Qəzzafini bombaladılar

Fransa prezidenti: «Bu, öz xalqını öldürənlərə qarşı əməliyyatdır»

BMT baş katibi: “Bundan sonra xalqların azadlıq və demokratiya tələblərini daha diqqətlə dinləməli olacaqlar”


Son xəbərlər

* Qəzzafi televiziyalara telefonla verdiyi açıqlamada koalisiya qüvvələrinin hərbi əməliyyatlarını “yeni Səlib Müharibəsi” adlandırıb və bildirib ki, silah anbarları açılacaq, xalq silahlanaraq xarici hücuma qarşı dirəniş göstərcək. Aralıq dənizi və Afrikanın “savaş meydanına” döndüyünü deyən Qəzzafi Afrika və Latin Amerikası xalqlarından dəstək istəyib.

* CNN televiziyasına məlumat verən bir mənbə ABŞ-ın özəlliklə SA-5 raket sistemlərini hədəf aldığını bildirib və bunu koalisiya təyyarələrinə ən çox bu raketlərin təhlükə törədə biləcəyi ilə izah edib.

* Əl Cəzirə televizyası koalisiya qüvvələrinin paytaxt Tripolinin mərkəzində yerləşən Mitiga Hava Bazasına yönəlik əməliyyat həyata keçirdiyini bildirib. Deyilib ki, bu baza sadəcə mülki VIP uçuşlar üçün istifadə olunur.

* Fransadan verilən açıqlamada əməliyyatların Almaniyadaki ABŞ hərbi bazasından və amerikalı komandirlər tərəfindən koordinasiya edildiyi bildirilib.

* Frans Press agentliyi Liviya dövlət televiziyasına istinadla bir Fransa qırıcısının vurulduğunu xəbər verib. Amma Fransa Müdafiə Nazirliyi xəbəri təkzib edib. Agentliyin yenə də Liviya dövlət televiziyasına istinadla verdiyi başqa bir xəbərdə isə deyilir ki, koalisiya qüvvələri Qəzzafinin ata yurdu Sirteni də bombalayıb.

* Pentaqondan açıqlayıblar ki, Liviyanın havadan müdafiə sistemlərinə yönəlik ilk zərbələr ABŞ və İngiltərə qoşunlarına aid gəmi və sualtı qayıqlarından atılan Tomaqavk tipli raketlərlə endirilib. Məlumata görə, atılan 112 Tomaqavk raketi sahil zolağndakı 20 hədəfi vurub. Məlumatda zərbələrin davam edəcəyi də qeyd olunub.

* ABŞ prezidenti Barack Obama bəyan edib ki, Liviyada hərbi əməliyyatları geniş bir koalisya şəklində həyata keçirirlər, lakin koalisiya qüvvələri qurudan hücum etmək niyyətində deyil. Obama Qəzzafiyə atəşkəs fürsəti verildiyini, ancaq Qəzzafinin bu fürətdən yararlanmadığını bildirib.

Liviyada vəziyyət gərgin olaraq qalır. BMT-nin məlum qətnaməsindən və beynəlxalq birliyin hərbi müdaxilə hazırlıqlarını gücləndirməsindən sonra geri çəkilərək atəşkəs elan edən diktator Qəzzafi dünən səhər saatlarında Benqazini yenidən bombaladıb. Şəhəri bombalayan təyyarələrdən birini isə üsyançılar vura bilib.


Diktator sözünü tutmadı

“Əl Cəzirə” kanalının verdiyi məlumata görə, Qəzzafiyə bağlı silahlı qüvvələr müxalifətin qalası adlandırılan Benqazini top atəşinə də tutub. Əsasən şəhərin mərkəzi Camal Əbdülnasir küçəsi hədəf olub. Məlumatlarda Qəzzafi qoşunlarının Benqazinin qərbindəki şəhərciyə girdiyi də bildirilib. Benqazidə qurulmuş Müvəqqəti Keçid Hökumətindən yayılan açıqlamada bildirilib ki, şəhərin qərbindəki Zintan qəsəbəsinin bombalanması nəticəsində 26 nəfər həlak olub, 40-dan çox yaralı var.
Lakin Qəzzafi hökuməti Benqaziyə hücum təşkil etdikləri xəbərini təkzib edib və buna görə üsyançıları ittiham edib. Hökumət sözçüsü Musa Ibrahim iddia edib ki, müxalifət özü hücum əməliyyatları təşkil edərək Liviyaya xarici hərbi müdaxiləyə rəvac vermək istəyir.
“Cana” agentliyi Liviya Müdafiə Naziriliyindəki mənbəyə istinadə edərək Benqazinin qərb hissəsinin “Əl Qaidə” terror şəbəkəsinin bombaladığı haqda məlumat yayıb. Müxalifət təmsilçisi Xalid Əl Sayeh açıqlamasında Müəmmər Qəzzafi rejiminin atəşkəsə əməl etmədiyini bildirib və Qərb ölkələrini dərhal hərbi müdaxilə etməyə çağırıb.

Obama Qəzzafini savaşla hədələdi

ABŞ prezidenti Barak Obama qısa bir bəyanatla Qəzzafi rejimini vurulacağı ilə hədələyib. Obama deyib ki, Qəzzafi BMT qətnaməsinə əməl etməli və atəşkəslə bağlı verdiyi sözün üstündə durmalıdır: “BMT-nin tələbləri danışıqlar predmeti deyil. Əgər Qəzzafi onlara tabe olmasa, qətnamə hərbi əməliyyatlarla həyata keçiriləcək”. Ağ ev rəhbəri müdafiə naziri Robert Geytsə vəziyyətin xoşagəlməz ssenariylə inkişafına hazır olmağı tapşırdığı barədə məlumat verib.
“Qəzzafi Benqazi, Əcdəbiyyə, Misrata və Zaviyyə şəhərlərindən dərhal geri çəkilməlidir. Hər yerə elektrik, su və təbii qaz nəqli bərpa olunmalıdır. Ölkəyə humanitar yardımların gətirilməsinə icazə verilməlidir. Bunlar müzakirələrə açıq deyil. Qəzzafi BMT qərarlarına əməl etməsə, beynəlxalq ictimaiyyət bu qərarı hərbi yollarla tətbiq edəcək”, – deyə Obama bildirib.

Qəzzafi Obamaya “oğlum” dedi

Tripolidə sözçüsü vasitəsilə BMT qətnaməsinə münasibət bildirən Müəmmər Qəzzafi ABŞ prezidenti Barak Obama, Fransa rəhbəri Nikola Sarkozi, Ingiltərənin baş naziri Devid Kamerona mesaj yolladığını söyləyib: “Liviyaya müdaxilə etsəniz peşman olarsınız. Liviya sizin deyil, liviyalılarındır”.
Qərb dövlətlərinin liderlərinə məktub göndərən Liviya lideri ABŞ prezidenti Barak Obamaya “oğlum” deyə müraciət edib: “Oğlumuz hörmətli, Barak Hüseyin Obama. Sənə əvvəldə söylədim, indi də təkrarlayıram. Allah eləməsin Liviya ilə ABŞ arasında müharibə olsa da sən bizim oğlumuz olaraq qalacaqsan. Bizim gözümüzdəki şəxsiyyətin dəyişməyəcək. Səndən eyni şəxsiyyəti qorumağını istəyirəm”.
Liviya xalqının onunla birlikdə ölməyə hazır olduğunu söyləyən Qəzzafi üsyançılara qarşı apardığı savaşı haqlı mübarizə adlandırıb. Qəzzafi Obamaya yazdığı məktubunda “Əli silahlı ”Əl Qaidə” yaraqlıları sənin ölkəndə şəhərləri ələ keçirsəydi sən nə edərdin? Söylə, mən də onu edim” deyib.

BMT baş katibindən diktatorlara mesaj

BMT-nin baş katibi Pan Gu Mun Liviya lideri Müəmmər Qəzzafinin bütün legitimliyini bitirdiyini bəyan edib. Ispaniyanın “El Mundo” qəzetində yayımlanan o, müsahibəsində bildirib ki, Qəzzafi nə edir etsin, xeyri yoxdur. O, vəzifəsindən getməlidir.
Baş katibin sözlərinə görə, Qəzzafi bundan sonra Liviyanı idarə edə bilməyəcək. Pan Gi Mun BMT qətnaməsindən irəli gələn bütün tələblərin qeyd-şərtsiz yerinə yetirilməli olduğunu söyləyib. O bildirib ki, bundan sonra xalqlar azadlıq və demokratiya istədikdə liderlər onları daha diqqətlə dinləmək məcburiyyətində qalacaqlar.

Hücum əmri verildi

Dünən günün ikinci yarısında Parisdə Fransa prezidenti Nikola Sarkozinin başçılığı ilə ABŞ-ın dövlət katibi Hillari Klinton və Ingiltərənin baş naziri Devid Kameronun iştirakı ilə Liviyayla bağlı təcili toplantı keçirildi. Toplatıya Avropa Birliyinə üzv dövlətlərin liderləri, BMT-nin baş katibi Pan Gi Mun və ərəb ölkələrinin hökumət rəsmiləri də qatılıb. Liviyaya hərbi müdaxilə məsələsi müzakirə olunduğu vaxt Fransa və Kanada hərbi hava qüvvələrinə məxsus kəşfiyyat helikopterləri Liviya səmasına daxil olub.
Helikopterlər əsasən Qəzzafiyə sadiq hərbi birləşmələrin məskunlaşdığı bazaların yerini dəqiqləşdirib. Toplantının başlamasına bir neçə saat qalmış diplomatik mənbələrdən “Reuters” agentliyinə sızan məlumatda bildirilir ki, müzakirələr başa çatandan dərhal sonra Qəzzafi rejiminə qarşı hava zərbələrinin endirilməsinə start veriləcək.
Məlum toplantı başa çatandan sonra mətbuat konfransı keçirən Fransa prezidenti Nikola Sarkozi Liviyaya qarşı hərbi müdaxilənin rəsmən başladığını açılayıb. Onun sözlərinə görə, beynəlxalq birlik Liviyada sivil xalqın qorunması üçün təcili hərbi əməliyyatlar başlanması barədə qərarı yekdilliklə dəstəkləyib. Sarkozi Qəzzafi rejiminə qarşı əməliyyatlarda ABŞ və bəzi ərəb ölkələrinin də iştirak edəcəyini söyləyib. O, toplantının gedişi zamanı Fransa və Kanadaya aid savaş helikopterlərinin Liviya səmasına daxil olmasıya Qəzzafi rejiminə qarşı hərbi əməliyyatlara start verildiyini bəyan edib.

Bombalanma başladı

Dünən gecə saatlarında NATO-ya aid 20 qırıcı Benqazidən 150 km aralıda yerləşən Qəzzafiyə sadiq hərbi birləşmələrə havadan zərbələr endirib. Ilkin hədəf məhv edilib. Diktatorun əmrindəki əsgərlərin istifadə etdiyi tanklar sıradan çıxarılıb.

Turan