Indi hamının yaxşı tanıdığı Elxan Süleymanovun adından, demək olar, bütün Avropaya “müraciət” göndərilib. Elxan Süleymanovun adından. Açıq-aydın görünür: “müraciət” PA-da, Ramiz Mehdiyevin diktəsi altında yazılıb. Avropa Parlamenti Azərbaycanda “təxribat”, “iğtişaş” törətmək istəyində suçlanır. Bununla bağlı “müraciətdə” konkret fakt, arqument göstərilir: “Azərbaycanı seçkilərin müşahidə ediləcəyi ölkələr siyahısına salmamaqla Avropa Parlamenti siyasi təxribata başlamış və regionda açıq-aşkar işğalçı dövlət olan Ermənistana, eləcə də Gürcüstana seçkiləri müşahidə missiyası göndərməklə Azərbaycanın beynəlxalq aləmdə suyasi nüfuzunu zədələməyə cəhd göstərmişdir”.
Başdan ayağa absurd tearına örnək olacaq “müraciətdən” sayğılı oxuculara bircə alıntı göstərirəm. Son 20 ildə Azərbaycanı satıb-sovmaq yoluyla yiyələndikləri milyardlar bunların başını açıq-aydın… xarab eləyib. Bu nə düşüncə, bunə baxış, bu nə “fakt”, “arqumentdir” belə?! Avropa Parlamenti “müşahidə” ediləcək ölkələrin sıralamasına Azərbaycanı salmayıb. “Işğalçı” dövlət… “Ermənistanla” demokratiya yoluna çıxmış Gürcüstanı salıb. Burası aydındır. Ancaq bu aydınlığın özündə bir qaranlıq var: Avropa Parlamenti niyə Azərbaycanı ayırıb ayrı tutur? Bəlkə, doğrudan da, Azərbaycanın “beynəlxalq aləmdə siyasi nüfuzunu zədələmək” üçün? Ola bilər, ancaq… gərək ortada zədələməli nəsə ola, kimsə onu zədələməyə çalışa. Ortada olan çoxsaylı göstəricilərdən göründüyü kimi, Azərbaycan bütün parametrlər üzrə Afrikanın ən geridə qalmış ölkələri ilə bir sırada durur. Eləcə də Azərbaycandakı rejim, bildiyiniz kimi heydərizm rejimi Afrika ölkələrindəki ən gerilikçi rejimlərlə yanaşı yürüməkdədir.
Burası da bəllidir: Avropa birliyi “Doğu yandaşlığı” proqramına uyğun olaraq Azərbaycanı Əliyevlərin yönəltdiyi gerilikçi Afrika rejimlərinin getdiyi yoldan döndərib Avropaya yaxınlaşdırmağa çalışır. Bu yaxınlaşdırma demokatikləşmə, qanunun üstünlüyü, insan hüquqlarının qorunması kimi çağdaş dünya dəyərlərindən keçir. Bu dəyərlərə sayğı, bu dəyərlərin gerçəkləşməsi, bildiyimiz kimi, özgür, demokratik, açıq seçkilərdən keçir. Yalnız belə seçkilər keçirməklə ölkədə demokratiya, qanunun üstünlüyü, insan hüquqlarının qorunması kimi dəyərlər gerçək qarantiya qazana bilər. Sözügedən seçkilərin yalandan deyil, gerçəkdən keçirilməsi, gerçəklik faktına çevrilməsi üçün mass-media üzərində, eləcə də seçki komissiyaları üzərində rejim monopoliyasına son qoyulmalı, yurddaşların özgürcə toplaşmaq hüquqları Konstitusiya hüquqları olaraq kağız üzərində deyil, işdə doğrulanmalı, siyasi dustaq sorunu biryolluq aradan qalxmalı, beləcə, ölkəni demokratiyaya aparacaq, qovuşduracaq yolda yaşıl işıq yandırılmalıdır. Demokratik dünyanın illərdən bəri istəməsinə baxmayaraq, demokratik qurumlar qarşısında götürülən öhdəliklərə baxmayaraq… Əliyevlər rejimi özünü bütün dünya demokratiyasına qarşı qoyaraq Azərbaycanı açıq-aydın diktatura yoluna yönəldir.
Azərbaycanda keçirilən son prezident seçkisi içdə də, dışda da əliyevçi recimlə bağlı bütün illüziyalara son qoydu. Seçki saxtakarlığı fontan vurdu – demokratik Avropanın özünə belə, qorxu yaradan fontan! Bu seçkini yalnız korrupsioner rejimin milyonlarla dollardan keçməklə ələ aldığı dövlət başçıları, satılmış “demokratik” qurumlar, ayrı-ayrı satqın avropalı deputatlar “düzgün” saydılar. Çox böyük, yalnız milyonların deyil, milyardların tozlanmasından sonra seçkinin sonucları çox geniş çevrədə tanınmır. Bu, Azərbaycan dövləti, Azərbaycan xalqı ilə özbaşına davranışa öyrəşmiş, qurduqları IŞĞAL rejimi altında yiyələndikləri milyardlar üzündən özlərini bütün dünyada toxunulmaz sayan rejim başçıları üçün dözülməz görsənişdir. Buna görə öz adlarını başqalarına qoymaq gərəyi yaranır: “təxribatçı”, “iğtişaş” törədən…