Məğlubiyyətin sevinci

Normal düşüncəyə sahib olan hər kəs bilir ki, ölkədə şəffaf seçki keçirilsə, YAP hakimiyyətinin faiz göstəriciləri MSK-nın Cəmil Həsənliyə yazdığı faizdən az olacaq. Indiki halda seçki qutusu “haram əşya” təsiri bağışlayır və insanlar bu qutudan imtina edib. Ona görə ki, qutuya saldıqları adamın qutudan çıxmaq ehtimalı yoxdur.

Yəni hər dəfə xalqın namizədi qalib gəlir, ancaq nəticədə xalq qalibiyyətin kədərini yaşayır. Biz xalq olaraq qalibiyyətimizin mükafatını ala bilmədiyimiz üçün, qalib gəlməyi önəmsiz sayırıq. Artıq qalib gəlmək bu ölkədə sevinməyə əsas vermir. Çünki qalibiyyətimiz faktiki olaraq tanınmır. Məğlublar bilirlər ki, biz qalibik, qaliblər də bilir ki, onlar məğlubdur. Əslində avtoritar sistemlər dəyərləri öldürə-öldürə yaşayır. Və nəhayət, dəyərsizlərin dəyərləndirilməsi məcburiyyəti yaranır. Dəyərsizlərin dəyərə çevrildiyi cəmiyyətdə isə qalibiyyət yalnız kədər bəxş edir.

9 oktyabr seçkisində əmin olduq ki, qutuda olan səslər Cəmil Həsənlinindir. Ona da əmin idik ki, qutudan çıxan səslər Ilham Əliyevin olacaq. Yəni qalibiyyətimizin məğlub ediləcəyini bilirdik. Hər dəfə bu hissləri yaşayırıq, bu nəticələrə köklənirik və davam edirik.

Nəticə onu göstərir ki, qalibiyyətin kədərini yaşamaq bizim üçün xeyirli deyil və bu kədərə görə kimlərinsə təsəllisi nəticəni dəyişmir.

Deməli, biz yeni situasiya yaratmalıyıq və bəlkə də yeni psixoloji portretimizi cızmalıyıq. Yəni biz qalibiyyətin kədərini deyil, məğlubiyyətin sevincin yaşamalıyıq.

Oğurlanmış qələbəyə görə ruhdan düşmək, uğrunda mübarizə apardığın dəyərlərə xəyanət etməyə bərabərdir.

Biz 9 oktyabrda ilk dəfə olaraq hakimiyyətə “tərs sillə” vura bildik. Ilk dəfə olaraq “demokratiyaya doğru bir addım” deyənlər, YAP hakimiyyətindən 10 addım kənarda durdular. Ilk dəfə olaraq seçkidən 25 gün keçməsinə baxmayaraq hakimiyyət  “qələbəni” bayram edə bilmir. 

Çünki təkcə Milli Şura yox, dünyanın nüfuzlu təşkilatları da oğrunu iş başında yaxalaya bildi.

Indi oğurlamaq növbəsi bizimdir. Ancaq hakimiyyətdən fərqli olaraq biz insanların beynindəki zərərli fikirləri, cəmiyyətin ümidsizliyin oğurlamalıyıq.

Qələbəni təmin etmək üçün məğlubiyyətin səbəblərini axtarmaq lazımdır. Hər dəfə məğlubiyyətin bir səbəbini tapmaq və buna sevinmək lazımdır. 

Bizim qələbəmizin hər dəfə oğurlanması həm də onun göstəricisidir ki, biz dəyərlərə, zülmlə mübarizəyə sadiqik. Əslində mübarizəni nəticədən asılı olmayaraq davam etdirmək, həm də vicdanımızın şərin qəfəsinə salınmadığının göstəricisidir.

Deməli, məğlubiyyətdən kədrələnmək yenilməyimizi qəbul etmək anlamına gəlir. Bunu qəbul etmək isə yaşaya-yaşaya ölməyə razılıq verməkdir.

Mən 9 oktyabrdan sonra xeyli optimist olmuşam və tezliklə Azərbaycanın demokratikləşəcəyinə əminəm.

Çünki qalibiyyəti təmin etmək üçün yeni şərait yarandı. Diktaturanın qarşısına Azərbaycan ziyalısı çıxdı və cəmiyyətə yeni nümunə göstərdi.  

Ilham Əliyev seçkidən sonra and içsə də, Cəmil Həsənli seçkiyə qədər artıq and içmişdi. Seçki günü isə yüz minlərlə insan Cəmil Həsənlinin əvəzinə and içdi və bu andı səsi ilə təsdiqlədi.

Əsas odur ki, Cəmil Həsənli bu gün də andına sadiqdir və qələbəyə əmindir. 60 yaşlı bir insan qələbə əzmindədirsə, mübarizəyə davam edirsə, 30-40 yaşında insanların “yoruldum” deməyi satqınlıqdır.

Ləyaqətli insanlarla bir sırada olmaq ən böyük qələbədir və mən 9 oktyabrdan sonra “məğlubiyyət”in sevincini yaşayıram.  Çünki haqq uğrunda savaşanların məğlubiyyəti sonda qalibiyyətə məhkumdur.