Dünən Yasamal Rayon Məhkəməsində ilahiyyatçı Taleh Bağırzadənin keçmiş müstəntiqi Vüsal Salehovun vəkili Cavad Cavadlıya və “Azadlıq” qəzetinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmədə “Azadlıq”ın nümayəndəsi vəsatət verərək, bu iddianın qəzetə aid olmadığını bildirib. Qeyd olunub ki, bu iş üzrə cavabdeh vəkil Cavad Cavadlıdır. Bu səbəbdən də mülki işin aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilməsi istənilib.
Lakin məhkəmə vəsatəti təmin etməyib.
Hakim məsələ ilə əlaqədar qərardad qəbul edib. “Azadlıq” qərardadın surətini əldə edən kimi ondan şikayət verəcək.
Qeyd edək ki, müstəntiqin iddiası vəkil Cavad Cavadlının “facebook” səhifəsində yazdığı statusla bağlıdır. “Azadlıq” qəzetinin də sonradan çap elədiyi bu statusda vəkil müstəntiqin vəzifəsindən istefa verdiyini bildirib: “Taleh Bağırzadə müstəntiqlərilə ünsiyyətdə imkan olduğu qədər onları səhv yoldan çəkindirən söhbətlər edir. Bu yöndə söhbətlərdən biri də müstəntiq Vüsal Salehovla aparılıb. Taleh Bağırzadə ona peyğəmbərin, imamların həyatından, islam ehkamlarından danışıb, hədislər söyləyib. Söhbət nəticəsiz qalmayıb. Vüsal Salehov ərizəsini yazıb, orqanlardan könüllü çıxıb. Keçmiş müstəntiq özünə yeni iş tapıb, ailəsini halal yolla dolandırır. Onun yerinə çox şad oldum. Allah bütün məmurlara bunu qismət eləsin. Bu sistemdə dövlət məmuru olmaq özünü həlak etmək deməkdir”.
Keçmiş müstəntiq ona 100 min manat maddi təzminat tələb edir.


