Gürcülərin keçirdiyi prezident seçkisi bizim üçün solaxay sillə oldu…
Ümumiyyətlə, “qulağımızın dibində” yerləşən bu ölkədə baş verən demokratik proseslərin bizə təsir etməməsi həmişə ürəyimi sıxıb. Baxmayaraq ki, orada yaşayan soydaşlarımız Saakaşvili hakimiyyətini heç vaxt bəyənməyiblər. Elə burada yaşayan dostlarımın bəzisi də sübut etməyə çalışırlar ki, Saakaşvili yalnız Azərbaycanla müqayisədə demokrat görünə bilər. Əslində isə onun necə adam olduğunu bilmək üçün bir il Gürcüstanda yaşamaq lazımdır və s.
Razılaşıram, Saakaşvili kifayət qədər səhvləri olmuş bir prezidentdir. Ancaq onu yalnız Azərbaycanla müqayisədə demokrat hesab etmək haqsızlıq olar. Məgər hazırda MDB məkanında ondan demokrat prezident varmı? Hər şey bir yana, şəxsən mən şəffaf seçki keçirdikləri, rüşvət vermədən yaşadıqları, sahibkarlıq fəaliyyəti qura bildikləri və istədikləri zaman etiraz etmək üçün küçəyə axışdıqları üçün gürcü xalqına həsəd aparıram. Hər xalqın da özünə görə rəhbəri olur.
Söz yox ki, Gürcüstanda da həbslər, təzyiqlər, nə bilim, yoxsulluq-filan var. Ancaq bunlarla birgə, xalq kimi formalaşıblar. Bu gün Gürcüstanı inkişaf etmiş Avropa ölkələrilə müqayisədə qismən azad ölkə hesab edirlər. Daha bizim kimi müqayisəni Türkmənistanla, Özbəkistanla, Şimali Koreyayla aparmırlar.
Bilmirəm, bəlkə də bu yanaşmam qüsurludur, ancaq mənə elə gəlir ki, millət olaraq siyasi və iqtisadi azadlığımızı qoruya bilməməyimizin bir səbəbi də əsrlər boyu müstəmləkədə yaşamağımızdır. Nəticədə yaşantımız xarakterimizə çöküb, kökümüz nəm çəkib. Ələbaxan, sözəbaxan, bir sözlə, ancaq baxan olmuşuq.
Nəyimiz var? Torpağımız işğal altında, azadlığımız yox, iqtisadi inkişafımız özgəsindən asılı vəziyyətdə. Fərd kimi yanaşdıqda, başqasının hesabına əldə etdiyimiz və başqasının da asanlıqla əlimizdən ala biləcəyi maddi imkanlara güvənirik. Gürcüdən aldığımız maşınla gürcüyə acıq veririk, torpağımızda oturan erməniyə xox gəlirik, başımızdan basan rusun qızına sataşırıq, ancaq özümüzə gələndə asılı və çəkingənik. Hətta qorxudan sahib olduğumuz səsi qoruya bilmirik, onu əlimizdən alanın ömrünü bir az da uzatmaq üçün saxtakara çevrilməkdən utanmırıq.
Bizdə hakimiyyətə münasibət də ailəyə yanaşmamız kimidir. Evin başçısı öz funksiyalarını yerinə yetirmirsə, səsini çıxarmamalı, dözməlisən. Ona qarşı çıxmaq olmaz. “Alınmırsa, ayrılaq” söhbəti yoxdur, boşanmaq düşmənə çevrilmək anlamındadır.
Biz buna “formalaşmış ailə institutu” deyirik. Bizim, hətta Vətən sevgimiz də alayarımçıqdı, ondan öz məqsədimiz üçün istifadə edə bilirik. Amallarımız şəxsi istəklərimizi nadir hallarda aşa bilir, ictimai qınaq paxıllıq kimi anlaşılır. Həyatımızı standartlarla deyil, keçmişimizə münasibətimizlə tənzimləyirik.
Deməli, bizim demokratiyaya doğru çox uzun və məşəqqətli yolumuz var. Öncə özümüzdən başlamalı, içimizdəki kölə xislətini öldürməliyik. Yoxsa, hələ çox xalqlara həsəd aparmalı olacağıq…


