«Onun mövcud olmayan lobbisinə bir milyon dolların ayrılması yalandır»
Yəhya Taşdələn
Azad mətbuatın, qəzetlərin əsas vəzifəsi xalqa doğru xəbərlərin çatdırılmasıdır. Nəfəsi də yalanla, böhtanla gedib gələn, lobbisi də, professorluğu da saxta olan Yəhya Taşdələn kimi məxluqa futbol termini ilə desək, sual şəklində “pas” verərək, ölkəmizin ziyalılarına, diplomatlarına böhtan atmasına, qara yaxmasına şərait yaratmaq, fitnə vermək heç bir mətbuat orqanına hörmət qazandırmaz. Y.Taşdələnlə duet şəklində yaratdığınız ucuz, yalan, “sensasiyalar”la 50-60 qəzet artıq sata bilərsiniz, ancaq onun insanlarımızın ləyaqətinə toxunaraq, işlədiyiniz cinayətin hesabına etdiyinizi unutmamalısınız. Y.Taşdələnlə insanlarımıza çirkin böhtanlar atdıraraq ləyaqətinə təcavüz etdiyiniz şəxsləri sizinlə məhkəmədə hesablaşmaya məcbur etdiyinizi yəqin ki, yaxşı bilirsiniz.
***
Artıq iki nömrənizdə Y.Taşdələn – “Azadlıq” dueti başqa ziyalılarla birlikdə mənim də ləyaqətimə toxunan cinayət xarakterli böhtanlar atmışdır ki, guya Y.Taşdələnin mövcud olmayan lobbisinə göndərilmiş bir milyon dollar buxarlanmış, guya Ankarada mənim bahalı evim, banklarda çoxlu pulum var. Y.Taşdələn də, siz də yaxşı bilirsiniz ki, bir neçə il bundan əvvəl Ispaniya Krallığına təyinatımdan öncə “Yeni Müsavat”da çıxmış böhtan məzmunlu yazıya görə tələbimlə Ankaraya ölkəmizdən komissiya göndərilmiş, komissiya tərəfindən aparılmış yoxlamalar nəticəsində yazılanların heç bir əsası olmadığı ortaya çıxmışdır. Nəticədə qəzet məhkəmə tərəfindən fiziki çatışmazlığı olan şagirdlərimizin oxuduğu məktəbə ödəmək şərtilə 80 min dollar məbləğində cərimə edilmiş və yoxlanılmamış məlumatı çap etidiyinə görə üzr istəmişdir.
Atalarımızın kəskin bir sözü var: “Dadanmış qudurmuşdan betərdir”. Y.Taşdələn Azərbaycan xalqının qonaqpərvərliyindən sui-istifadə edərək gözəl nemətlərimizə (xalça, konyak və s.) dadanmışdı. Azərbaycana hər gəlişində bunlardan bolluca daşıyıb aparırdı. Indi bunlara əli çatmır, tərk edilib, tənha qalıb, hər tərəfə yalan, böhtan, şər püskürür. Yaşı 80-ni ötüb, ağır ürək əməliyyatl keçirib. O, yaşlı və xəstə olduğuna güvənərək böhtan atır, cinayət işləyir. Siz nəyə güvənərək ziyalılarımızın, diplomatlarımızın ləyaqətinə təcavüz edirsiniz? Y.Taşdələnə pas-fitnə şəklində sual verirsiniz: “Azərbaycan dövləti diplomatik missiya şeflərinin xaricdəki bank hesablarındakı artımlara nəzarət etmirmi?”. Siz də, Y.Taşdələn də çox gözəl bilirsiniz ki, diplomatik missiyanın şeflərinin – səfirlərin hərəkətləri, hesabları həm öz ölkəsinin, həm də çalışdığı ölkənin və hətta bəzi böyük üçüncü ölkələrin lazımı orqanlarının daim nəzarəti altındadır. Başqa sözlə, onlar daim mikroskop altındadırlar.
Bakıdakı Türkiyə səfirliyinə və yaxud çox yaxın olduğunuz Ankaradakı “Azərbaycan kültür dərnəyi”nə bir zənginiz kifayətdir ki, Y.Taşdələnin professorluğunun, lobbi başkanlığının və söylədiklərinin yalan, böhtan olduğu ortaya çıxsın.
Ölkəmizin inkişafı üçün demokratiyanın və mətbuat azadlığının son dərəcə vacib olduğuna inanan insanlardanam. Eyni zamanda, bir insanın övladlarına bu fani dünyada buraxa biləcəyi ən qiymətli şeyin şərəfli, təmiz bir ad olduğuna daha çox inanıram. Bu günə kimi tələbələrimin, aspirantlarımın, əməkdaşlarımın arasında qoruduğum təmiz adıma Y.Taşdələn kimi hər şeyi saxta olan bir məxluqun sizin yardımınızla ləkə salmasına imkan verə bilmərəm. Buna görə, bir həftə ərzində Y.Taşdələnin mənim ünvanıma söylədiyi, sizin də yoxlamadan bir həftə ərzində çap etdiyiniz böhtanları təkzib edib, üzr istəməsəniz, vəkilim vasitəsilə məhkəməyə müraciət etməli olacam. Inanıram ki, ucuz böhtan, sensasiya çap edərək qazandığınız pulları ehtiycı olan əlil şagirdlərimizə verməyiniz və böhtan ataraq insanlara mənəvi əziyyət verdiyinzə görə, sizin də mənəvi əziyyət çəkməniz ədalətli olar.
Böhtanlara cavab olaraq məcburən yazılmış bu yazını qəzetinizdə toxunmadan oxunacaq yerə verəciyinizə ümid edirəm. Ümid edirəm ki, başqa mətbuat orqanlarına göndərməyə ehtiyac olmayacaq”.
Məmməd Novruz oğlu Əliyev, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, Fizika Riyaziyyat elmləri doktoru, professor
***
“Azadlıq”dan:
Gördüyünüz kimi cənab səfir Məmməd Əliyev Taşdələnlə birlikdə qəzetimizi də ağır cinayət əməlində ittiham edib. Biz onun “Azadlıq”a qarşı ittihamlarını da dərc edirik. Amma bu ittihamları bölüşmədiyimizi də cənab səfirin diqqətinə çatdırırıq. Bir neçə səbəbə görə:
1. Yəhya Taşdələni “Azərbaycanın Türkiyədəki lobbi başqanı” görəvinə biz gətirməmişik. Bunu Azərbaycan hakimiyyəti edib və müxtəlif zamanlarda cənab Taşdələn Azərbaycan hakimiyyəti tərəfindən ən yüksək səviyyədə ağırlanıb. Yəhya Taşdələn Azərbaycan cəmiyyəti üçün ictimai əhəmiyyət daşıyan adama, rəsmi şəxsə çevrilib. Sonradan onun Azərbaycan hakimiyyəti ilə münasibətlərinin hansısa səbəblərə görə pozulması onun ictimai rəy üçün əhəmiyyətini qətiyyən azaltmır, əksinə daha da cəlbedici edir.
2. 1994-cü ildən bizim günlərə qədər Azərbaycanın rəsmi şəxsləri və rəsmi KIV-ləri Yəhya Taşdələni Azərbaycan lobbisinin başçısı adlandırmışdır. Bu, artıq birmənalı şəkildə rəsmi statusdur və professor Yahya Taşdələnin söylədikləri ilə bağlı hər hansı etiraz varsa, “Azadlıq” həmin etirazların müəllifinə cavab haqqı tanıya bilər. Amma istənilən qəzet hansısa rəsmi şəxsin verdiyi bəyanatlara görə məsuliyyət daşıya bilməz. Oxucuların və cənab səfirin diqqətinə lap dünənki rəsmi qəzetdə dərc edilmiş bir yazıdan qısa bir sitatı təqdim edirik: “…Məclisi Azərbaycan lobbisinin o vaxtkı başçısı professor Yəhya Taşdələn açdı: ”Sayın Cümhurbaşqanımız Heydər Əliyevin Türkiyəyə gəlişi məmləkətimizi şərəfləndirməkdədir. Heydər Əliyev böyük öndər, böyük millət qəhrəmanı olaraq tarixin şərəfli taxtına ucalıb. Gündə 18-20 saat ölkəsi üçün çalışan Heydər Əliyev şəxsiyyəti ilə uluslar arasında siyasətin zirvəsinə çıxan öndər politikaçılardandır. Çox yaxında Azərbaycanın siyasi, iqtisadi, ictimai, mədəni sabitliyi mütləq saxlanılacaqdır. Bununla bərabər Azərbaycanın səadətini, bəxtiyarlığını təmin edəcəyinə mütləq surətdə inandığımız qurtuluş qəhrəmanı, çox sevdiyimiz sayın Heydər Əliyevə sayğılarımızı bildiririk”. (“Azərbaycan” qəzeti, 18 mart 2011-ci il, “Yerdə gördüyümlə göydə görüşdüm”, Flora Xəlilzadə).
Amma cənab səfir iddia edir ki, onun heç vaxt lobbisi olmayıb.
3. Biz Yəhya Taşdələnin bəyanatlarını birmənalı olaraq həqiqət və ya hökm şəklində qəbul etmirik və o şəkildə də təqdim etmirik. Bu adam öz məsuliyyətinin hüdudlarında hansısa açıqlamalar verir, biz bu açıqlamaları dərc edirik və onun açıqlamaları ilə bağlı hər kəsin cavab haqqı olduğunu da qanunla tanıyırıq. Necə ki, həm cənab səfir Məmməd Əliyev, həm də Dini Işlər üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Yəhya Taşdələnin açıqlamalarına olduqca sərt şəkildə cavab veriblər, biz onların cavablarını redaktə belə etmədən dərc etmişik (Xüsusi olaraq vurğulamaq istəyirik ki, Yəhya Taşdələnin açıqlamaları “Azadlıq”da redaktə edildikdən sonra səhifəyə qoyulur).