İnanclı kəsimə qarşı növbəti zorakılıq
İyirmiyə yaxın adam polis bölməsinə aparılıb
Sabunçu Rayon Məhkəməsində ötən gün ilahiyyatçı Tale Bağırzadənin məhkəməsi keçirildi. Hakim Samir Əliyevin sədrliyi ilə keçən prosesdə Tale Bağırzadənin özü, vəkilləri Cavad Cavadov, Anar Qasımlı və dövlət ittihamçısı iştirak edirdi.
Qeyd edək ki, prosesi izləməyə gələn çox sayda media nümayəndələri, hüquq müdafiəçiləri və inanclı insanlar mülki və polis geyimli şəxslərin zorakılığı ilə üzləşib. Mülki geyimlilər və polislər məhkəmənin həyətində çəkiliş aparan jurnalistlərə qarşı güc tətbiq edib, onları sürüyərək həyətdən çıxarmağa müvəffəq olublar, iyirmi nəfərə yaxın inaclı insan zorakılıqla müxtəlif polis bölmələrinə aparılıb.
Vəkillər məhkəmədə Tale Bağırzadənin dəmir barmaqlıq arxasından çıxarılıb vəkilləri ilə birgə əyləşməsi üçün vəsatət qaldırıblar.
Vəkil Cavad Cavadov jurnalistlərə açıqlamasında bildirdi ki, dövlət ittihamçısı buna etiraz etməyib: “Ancaq məhkəmə bu vəsatətimizi təmin etmədi. Digər vəsatətimiz ondan ibarət oldu ki, məhkəmə zalı balacadır, hətta jurnalistlərin iştirakı təmin olunmur. Dövlət ittihamçısı bu vəsatətimizə də etiraz eləmədi, bu vəsatətimiz də təmin olunmadı. Bundan sonra biz vaxt istədik və hakimə yazılı etiraz təqdim elədik. Çünki hazırlıq iclasında qanuni vəsatətlərimiz təmin olunmamışdı. Bu onu göstərir ki, hakim bu işə ədalətli baxmaq niyyətində deyil”.
Vəkil “Facebook” sosial şəbəkəsində isə bunları yazıb: “Anar Qasımlı vəsatət verdi ki, jurnalistlər zala buraxılsın, hakim bunu da rədd etdi, halbuki dövlət ittihamçısı etiraz etmədi. Bundan sonra etirazı hakimə verdik, sədr rədd etdi. Bu arada ola bilər ki, hakimin göstərişi ilə məhkəməyə 5-6 maşın polislər gəldi və camaatı yığıb apardılar, məhkəmə zalı təmiz boşaldı. Hakimə dedim ki, deyəsən, məsələni başqa cür həll etdiniz. Demişdik adamları zala buraxın, siz adamları yox etdirdiniz. Yaranmış durumu müzakirə üçün məhkəmədən vaxt istədik və proses 31 oktyabr saat 12-yə təxirə salındı. Bu arada hakimin hazırlıq iclasının qərarında buraxdığı səhvi diqqətinizə çatdırıram. Cinayət Prosesual Məcəlləsinin həbs-qətimkan tədbiri məsələsinin həlli ilə bağlı müddəa hazırlıq iclasının qərarında olmalı idi. Lakin bu yoxdur. Tale Bağırzadə hər bir halda qanunsuz həbsdə saxlanılır”.
Islamçıların Hüquqlarını Müdafiə Komitəsi ilahiyyatçı Tale Bağırzadənin məhkəməsində baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Sabunçu Rayon Məhkəməsində islamçılara qarşı qanun pozuntusu dindarlara qarşı növbəti repressiyadan xəbər verir: “Məhkəmə prosesinin açıq keçirilməsinə baxmayaraq dövlət məmurları inanclı insanlardan zalı və məhkəmə həyətini tərk etməyi tələb edib, onlarla qeyri-etik rəftar edərək dəyənəklə döyüb, küçə söyüşləri ilə təhqir ediblər. 20-yə yaxın inanclı insan saxlanıb. Məhkəmə prosesində iştirak edən hüquq müdafiəçiləri və jurnalistlərlə kobud rəftar olunub. Bu hadisəyə sərt etirazımızı bildirir, saxlanan vətəndaşların dərhal azad olunmasını və bu zorakılığa son qoyulmasını, məhkəmənin həyətində zorakılıq nümayiş etdirən polislərin qanun qarşısında cavab verməsini tələb edirik”.


Ramin DEKO


