«9 oktyabrdan sonrakı Azərbaycan ondan əvvəlki Azərbaycan deyil»
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli “Azərbaycan saatı”na müsahibə verib. Müsahibədə seçkilərin saxtalaşdırılması mövzusuna toxunulub və C.Həsənli bunu hakimiyyətin qəsb olunması kimi qiymətləndirib. C.Həsənli müsahibəsində gündəmdə olan digər sualları da cavablandırıb. Müsahibəni diqqətinizə çatdırırıq:
– Cəmil bəy, Milli Şuranın rəqibləri bəyan edirlər ki, demokratik qüvvələrin qələbəsi inandırıcı deyil. Bu istiqamətdə gətirilən əsas arqument də belədir ki, bəlkə də təşviqat üçün müddət uzun olsaydı, Milli Şuranın qələbəsi inandırıcı olardı. Sizcə, Milli Şura bu qısa müddət ərzində qələbəyə nail oldumu və bu qələbəni nələr sübut edir?
– Doqquz oktyabr seçkilərində Milli Şura tam qələbə qazandı. Yəni söhbət real, şəffaf, demokratik, seçicinin səsinə arxalanan seçkidən gedirsə, seçkiyə aşağı-yuxarı 20 faiz seçici gəlmişdi. Bu gələn seçicilərin də təxminən 60-65 faizi Milli Şuranın namizədinə səs vermişdi. Qələbə bu idi. Bu günləri xalq bunu edə bilir. Biz bəzən xalqdan bacarmadığı addımları tələb edirik. Doqquz oktyabrda xalq iradəsini ortaya qoya bildi. Bizim apardığımız seçki kampaniyasının nəticəsi olaraq, Milli Şuranın yeni ideya daşıyıcısı olmasını nəzərə alaraq xalqın fəal və dəyişiklik istəyən hissəsi seçkiyə qatıldılar. Onlar öz iradələrini nümayiş etdirərək, səslərini verdilər. Məsələn, 1100-1200 seçicisi olan seçki məntəqələrində aşağı-yuxarı 300-350 nəfərlik aktivlik oldu. Bunu ayrı-ayrı məntəqələrin timsalında da yoxlaya bilərsiniz. Məsələn, Zərdab rayonunun seçki məntəqələrini götürək. Seçkiyə 346 nəfər seçici gəlib və onun 298-i bizə səs verib. Nəticə etibarı ilə isə həmin 298 səsdən cəmi dördü bizə yazılıb. Real nəticə budur. Karuselin, topa bülletenlərin, axşamdan işarələnən bülletenlərin gətirdiyi səs isə bizim deyildi. Milli Şura bu seçkilərdə real və birmənalı qələbə qazandı. Seçkiyə gələn seçicinin böyük üstünlüklə səsini ala bildi. Bu, Milli Şuranın böyük, siyasi, hüquqi, mənəvi qələbəsi idi. Əminliklə deyirəm ki, məhz bu qələbəyə görə 9 oktyabrdan sonrakı Azərbaycan seçkidən əvvəlki Azərbaycan deyil.
“Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir”
– Bir namizəd olaraq sizin mülahizələriniz siyasidir. Amma bu mülahizələrin arxasında hüquqi məqamlar da dayanır. Müsahibələrinizdə bəyan edirsiniz ki, Ilham Əliyev hakimiyyəti qəsb edib. Hakimiyyəti qəsb etmənin yaratdığı bir hüquqi status var. Hakimiyyətin iqtidarı inzibati resurslardan istifadə edib saxladığını nəzərə alsaq, Sizin çağırışlarınızla müəyyən eynilik aparmaq mümkündürmü?
– Mənim fikirlərimin böyük hissəsi mülahizə deyil, konkret fakta söykənən seçki hadisəsidir. Qutulara topa bülletenlərin atılması faktları videoya çəkilib və sosial şəbəkələrdə artıq yayılıb. Bizdə məntəqələrdəki müşahidəçilərin tərtib etdiyi aktlar var. Məsələn, məntəqə komissiyasının üzvü bizim müşahidəçi saxtakarlığa etiraz edəndə onu qutunun yanına çağırır və deyir ki, görürsən mənim əlimdə əlli dənə bülleten var. Bu bülletenləri Ilham Əliyevin xeyrinə qutuya atıram, kimə istəyirsən get de. Əvvəlki seçkilərdə bir qayda olaraq bu şeylər gizlin formada olurdu. Hakimiyyət bunu gizlətməyə çalışırdı. Oktyabrın 9-dakı seçkilərdə isə hər şey açıq oldu. Əslində ATƏT-in Varşava bürosunun rəyinin bu qədər sərt olmasının səbəbi seçkilərin açıq, total formada saxtalaşdırılması idi. Hakimiyyət elə düşünürdü ki, onlar beynəlxalq müşahidə missiyalarının böyük hisəssini müxtəlif yollarla satın alıblar və seçkidən sonra istədikləri rəyi alacaqlar. Göründüyü kimi vəziyyət tamamilə ayrı cür oldu. Hətta bu və ya digər dərəcədə hakimiyyətlə əlaqəsi olan ATƏT missiyasının məsul şəxslərindən biri ATƏT-in Varşava bürosunun rəyi ilə razılaşmayaraq, ayrı bir rəylə çıxış etdi. Məsələn, buna misal olaraq Mişel Vazueni göstərmək olar. Bizim əlimizdə məlumat var idi ki, bu şəxs Azərbaycanın korrupsiyalaşmış məmurlarından biri ilə əlaqədə olan adamdır. Seçkidən qabaq bizim əlimizdə bu məlumat var idi. Siz dediyiniz hakimiyyətin qəsb edilməsi məsələsi Cinayət Məcəlləsindən daha çox Konstitusion bir məsələdir. Azərbaycan Konstitusiyasının birinci maddəsində göstərilir ki, Azərbaycan xalqı seçki yolu ilə öz hakimiyyətini formalaşdırır. Konstitusiyanın 6-cı maddəsində isə göstərilir ki, ayrı-ayrı qrupların, şəxslərin, partiyaların hakimiyyəti mənimsəməsi yolverilməzdir və hakimiyyətin mənimsənilməsi Azərbaycan xalqına qarşı yolverilən ən ağır cinayətdir. Oktyabrın 9-da məhz bu, ən ağır cinayət faktı baş verdi. Konstitusiyaya görə hakimiyyətin mənimsənilməsi xalqa qarşı törədilmiş ən ağır cinayətdir. Əslində bu birinci dəfə deyil ki, baş verir. Mandat alveri ilə bağlı baş verənlər, yayımlanan video materiallar, mətbuatda gedən müzakirələr bunun Azərbaycanda bir ənənə olduğunun təsdiqi idi. Deputat mandatının tamahkarlıqla satılması həmin o hakimiyyət mənimsənilməsinin başqa formasıdır. Bu, parlament, qanunverici hakimiyyətin mənimsənilməsidir. Oktyabrın 9-da isə prezident hakimiyyətinin mənimsənilməsi prosesi baş verdi. MSK tərəfindən seçki adı ilə təqdim olunan bu proses hakimiyyətin mənimsənilməsinə seçki donu geyindirmək hadisəsi idi. Oktyabrın 19-da Konstitusiya Məhkəməsində MSK rəhbəri Məzahir Pənahovun çıxışı var. Məzahir Pənahov öz çıxışında dedi ki, “səslər bölüşdürüldükdən sonra”, yəni söhbət müəyyənləşdirilən nəticələrdən gedir. Seçkidən bir gün əvvəl bir dairə üzrə səsvermənin nəticələrinin internetdə açıqlanması hadisəsi də buna sübutdur. Bu hadisəyə görə səslər qabaqcadan bölüşdürülmüşdü. Gördüyünüz kimi bu da beynəlxalq aləmdə necə böyük əks-səda doğurdu.
“Bu hakimiyyətlə seçki ilə seçilmiş bir iqtidar kimi rəftar edilməyəcək”
– Beynəlxalq aləm demişkən, ATƏT-in Varşava bürosunun rəyi məlumdur. ABŞ Dövlət Departamenti və Böyük Britaniyanın Xarici Işlər Nazirliyinin də seçkilərlə bağlı sərt mövqeyi ifadə olunub. Daha sonra Ilham Əliyevə təbrik kimi ünvanlanan iki sənəd gündəmə gəldi. Birinci ABŞ səfirinin, digəri isə Almaniya kanslerinin adından səslən bəyanatlar idi. Amma həmin sənədlərdə belə ATƏT-in Varşava bürosunun rəyinin sonluğu ilə bir bənzərlik var. Bunu necə dəyərləndirərdiniz?
– Bunu təbrik adlandırmaq düzgün deyil. Bu sadəcə olaraq faktın nəzərə alınmasıdır. Azərbaycan hakimiyyəti müxtəlif yollarla beynəlxalq aləmin ələ alınması istiqamətində addımlar atmışdı. O cümlədən Almaniya ilə də qaz sazişinin imzalanması baş vermişdi. Avropada böyük enerji böhranı var. Istər TAP layihəsi, istərsə də ikitərəfli müqavilələr vasitəsilə imzalanan enerji sazişləri siyasi baxımdan seçkiyə hesablanmışdı. Amma istər ATƏT-in DTIHB-nin, istərsə də Avropa Parlamentinin oktyabrın 23-də qəbul etdiyi qərarlar Avropa dövlətlərini, ABŞ-ı ciddi seçim qarşısında qoydu. Diqqət yetirdinizsə, Dövlət Departamentinin birinci bəyanatında Azərbaycandakı seçkilərin demokratik standartlardan uzaq olduğu göstərilirdi. Ikinci dəfə bu ifadə ABŞ-ın ATƏT-dəki nümayəndə heyətinin başçısının dilindən deyiləndə, orada göstərildi ki, Azərbaycandakı seçkilər demokratik standartlardan çox uzaqdır. Yəni birinci rəydən də qabağa gedildi. Yəni sərtləşən tonla getdi. Əlbəttə, bu proses davam edəcək. Məsələ onda deyil ki, dünya Azərbaycanla və ya Azərbaycan dünya ilə əlaqələrini kəsəcək. Amma qeyri-legetimlik həmişə bu hakimiyyətin üzərində olacaq. Bu hakimiyyətlə seçki ilə seçilmiş bir iqtidar kimi deyil, faktiki görəvdə olan iqtidar kimi rəftar ediləcək.
“Konstitusiya Məhkəməsində mənə söz verilsəydi, deyəcəkdim ki…”
– Konstitusiya Məhkəməsində sizə söz verilsəydi, nə deyərdiniz?
– Konstitusiya Məhkəməsində mənə söz verilsəydi, deyəcəkdim ki, sizin burada seçki adı ilə müzakirə etdiyiniz məsələlərin seçkiyə heç bir aidiyyəti yoxdur. Bu, hakimiyyətin mənimsənilməsi, qəsb edilməsi prosesidir. Bu, sadəcə olaraq, hakimiyyətin mənimsənilməsinin seçki prosesi adı altında sənədləşdirilməsidir. Bunun ardınca mən konkret faktlar səsləndirəcəkdim. Məsələn, bizim 5200 seçki məntəqəsinin 50 faizində seçki pozuntuları, saxtakarlıq, karusel, topa bülletenlərin atılması, məntəqələrin açılması və bağlanması, səslərin sayılmasının məntəqələrdə aparılmaması, müşahidəçilərin uzaqlaşdırılmasıyla bağlı konkret sənədlərimiz var. Masallıda belə bir fakt baş vermişdi ki, məntəqə sədri seçkinin nəticələrini elan etmək istəmir. Bütün seçki sənədlərini götürərək bir otağa girib və otağı da içəridən bağlayıb. Bizim və Böyük Britaniyadan olan müşahidəçilər axşam saat 11-ə qədər oturublar qapının ağzında və gözləyiblər. Bütün məntəqələrə göstəriş verilmişdi ki, heç bir halda müşahidəçilərə protokollar verilməsin, protokollar divarlardan asılmasın və ağ protokollar dairələrə gətirilsin. Biz böyük çətinliklərlə 400 prtokol əldə etmişik. Hətta bizim əldə etdiyimiz protokollarla MSK-nın saytında həmin məntəqələrdəki nəticələr barədəki göstəricilər arasında xeyli fərqliliklər var. Protokolda bizə 350 səs göstərilsə də, saytda bu rəqəm 250-dir. Yəni belə dəyişikliklər kütləvi formadadır. Ya da məsələn, ATƏT-in müşahidəçiləri oturan yerlərdə açıq saxtakarlıq etməyə qorxduqlarından bunun bir ayrı yolunu tapdılar, qutuları məntəqələrdən çıxardılar.
Məsələn, bu saxtakarlığın şahidi olmaq üçün MSK-nın saytına daxil olaraq, müqayisələr aparmaq kifayətdir. Əksər məntəqələrdə məntəqədə səs verənlərin sayı ilə məntəqədən kənarda səsverənlərin sayı kəskin şəkildə fərqlənir. Mən yalnız birinin adını çəkirəm 81-ci dairənin 39-cu məntəqəsinin 990 seçicisi var. Bunun 240-ı məntəqədə, 750-si isə məntəqədən kənarda səs verib. Bu necə ola bilər? Qutu bir halda məntəqədən çıxarıla bilər ki, 15, uzağı 20 nəfər hərəkət qabiliyyətini itirən və ya həmin anda xəstə olan adamlar seçki günündən bir neçə gün əvvəl müraciət etsinlər. Bir məntəqənin ərazisində olan 990 seçicidən 750-si hərəkət qabiliyyətini itirə bilməz. Seçki saxtakarlığına ali icra orqanlarından birmənalı göstəriş verildiyi üçün heç bir məntəqədə seçkinin nəticələri ləğv edilmədi. Ötən seçkilərdə nəticələri ləğv olunan məntəqələrin sayı 10 faizə qalxırdı. Amma bu dəfə bu baş vermədi.
“Milli hədəfə çevrilən milli bayraq”
– Cəmil bəy, seçki saxtakarlığının nəticələrinə qarşı mübarizə davam edir. Bu gün seçki saxtakarlığına qarşı Milli Şuranın növbəti aksiyası keçiriləcək. Mitinqlə bağlı fikirlərinizi və xalqa çağrışınız varmı?
– Mitinq, nümayiş vətəndaşın konstitusion hüququdur və oktyabrın 27-ə olan mitinqə rəsmi şəkildə icazə alınıb. Bu, qanuni mitinqdir və Azərbaycan vətəndaşlarının hüququdur. Biz istər seçki kampaniyası dövründə, istərsə də 9 oktyabrdan sonra 12-i oktyabrda çox güclü mitinqlər keçirmişik. Budəfəki mitinq həmin mitinqlərin davamıdır, seçki saxtakarlığına qarşı etiraz aksiyasıdır. Eyni zamanda biz Milli Şuranın bugünkü və gələcək fəaliyyəti ilə bağlı cəmiyyətə mesaj verməliyik. Aksiyamızda ona da toxunacağıq. Gedəcəyimiz yol, hədəflərimiz, mübarizəmizin əsas qayəsi barədə mitinq iştirakçılarına məlumat verəcəyik. Ədalətli cəmiyyət, rüşvətsiz həyat, demokratik dövlət, Azərbaycan vətəndaşının həyatanın təmin olunması istiqamətində bir mübarizə olmalıdır. Biz ilk növbədə gənclərimizi bu mitinqə dəvət edirik. Bu ölkənin sahibi gənclərdir. Siz o mitinqlərdə gənclərin hansı ruh yüksəkliyi ilə hansı mitinq ab-havası yaratdığının şahidi olursunuz. Bütövlükdə mitinqin döyünən ürəyi, vuran qəlbi, milli diriliyin ab-havasını yaradan bizim gənclərimizdir. Oktyabrın 12-dəki aksiya bitən zaman “Inşatçılar” metrosunun qarşısında mitinq iştiraçılarına qarşı zorakılıq olmuşdu, təxribat həyata keçirilmişdi. Bu hadisə ilə bağlı çox gözəl faktlar sosial şəbəkələrə yerləşdirilib. Orada Kəmalə Bənanyarlı adlı bir xanımın bayraq mücadiləsi var. O, bayrağı başı üzərində ucaldıb. Polis ona bayrağı endirməyi söyləsə də o bunu etmir. Xanım deyir ki, bayrağı niyə endirim, bu mənim millətimin bayrağıdır, Ilham Əliyevin bayrağı deyil. Bir neçə dəqiqə ərzində bu mücadilə əks olunub. Bu, bayrağın ideyasının vətəndaşın ruhuna hopmasıdır. Bu, vətəndaşın bütün vücudu, varlığı ilə bayrağa tapınmasıdır. O, başının üzərində ucaltdığı bayraqla fəxr edir. Bu, milli mücadilənin, milli hərəkatın son dərəcədə nadir bir anıdır. Bu an Azərbaycandakı vəziyyətin çox gözəl örnək ola biləcək nümunəsidir. Bir vaxtlar yaxın keçmişdə sükunətli, öz taleyi ilə barışan cəmiyyət kimi təqdim olunan Azərbaycan cəmiyyəti bu günləri üçrəngli, ay-ulduzlu bayrağı başının üzərində ucaltmaqdan iftixar hissi duyur. O bayrağı qorumalı olan polis orqanları vətəndaşa zor tətbiq edir ki, bayrağı endir, amma o, bayrağı uca tutur. Çünki bayraq onun varlığının ifadəsidir. Vaxtilə bizim gəncliyimiz dövründə – sovet dövründəki bayraqlar nümayişlər boyu əsas gənclərə təqdim olunurdu. Bütün nümayiş boyu həmin bayraqları daşımaq əzab mənbəyinə çevrilirdi. Insanlar daxilən gözləyirdilər ki, nə vaxt bu bayraqdan canları qurtaracaq və mitinq bitən kimi onu harasa atacaqlar. Amma milli bayrağın qayəsini görürsünüz. Insan necə də bayraq uğrunda mücadilə aparır və onu özündən uca tutur. Rənglərin fəlsəfəsi milli ideyada təzahür edəndə bayraq milli hədəfə çevrilir. O bayraq ki, tək ucalmağı ilə milləti də öz kölgəsinə sığındırır.
Seymur Həzi,
Xəyal Şahinoğlu