AXCP növbəti mərhələnin vəzifələrini müəyyənləşdirdi VIDEO

Xalqı səfərbər etmək, Milli Şuranı gücləndirmək, demokratiyanı satan beynəlxalq çevrələri ifşa etmək

AXCP Ali Məclisinin dünən növbəti sessiyası keçirildi. Sessiya ölkədə hazırkı ictimai-siyasi durum və partiyanın qarşısında duran vəzifələrə həsr edildi. Toplantıda əvvəlcə AXCP sədri Əli Kərimli gündəlikdəki məsələ ətrafında çıxış etdi. Seçkidən sonrakı durumu təhlil edən AXCP sədri saxtakarlığa xalqın və beynəlxalq birliyin olduğu kimi qiymət verməsilə hakimiyyətin çətin vəziyyətə düşməsindən danışdı. Əli Kərimli yada saldı ki, AXCP durumu olduqca dəqiq qiymətləndirərək, düz bir il əvvəl ölkədə demokratik seçki şəraiti olmadığını bəyan etmişdi:

“Proseslər haqlı olduğumuzu göstərdi”

“Biz bilirdik ki, ölkədə seçki yolu ilə hakimiyyəti dəyişmək imkanları qapadılıb. Belə şəraitdə yalnız bir halda seçkidə iştirakın mənası ola bilərdi: birləşək və vahid namizəd irəli sürək. Bu baş vermədən seçkidə iştirakın imitasiyadan başqa mənası olmayacaq. Sonrakı proseslər də bizim haqlı olduğumuzu göstərdi. Bizim səylərimizlə ölkədə müxalifətin birləşməsi ideyası həlledici reallığa çevrildi. Yadımdadır, biz vahid namizədlə seçkiyə getmək ideyasını səsləndirəndə bəziləri deyirdi ki, bu, müxalifəti parçalamaq üçün hökumətdən ötürülmüş ssenaridir. O dövrlər artıq arxada qalıb, bəlkə də indi çoxları üçün çevrilib onları xatırlamaq xoş olmaz.
Sağdan-soldan vurulan zərbələrə baxmayaraq, heç bir tərəddüd etmədən Milli Şura ideyasına dəstək olduq, ictimai rəyin düzgün seçim etməsinə şərait yaratdıq və bu ideya həyata keçdi”.

“Cəmil Həsənli hakimiyyətə mənəvi-siyasi məğlubiyyət yaşatdı”

Əli Kərimli Milli Şuranın yaradılmasında, vahid namizədin müəyyən edilməsində və ümumiyyətlə, Cəmil Həsənlinin uğurlu seçki kampaniyasında göstərdiyi coşqun fəaliyyətinə görə cəbhəçilərə minnətdarlıq etdi. Bildirdi ki, məhz digər müxalif qüvvələrlə birgə fəaliyyət, vahid namizəd ideyası Cəmil Həsənlinin hakimiyyətə mənəvi-siyasi məğlubiyyət yaşatmasıyla nəticələndi: “Elə bir iş gördünüz ki, milyonların hesabına o işi görmək olmazdı. Seçkinin monitorinqini aparan hər kəs gördü ki, Cəmil Həsənli uğur qazandı”.

“Dünya Əliyevin saxta prezident olduğunu bəyan etdi”

ATƏT və demokratik dünyanın Azərbaycandakı seçkiyə verdiyi obyektiv rəylərdən danışan AXCP sədri bildirdi ki, son günlər bəzi Qərb ölkələrindən Ilham Əliyevin üvanına gələn təbriklər heç kimin çaşdırmamalıdır: “Həmin dövlətlər faktiki vəziyyəti nəzərə alaraq, bəzən də praqmatik maraqlar, eləcə də Azərbaycandakı demokratikləşmə prosesində yer almaq üçün hakimiyyətlə müəyyən diplomatik əlaqələr saxlayacaqlar. Bu, sizləri çaşdırmamalıdır.
Bu gün də dünya dövlətləri ən qəddar diktator Bəşər Əsədlə tərəf-müqabildir. Çünki o, hələ də kürsüdədir. Kürsüdə oturan adamla hesablaşmaq siyasətin acı reallıqlarındandır.

Necə ki, biz müəyyən mənada, hakimiyyətlə hesablaşırıq, məsələn, mitinq keçirmək üçün məktubu Hacıbala Abutalıbova yollamaq məcburiyyətində qalırıq. Yəni, elə şeylər var ki, onu nəzərə almağa məcbur olursan.
Əsas odur ki, bütün dünya bizimlə birgə Azərbaycanda seçkinin saxtalaşdırıldığını, Ilham Əliyevin qeyri-legitim olduğunu, xalqdan mandat almadığını, sadəcə, hakimiyyəti zəbt etdiyini bəyan etdi. Ilk dəfədir, nəhayət, ona nail olduq ki, hakimiyyətin puluna, əlaqələrinə baxmayaraq, demokratik dünya seçkinin saxtalaşdırıldığını bəyan etdi. Bundan sorası Azərbaycan xalqına aid məsələdir. Bu rejimdən nə qədər tez xilas olmağımız xalqımızdan asılı məsələdir”.

“Xalq rejimlə oyun oynayan siyasəti rədd edir”

Əli Kərimli həmçinin seçkinin nəticələrilə bağlı bir sıra vacib məqamları vurğuladı: “Birincisi, cəmi bir neçə il əvvələ qədər ”dissident klubu” səviyyəsinə qədər zəiflədilmiş, birləşə bilməməkdə ittiham olunan müxalifət bu seçkidə birləşə bilən, xalqdan mandat alan böyük bir qüvvə kimi çıxış etdi. Bizim gücümüz etiraf olunmalıdır. Amma biz birləşəndən sonrakı gücümüz də hələlik ölkədə köklü dəyişiklikləri başa çatdırmağa kifayət etmədi. Məlum oldu ki, dinamika olduqca müsbətdir. Son bir neçə ildə müxalifət bir neçə dəfələrlə güclənib. Apardığımız təşkilatlanma işləri, gəncləşmə, internet rejimi mənəvi-siyasi cəhətdən məğlub etmək imkanını bizə verdi.

Bu seçkidə bir məsələ də öz həllini tapdı. Xeyli müddətdir ki, hakimiyyətin “radikal siyasət” adlandırdığı, əsasən də AXCP tərəfindən aparılan, əslində, prinsipial siyasət olan, Azərbaycan hakimiyyətinin birmənalı ifşasını nəzərdə tutan siyasət xalqdan mandat aldı. Çünki konstruktivizm adı ilə insanlara sırınan, amma Azərbaycanda rejim dəyişikliyinə xidmət etməyən, əslində, xəstə rejimin ayaqda qalmasına xidmət edən siyasət iflasa uğradı. Azərbaycan xalqı, nə qədər bəlağətli təqdim olunsa da, özünün neqativ münasibətini ortaya qoydu, həmin siyasətə yox, prinsipial siyasətə isə “hə” dedi. Cəmil Həsənli uzun illərdir apardığımız siyasi kursla səsləşən çıxış etdi və Azərbaycan xalqı buna dəstək verdi. Bu seçki AXCP-nin israrla apardığı prinsipial siyasətə mandat verdi. Azərbaycan xalqı bu siyasəti görmək istəyir. Hər hansı formada rejimlə oyun oynayan siyasəti rədd edir.

“Xalq bu hakimiyyəti ifşa edən namizədə səs verdi”

Xüsusi vurğulamağa ehtiyac var ki, biz bu seçki kampaniyasının sonunda Azərbaycan cəmiyyətində xüsusi məyusluq müşahidə etmədik. Baxmayaraq ki, əldə etdiyimiz qələbə hüquqi təsdiqini tapmayıb, Ilham Əliyev hələ də hakimiyyətdədir, amma bu da bir reallıqdır ki, cəmiyyət, müxalifət özünü məğlub hiss etmir. Başqa sözlə, özünü qalib edən tərəf heç də özünü qalib kimi hiss edə bilmir. Eyni zamanda, seçkinin rəsmi nəticəsinə görə, məğlub elan edilən tərəf də özünü məğlub hiss etmir. Çünki seçkinin nəticələrindən hər iki tərəf tamamilə başqa mesajı alıb. Hökumət düşünür ki, hansı müddətə olacağı bilinməsə də, bu dəfə də kürsünü qoruyub, amma xalq onu istəmir. Eyni zamanda, müxalifət düşərgəsi də onun fərqindədir ki, bu qədər qeyri-bərabər şəraitə, məhdud imkanlara baxmayaraq, xalq bu hakimiyyəti ifşa edən müxalifət namizədinə səs verdi”.

“Xalqın nicatı öz əlindədir”

Çıxışının davamında Avropa Birliyi, ATƏT və ümumilikdə Qərbin Azərbaycandakı seçkiyə verdiyi obyektiv qiymətə toxunan Əli Kərimli dedi ki, bu həm də onun sübutudur ki, bütün siyasətçiləri ələ almaq mümkün deyil, müəyyən sayda adamlar “kürüsevər”, pula aldanan olsalar da, geniş mənada, Qərbin siyasi kursunu müəyyənləşdirənlər idealistdilər. Əli Kərimli yada saldı ki, vaxtilə Qərbin özü Azərbaycanda saxta seçkilərə don geyindirərək, onları “demokratiyaya doğru bir addım” kimi qiymətləndirib və bu faktor Əliyev rejiminin repressiyalar həyata keçirməsində az təsirli olmayıb. AXCP sədrinin sözlərinə görə, beynəlxalq aləmdə artıq o yanaşmalar dəyişib. Amma bütün bunlara baxmayaraq, illüziyaya qapılmaq olmaz. Əli Kərimli bir daha vurğuladı ki, xalqın nicatı öz əlindədir, təşkilatlanma və siyasi fəallıqla dəyişikliyi reallaşdırmaq mümkün olacaq.

Görüləcək işlər

AXCP sədri daha sonra qarşıda duran əsas vəzifələr kimi bunları sadaladı:
– Beynəlxalq aləmlə ciddi iş aparılmalı, Azərbaycan demokratlarının haqqını “neftsevərlik”, “kürüsevərlik” ucbatından satanlar sonuna qədər ifşa edilməli, bu fəaliyyətə diaspor cəmiyyətləri cəlb olunmalıdır;
– Azərbaycan cəmiyyətinin Avropa Birliyinə inteqrasiyanın tərəfdarı olduğu, lakin hakimiyyətin buna maraq göstərmədiyi və anti-Qərb kampaniyası apardığı həm yerli, həm də beynəlxalq ictimaiyyətə çatdırılmalıdır;
– Avropa Birliyinin Vilnüs sammitində Azərbaycanın demokratik düşərgəsindən nümayəndələrin də iştirakına nail olmaq lazımdır;
– Milli Şura qorunmalı və inkişaf etdirilməlidir. Buna görə də bu istiqamətdə qeyri-sağlam diskussiyalardan qaçmaq, təşkilatlanmaya dəstək vermək lazımdır.
Gəncləşmə siyasəti
AXCP sədri partiyanın növbəti dövr üçün fəaliyyətində gəncləşmə siyasətinin prioritet olduğunu bəyan etdi. O, çıxışında partiyanın Gənclər Komitəsinin fəaliyyətini təqdir etdiyini bildirdi. Əlavə etdi ki, bütün partiya strukturlarında gəncləşmə gedəcək.

“Azadlıq” qorunmalıdır!

Əli Kərimli çıxışında seçkidən sonra Əliyevçi rejimin “Azadlıq” qəzetinə hücumlarına da toxundu. Dedi ki, bu qəzeti ərsəyə gətirən insanlar cəbhəçilər olub. “Azadlıq” unudulmaz ziyalı Nəcəf Nəcəfovdan üzü bəri şərəfli bir yol adlayıb və hazırda da bu qəzet müxalifətin, eləcə də haqqı pozulan bütün vətəndaşların ümumi tribunasıdır. Cəbhəçilər belə bir demokratik təsisatın repressiya maşını altında məhv olmasına imkan verməməlidir.
AXCP sədri məruzəsində son vaxtlar siyasi və dini kəsimə qarşı təzyiqləri, həbsləri də pislədi. Əli Kərimli rejimin təzyiqlərilə üzləşən hər bir vətəndaşa Xalq Cəbhəsinin dayaq duracağını bəyan etdi.

Daha sonra gündəlikdəki məsələlər ətrafında çıxışlar başladı. Məclis üzvləri Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Seymur Həzi, Əbülfəz Qurbanlı konkret məsələlərlə bağlı fikirlərini bölüşdülər, növbəti mərhələdə görüləcək işlər barədə təkliflərini səsləndirdilər. Ümumi mövqe bundan ibarət oldu ki, partiyanın ölkə boyunca strukturlarında güclənmə işi davam etdirilməli, gənclərin partiya işinə cəlb olunması, onların formalaşdırılması, internet fəaliyyəti istiqamətində dəqiq və hesabatlı işə başlanmalıdır.
Müzakirələr zamanı qərara alındı ki, növbəti xüsusi toplantıda AXCP-nin seçkidə fəaliyyəti daha detallı təhlil olunsun.
AXCP Ali Məclisi sonda seçkilərin nəticələrinin saxtalaşdırılması, siyasi məhbus problemi, azad mətbuata, eləcə də inanclı kəsimə qarşı başlanan repressiyalara etiraz bəyanatının qəbul edilməsi haqda qərar verdi.

Natiq