Prokurorluğa əlavə səlahiyyətlər verildi

Müzəffər Baxışov: «Bu, olduqca qüsurlu addımdır»

«Bunun üçün prokurorluğa böyük vəsait və agent şəbəkəsi lazımdır»

Milli Məclis qanunvericiliyə dəyişiklik edərək Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə Idarəsinin səlahiyyətlərini genişləndirib. “Əməliyyat axtarış fəaliyyəti” və “Prokurorluq haqqında” qanuna edilən dəyişikliklərdən sonra prokurorluğun məlum idarəsinə əməliyyat-axtarış tədbirləri görmək hüququ verilib. Və bu zaman qanunun yerinə yetirilməsinə nəzarət hüququ respublikanın baş prokuroruna verilib.

Tanınmış hüquqşünas Müzəffər Baxışov əvvəlcə onu bildirdi ki, qanuna görə, əməliyyat-axtarış fəaliyyəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Həmin orqanlar da Daxili Işlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsidir. Son vaxtlar Fövqəladə Hallar Nazirliyinə də belə bir səlahiyyət verilib.   

Hüquqşünas hesab edir ki, “Əməliyyat-axtarış fəaliyyəti” və “Prokurorluq haqqında” qanuna dəyişiklik edərək prokurorluq işçilərinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyəti verilməsi qüsurlu addımdır: “Bu çox çətin bir işdir. Bunun üçün prokurorluğa böyük şəbəkə və vəsait lazımdır. Belə olsa, gərək, prokurorluq agentlər saxlasın. Bilirsiniz ki, Milli Təhlükəsizlik Nazirliyinin nə qədər qeyri-rəsmi əməkdaşı var. Nazirlik o insanlardan istifadə edir, onlara pul ayırır. Hətta pensiya təyin edəndə o şəxslər üçün imtiyazlar nəzərdə tutulur. Yəni bu, sadə məsələ deyil”. 

Xatırladaq ki, Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə Idarəsi prezidentin sərəncamı ilə 2004-cü il martın 3-də yaradılıb. Dövlət başçısının bu ilin martın 12-də imzaladığı sərəncamla idarənin işçilərinin sayı 40-dan 100 nəfərə qədər artırılıb. Hazırda qurumda 70 cinayət işinin istintaqı aparılır.

Gültəkin