemək aparan insanlarla insanları toyuq yerinə qoymayıb təhqir edənlərin arasında gedəcək bu məhkəmə çəkişməsi. Məsələ o deyil ki, bu məhkəmə ədalətli olacaq, ya yox. Hamı bilir ki, ədalət-filan olmayacaq. Amma heç kim bilmir ki, bu məhkəmə çəkişməsi bizi hara çəkəcək. Heç kim bilmir ki, bu dartışmada kimin son aqibəti nə olacaq. Tutaq ki, Tofiq Yaqubluya və ya başqalarına həbs verdilər. Verəcəkləri də gözlənilir. Bu nəyi dəyişəcək? Ilham Əliyevin gücünə güc qatacaq? Xeyr, sadəcə, ədaləti məhkəməni axtarmağın absurdluğu daha neçə-neçə insanda bərkimiş fikrə çevriləcək. Bəzən düşünürəm ki, heç kim diktatorlardan çox maraqlı olmamalıdır ədalətli məhkəmənin olmasında, çünki onlara hamıdan daha çox lazım olur belə məhkəmələr, sonda olsa da… Onlar bunu anlayacaq qədər soyuq yanaşa bilsəydilər, əlbəttə, biz bu tabloyla üz-üzə qalmazdıq. Amma bir məsələ dəqiqdir ki, tarixin bəraət verdiyi insanlar üçün məhkəmələrin nə hökm çıxartmasının önəmi yoxdur. Bu mənada Tofiq Yaqublu və onun bərabərindəki insanlar sözsüz ki, bəraətlərini tarixdən alıblar…

Ilham Əliyev bir siyasətçi kimi həm də ona görə uğursuzdur ki, tutdurduğu, fiziki cəhətdən əzdirdiyi, işini çörəyini, azadlığını əlindən aldığı hər kəsin qarşısında mənəvi-siyasi baxımdan məğlubdur. O, öz hakimiyyəti dövründə keçirilən bütün məhkəmələrdə tərəfdir və uduzmuş tərəfdir. Onun  durumu bu ölkədə ən ağır durumdur. Özünü qalib edə-edə məğlub olduğuna şahidlik eləmək çox çətin vəziyyətdir. Ilham Əliyev bunu hiss etməmiş deyil. Bu məhkəmələr də onu belə çətin vəziyyətdən çıxarda bilməyəcək, əksinə, daha da çətinləşdirəcək hər şeyi. O nazirləri həbs etdirmir, ona görə yox ki, bundan qorxur, ona görə ki, o bilir ki, o nazirlər də özünün günahıdır. O, fironluq edən hər kəs kimi “Nil kənarında quzunun qurdun yemi”nə cavabdeh olduğunu bilir. Daha doğrusu buna iddia edir. Çünki bu psixologiya insanı belə özündən razı, dünya ağası eqosuna qaldırır. Və bütün bu iddialar da elə ilk quzunu qurd yeyən kimi puç olub gedir. Ilham Əliyevin işi isə bir qurd bir quzu söhbəti deyil, onun canavar sürüsü bu ölkəni talayıb, qana boyayır.   

Bax belə, sabah o talananları canavarlar mühakimə etdirəcəklər, sonunu gözləməyin, son çoxdan qurtarıb…