İlham Əliyevin prezident andını diqqətlə izlədim. Telekanalların hər biri andiçməni bir neçə dəfə göstərdiyindən şübhəm qalmadı: Ilham Əliyev hər bir azərbaycanlının prezidenti olacağına and içmədi. Ümumi şəkildə “vətəndaşlar” dedi.
Bu o deməkdir ki, cənab prezident kimlərisə Azərbaycan vətəndaşı “hesab etməyə” bilər. Məsələn, müxalifəti. Müxalifət onu, o da müxalifəti sevmir. Bunlar onu prezident hesab etmir, o bunları “düşmən dəyirmamına su tökənlər” hesab edir. Daha sonra, hakimiyyətin siyasətilə razılaşmayan gənc fəalları, Əliyevi tənqid edən, ailə yatırımlarının üstünü açıb-tökən jurnalistləri, bütün müsəlmanları bərabər haqqa sahib olduğuna inandırmağa çalışan din adamlarını, Quba, Ismayıllı, “Binə” etirazçılarını, ölkəni atıb getmək zorunda qalan yüz minlərlə insanı, işsizləri, evsizləri Azərbaycan vətəndaşı “hesab etmir” prezident.
Möhtərəm prezident özü bilər. Ona asi çıxanları istər vətəndaş hesab etməz türməyə saldırar, istər vətəndaş bilib əfv edər. Üstəlik, dolanışıq üçün şərait yaradar. Belə olmasaydı, əlini Ana yasamızın üzərinə qoyub “vətəndaşların konstitusion hüquqlarını qoruyacağına” and içib o hüquqları bəri başdan pozmazdı. “Quranı Şərif”ə əlini basıb and içəndən sonra Möhsün Səmədovu, Taleh Bağırzadəni, onların silahdaşlarını azad etdirərdi. Azərbaycanda, Gürcüstanda din ocaqlarında qazı pulsuz etmək el diliylə desək, “atasını öldürüb, üstündə göz yaşı tökmək” deməkdir.
Ilham Əliyev sevmədiyi kəsləri Azərbaycan vətəndaşı “hesab etmir” – arxada qalan on illik, qarşıdan gələn beş illik dönəm belə düşünməyə əsas verir. “Hesab etmək, hesab etməmək” – bir şeyə tam əmin olmamaq deməkdir. Qeyri-müəyyən, dəqiq olmayan deməkdir. Təxminən bu şəkildə: mən səni adam hesab edirdim, amma bu belə deyilmiş. Yaxud, səni dost hesab edirdim, düşmənsənmiş. Hesab edirdim ki, kömək əlini uzadarsan, yanıldım. Hesab edirdim ki, prezidentliyə namizədlərin debatında tərbiyəsizlik etdiyinə görə Hafiz Hacıyevi cəzalandıracaqlar, olmadı.
Bir sözlə, “hesab etmək” birmənalı ifadə deyil, tərsi olan sürüşkən sözdür. Hara istəsən, fırlatmaq olar. Bu baxımdan Ilham Heydər oğlu Əliyevin prezident andı içməsini onun prezident seçilməsi hesab etmək doğru deyil. Çünki Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də Ilham Əliyevi prezident seçilmiş hesab edir. MSK-dan təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərilən sənədlərin təsdiq olunduğunu bildirən məhkəmə qərarında belə yazılıb: “Əliyev Ilham Heydər oğlu Azərbaycan respublikası prezidenti seçilmiş hesab edilsin”.
Baş hakim Fərhad Abdullayev belə dedi: Hesab edilsin!
Edilməyə də bilərmiş. O üzdən çoxları Ilham Əliyevi prezident seçilmiş hesab etmirlər, haqsız da deyillər. Mən də Ilham Əliyevi və onun andiçməsinə toplaşmış pullu, vəzifəli, titullu adamları vətəndaş hesab etmirəm. Azərbaycan vətəndaşı Vətəninin baş mahnısını – himnini bilməli, himn çalınanda, oxunanda onu oxumağı bacarmalıdır.
Milli Məclisdəki andiçmə törənində himn səsləndi, Ilham Əliyev – “qəttəzə” prezident himnimizi oxumadı. Xanımı Mehriban Əliyeva da oxumadı, ölkənin baş ağsaqqalı Fəttah Heydərov (və o biri ağsaqqallar), baş deputatı Oqtay Əsədov (və o biri deputatlar), baş naziri Artur Rasizadə (və o biri nazirlər), baş dindarı Allahşükür Paşazadə də…
Bilmirdilər oxumadılar, bilirdilər özlərinə yaraşdırıb oxumadılar, deyə bilmərəm. Fakt odur ki, Konstitusiyaya, Qurana əl basan Ilham Əliyev himnimizi oxumadı. Görünür, bunu vacib əməl “hesab etmədi”. Televiziyalar da himnin oxunmasını vacib “hesab etmədiklərindən” dodağını tərpətməyən hökumət adamlarını birər-birər göstərdilər. Insaf üçün, Məzahir Pənahov, Novruz Məmmədov, Əli Əhmədov, Adil Əliyev himni oxudular. Görünür, onlar himn oxumağı ayıb iş “hesab etmirlər”.
Sənubər İsmayılqızı


