Karuselsiz yazıq gürcülər

Dünən qonşu Gürcüstanda keçirilən prezident seçkilərindən maraqlı heç bir xəbər gəlmədi. Bizim regionda seçkilər öz misilsiz karuselləri, topa-topa bülleten atmaq yarışları, ən müxtəlif səsvermə illüziyaları, müşahidəçilərə qarşı gözbağlayıcılıq fokusları, onların məntəqədən yoxa çıxarılması, yüz cür əməllər və üsullarla zəngin olur. Gürcüstanda bunların heç biri olmayıb.

Dünən gün ərzində tez-tez qonşu ölkədə seçki müşahidəçiləri olan Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə zəng edirdim: “A bəy, bir xəbər varmı gürcü qardaşlardan?”

Anar bəy də maraqlı heç nə demirdi: “Yox, bəy! Saxtalaşdırma faktı qeydə alınmayıb, olan kimi sizə xəbər edəcəyəm”. Xəbər isə axıracan olmadı. 

Yox, arada dişədəyən bir məlumat gəlmişdi. Müşahidəçi qadının halı ilə bağlı. Elə bilməyin onu tutublar, döyüblər, ya itələyib yıxıblar. Qadın hamilə imiş və seçki saatlarında sancısı tutub və dünyaya bir gürcü gəlməsinin səbəbkarı olub. Başqa heç bir xəbər olmadı.  

Deməli, gürcü xalqı seçkilər bitəndən sonra maraqlı saxtalaşdırma videolarına baxa bilməyəcəklər. Belə filmlər yoxdur orada. Internet var, amma internetdə belə videolar yayılmır. Əli Əhmədov tam rahatlana bilər: gürcü xalqı regionun lider dövləti olan Azərbaycan qədər xoşbəxt deyil, onun heç maraqlı seçkisi də yoxdur daha. 

Iş ciddiyə qalanda isə orada seçkilərin qətiyyən saxtalaşdırılmaması, tam şəffaf və ədalətli keçirilməsi elə bil Azərbaycanın, Ermənistanın, Rusiyanın və o biri qonşuların acığına edilir, xüsusən də, 86 faiz səs alan və dünyaya əcaib səslər salan Ilham Əliyevin acığına. 

Azərbaycan internet məkanının ən məşhur istifadəçisi olan Həbib Müntəzir dünən maraqlı bir qeyd yazıb: 

“Bülleten götürən yaşlı bir nənə hay-küy salıb: Saakaşvilinin adı niyə yoxdur? Ona səs vermək istəyirəm axı. 

Məntəqə sədri, gülə-gülə: Nənə, nə bura Azərbaycandır, nə də Mişa Ilham Əliyev. O artıq namizəd deyil.

Nənə Saakaşvilinin partiyasından olan namizədə səs verməklə kifayətlənib”.

Ilham Əliyev tez-tez deyir ki, başqa ölkələr Azərbaycanın paxıllığını çəkir. Yəqin buna da elə şərh verərdi. Mənim isə deməyim odur ki, aşkar şəkildə Gürcüstana həsəd aparıram. O yan bu yanı yoxdur.

Yazını redaksiyaya təhvil verərkən yenidən Anar Məmmədliyə zəng edirəm. Nə xəbər var? Anar bəy də həsədini gizlətmədən deyir: “Hazırda SMDT-nin Bakıdan gedən nümayəndələrindən biri Gürcüstan MSK-nın binasında seçkinin ilkin nəticələrinin müəyyənləşməsini izləyir. Amma bizim nümayəndələr 9 oktyabrda nəinki MSK və ya DSK-larda, hətta seçki məntəqələrində səsvermənin sayılmasını izləməkdə problemlə üzləşirdilər”.

Köhnənin Gürcüstanpərəst Fransa söhbəti

Ötən il bir qrup jurnalistlə Fransada səfərdə olmuşdum və orada Gürcüstanla bağlı eşitdiyim bir söhbət yenidən yadıma düşdü. Səfər zamanı öyrəndik fransız qəzetləri və TV-ləri Azərbaycan və Ermənistana çox nadir hallarda yer verirlər. Amma Gürcüstanla bağlı xəbərlər tez-tez olur. Mən məəttəl qalmışdım, bizdə ictimai-siyasi vəziyyət daha ağırdır, daha çox təzyiqlər var ictimai fəallara və s. Elə Ermənistanda da. Bəs niyə Gürcüstanla xüsusi maraqlanırlar? “Liberation” qəzetinin əməkdaşı bunu belə izah etdi: “Axı sizdə və Ermənistanda heç nə dəyişmir. Hər şey eyni olaraq qalır. Məsələn, sizdəki seçkiyə maraq göstərməyin mənası nədir? Yenilik olmur ki?!”