“Dinc etirazlar demokratiyanın əlamətidir”

ABŞ səfiri: “Saxlanmış fəalların məsələsini yüksək rütbəli rəsmilər qarşısında qaldırmışam”

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza “Azadlıq” radiosunun suallarını cavablandırıb. Müsahibədə «Forbes Blog»un Azərbaycanda müxalifətçilərin yazışmalarının izlənməsinə dair yaydığı məlumata və gənc fəalların həbsinə də toxunulub. Müsahibənin bu hissəsini təqdim edirik.

– «Forbes Blog» Amerikanın «Booz Allen Hamilton» şirkətini Azərbaycan hökumətini müxalifətçilərin tapılmasına yardım etmək üçün xüsusi proqramla təmin etməkdə günahlandırıb. Şirkət Azərbaycanda işləyir və Pentaqon layihələrinə cəlb olunub. Bu məsələyə şərh verərdiniz.

– Mən birinci dəfədir bunu eşidirəm. Bu məsələni araşdırmaq istərdim.
İnternet fəallığına gəlincə, deyə bilərəm ki, prezident Obama, dövlət katibi Klinton internetə demokratik debatlar üçün əsas oyunçu kimi baxırlar. Azərbaycanda «Facebook» və başqa sosial media saytlarının inkişafı vətəndaşlara cəmiyyətin üzləşdiyi problemləri müzakirə etmək üçün yeni imkanlar yaradır. Biz tam açıq, məhdudiyyətsiz İnternet məkanının tərəfdarıyıq.

İnternet fəlsəfə deyil, vasitədir. «Facebook» siyasət deyil, platformadır. Mən Azərbaycanda hər gün online rejimdə ifadə olunan fikirlər görürəm. Hökumət yönümlüdən tutmuş hökuməti sərt tənqid edənlərə qədər. İnternet belə olmalıdır.

– 11-12 mart aksiyalarından əvvəl və sonra onlarla gənc fəal həbs olunub. Hazırda isə müxalifət aprelin 2-də mitinq keçirməyi planlaşdırıb. Şəhərin mərkəzində keçirilən aksiya icazəsizdir. Bu məsələyə münasibətiniz necədir?

Metthew Bryza: Azərbaycan konstitusiyasının 49-cu maddəsi toplaşma azadlığına imkan verir. Ümid edirəm ki, Azərbaycan hökuməti söz və toplaşma azadlığına dair öhdəliklərinə riayət etməkdə davam edəcək. Dinc etirazlar – açıq fikir müxtəlifliyi – inkişaf etmiş demokratiyanın əlamətidir. Mən saxlanmış fəalların məsələsini elə bu gün günorta yüksək rütbəli hökumət rəsmiləri qarşısında qaldırmışam.