Elşad Abdullayevin videolarına görə tutulan biznesmenin obyekti nəyin güdazına getdi?
Naxçıvan şəhərində “57 bazar” adı ilə tanınan ticarət mərkəzini sökməyə başlayıblar. Bu barədə “Azadlıq”ın elektron poçtuna həmin mərkəzdə çalışanlar məlumat göndərib. Məlumatda bildirilir ki, bazarda yüzlərlə insan çalışır. Oktyabrın 31-də onlara bazarı boşaltmaları üçün bir neçə saat vaxt verilib. Bazarda çalışanlar buna etiraz etdikdə isə zorla çıxarılacaqları haqda xəbərdarlıq edilib.
Məlumatda o da qeyd olunur ki, bu addımın əsl məqsədi qonşuluqda yerləşən “Cahan” ticarət mərkəzinin genişləndirilməsidir. “57 bazar”ı söküb, orada çalışanları “Cahan”dakı yeni mağazalara yığmaq istəyirlər.
Işçilərin sözlərinə görə, “Cahan”da icarə haqqı bahadır. Buna görə də ticarətçilər ora getmək istmirlər.
“57 bazar”ı artıq dağıtmağa başlayıblar. Dünən bazarda çalışanlara mallarını zorla yığdırıblar və taxçaları söküblər.
Bazarın söküldüyünü orada çalışan Zahir Qəmbərov adlı ticarətçi “Azadlıq” radiosunun əməkdaşı da təsdiqləyib: “Oktyabrın 31-də axşam saat 5-6 radələrində xəbərdar ediblər ki, dükanlar söküləcək. Səhər də bütün polisləri töküblər bura ki, boşaldın dükanları. Axşam etiraz edənlər vardı, sonradan hədə-qorxu gəlib dedilər ki, malları çıxarmasanız, texnika salıb sökəcəyik. Hamı qorxuya düşdü, hərə bir maşın tapıb boşaltdı mallarını. Deyirlər ki, yeni dükanlar tikilib, gedin, orada işləyin. Yeni dükanların qiyməti 50 min manatadır. Kirayəyə də verirlər – aylıq 600 manat. Bu, bizə sərf eləmir. Köhnə yerimizdə ayda 200-250 manat ödəyirdik. Mallarımızı aparıb tökürük evimizə”.

Boşaldılan ticarət mərkəzində şəxsi dükanı olan sahibkarlara heç bir kompensasiya təklif olunmayıb. Şikayətçi Orxan Qəmbərov deyib ki, dükanda işləməyə başlayanda ondan girov şəklində 2500 manat alıblar. O bildirir ki, indi həmin pulu geri almaq üçün ticarət mərkəzinin rəhbərini tapa bilmir: “Pulu bazarın müdiri Zahid müəllimə vermişdim. Indi onu tapıb pulumuzu ala bilmirik… Heç kim də polisin qorxusundan etiraz edə bilmir. Beləcə, 2 min ailə çörəksiz qalır…”
Ticarət mərkəzinin rəhbəri Zahid Quliyev qərarı kimin və niyə verdiyini açıqlamaq istəməyib: “Bəli, boşaldılır. Mən sizə başqa heç bir məlumat verə bilmərəm. Çünki belə məsləhət görülüb və belə də olmalıdır”.
Boşaldılan ticarət mərkəzi Naxçıvan şəhəri, 57-ci Qoçüstü məhəlləsində yerləşir. El arasında yerləşdiyi məhəllənin nömrəsinə görə “57 bazar” adlanan bu mərkəzin əsas hissəsi 2007-ci ildə sökülmüş və böyük etiraz doğurmuşdu. 90-cı illərin əvvəllərində fəaliyyətə başlayan “57 bazar” vaxtilə Muxtar Respublikanın ən böyük ticarət mərkəzi sayılıb.
“Azadlıq” qəzeti Naxçıvandakı bu olayla bağlı maraqlı məlumat əldə edib. Məlumatda bildirilir ki, sökülən bazar Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaydığı videolardan sonra həbs olunan iş adamı Arzu Kazımova məxsus olub.
“2007-ci ildə bazarı tam sökmək istəyirdilər. O vaxt buradan 5 mindən çox insan ailəsinə çörək aparırdı. Böyük narazılıqlar yaranmışdı. Arzu Kazımov bazarın sahibi olsa da, ora gəlmirdi. Başqa bir adamın vasitəsilə işlədirdi. O, bazarın tam sökülməsinin qarşısını aldı və bundan sonra ”57 bazar”da yer haqqı qaldırıldı. Ancaq satıcılar yenə bununla razılaşdı. Dükanları sökülən satıcılara isə sovet vaxtı tikintisi başlanan, ancaq tikilməyən avtovağzalın binasını verdilər. Indi isə tam sökürlər. Səbəb kimi, Naxçıvanın gözəlliyinə xələl gətirildiyi deyilir. Ancaq burada əsas məqsəd Vasif Talıbovun yaxınlarına məxsus olan “Cahan”ın fəaliyyətini inkişaf etdirməkdir. Orada yer haqqı həddindən artıq baha olduğundan adamlara işləmək sərf eləmir. Bundan başqa, satıcılardan əvvəlcədən 3-4 min manat pul tələb edilir. Yerhaqqı, vergi, sosial fond və başqa qurumlara da əlavə ödənişlər verilməlidir. Bu da təbii ki, narazılığa gətirib çıxaracaq”, – deyə mənbə “Azadlıq” qəzetinə bildirib.
Ramin DEKO



