“Səs oğurluğu nəticəsində «qalib» olan şəxsin Qurani-Kərimə and içməsi…”
Cəmil Həsənli: «Seçkilər o qədər açıq şəkildə saxtalaşıdırılıb ki, hətta MSK sədri Məzahir Pənahov Konstitusiya Məhkəməsindəki çıxışında «səsləri bölüşdürdükdən sonra» ifadəsini işlətdi»
ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosundan sonra Avropa Parlamenti də 9 oktyabrda Azərbaycanda keçirilən prezident seçkisini saxta adlandırdı. Məlumat üçün deyək ki, ABŞ və Böyük Britaniya başda olmaqla nüfuzlu demokratik dövlətlər də Azərbaycanda keçirilən prezident seçkisinin nəticələrini tanımır. Beləliklə, Ilham Əliyev tələsik and içsə də, legitimliyi şübhə altındadır.
Bəs seçkidə Əliyevin real alternativi olmuş Milli Şuranın vahid namizədi Cəmil Həsənli baş verənlər barədə nə düşünür? Beynəlxalq aləmin, xüsusilə Avropa Parlamentinin rəyini necə qiymətləndirir? Onunla müsahibəyə elə bu sualla başladıq:
Saxtakarlığa “demokratiya” donu geyindirmiş Avropa parlamentarilərini rüsvay edəcəyik
– Bu belə də olmalı idi. Bu nüfuzlu qurumlar real vəziyyətlə tanış olduqdan sonra ayrı cür hərəkət edə bilməzlər. Azərbaycanda 9 oktyabrda keçirilmiş seçkilər o qədər açıq, aydın, aşkar şəkildə saxtalaşıdırılıb ki, hətta MSK sədri Məzahir Pənahov Konstitusiya məhkəməsindəki çıxışında “səsləri bölüşdürdükdən sonra” ifadəsini işlətdi və bununla da gerçək olanı ortaya qoydu. Bunlar ATƏT-in Varşava Bürosu istisna olmaqla müşahidəçi adı altında natəmiz yollarla əlaqə qurduqları adamları beynəlxalq təşkilatlardan dəvət edib öz saxtakarlıqlarına müsbət rəy almışdılar. Lakin Milli Şura dünyada nəşr olunan nüfuzlu mətbuat orqanları, xarici səfərlər və müxtəlif əlaqələr vasitəsi ilə 9 oktyabrda baş verənləri dünya ictimaiyyətinə çatdırdı və çatdırmaqda davam edəcək. Avropanın seçki tarixində ilk dəfə idi ki, 9 oktyabrda Avropa Parlamentinin 7 nəfərdən ibarət olan müşahidə misiyası ATƏT-in Varşava Bürosundan ayrı və ondan tamamilə fərqli bir rəy elan etmişdi. Biz bu rəyi gözləmirdik və yeri gəlmişkən, bu rəy Avropa Parlamentinin rəhbərliyi, habelə onun üzvləri üçün də sürpriz olmuşdu. Biz Azərbaycanda seçki saxtakarlığına “demokratiya” donu geyindirmiş Avropa parlamentarilərini öz ölkələrinin ictimaiyyəti qarşısında rüsvay edəcəyik. Korrupsioner nazirlərlə, onların “nadir istedad sahibi” olan uşaqları ilə oturub-duran, hələ 2010-cu ilin parlament seçkiləri ərəfəsində Bakıdan Strasburqa göndərilmiş emissarlarından müsbət rəy müqabilində “qonorar” alan AŞ PA üzvləri öz ölkələrində ifşa olunacaqlar. Həmin parlament üzvlərinin bizdə siyahısı var, bu danışıqların kimlərlə aparlması və hansı məbləğdə “qonorar” verilməsi haqqında bizdə müfəssəl məlumatlar var. 9 oktyabr seçkilərində də həmin dəstənin üzvləri Azərbaycanda idilər və saxta seçkilərə saxta rəy verməklə öz vəzifələrini icra etmiş oldular. Amma biz dediyim kimi belə satılmış adamları rahat buraxmayacağıq. AŞ PA müşahidə missiyası Azərbaycandakı son seçkilərdə özləri -özlərini ifşa ediblər və biz də ifşa prosesində onlara kömək edəcəyik. ATƏT-in Varşava Bürosunun müşahidə missiyasının hesabatında Azərbaycanda keçirilən seçkilərdə saxtakarlığın artım sürətinə baxdıqda adamı heyrət bürüyür. 2008-ci ilin prezident seçkilərində müşahidə edilən məntəqələrin 23, 2010-cu ilin parlament seçkilərində 32, 2013-cü ilin prezident seçkilərində isə 58 faizində saxtakarlıq olub. Bu o deməkdir ki, seçki adı altında hakimiyyət mənimsənilib və bu hadisə də Azərbaycan Konstitusiyasına görə xalqa qarşı törədilmiş ən ağır cinayətdir.
AŞ PA missiyasının rəyi şübhə altına alınacaq
– ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosu ilə Avropa Parlamentindən fərqli olaraq AŞ PA-nın müşahidə missiyası isə seçkiyə müsbət rəy verib. Sizcə, Avropa strukturlarının seçkiyə fərqli münasibətinin kökündə nə dayanır?
– Mən seçkidən bir gün əvvəl, oktyabrın 8-də “Hyat Regincy” hotelində onlarla görüşmüşdüm. Onların suallarını dinlədikdə üzlərinə dedim ki, siz xarici müşahidəçi kimi yox, Ilham Əliyevin vəkilləri kimi mənimlə danışırsınız. Mən onlara dedim ki, AŞ PA-nın bəzi üzvləri Azərbaycan hakimiyyəti ilə natəmiz əməllərinə görə özlərini gözdən salıblar, onlara ölkə vətəndaşlarının etimadı qalmayıb və xəbərdarlıq etdim ki, bu dəfə də missiya köhnə əməllərini davam etdirsə, onların əməlləri izsiz ötüşməyəcək. AŞ PA müşahidə missiyasının rəhbəri Robert Uolker yumşaq formada buna etiraz etsə də, onun hansı xətlə seçkilərə maraq göstərdiyi barədə bizdə məlumatlar var idi. Təəssüf ki, bu məlumatlar özünü doğrultdu.
– Konstitusiya Məhkəməsinin qərarından dərhal sonra Ilham Əliyev andiçmə mərasimi keçirildi. Hakimiyyətin bu tələskənliyini nə ilə izah edərdiniz?
– 9 oktyabrda seçki adı ilə hakimiyyətin mənimsənilməsinin 19 oktyabrdakı kimi inaqurasiyası olmalı idi. Prezidentin vəzifəsinin icrasına başlaması ölkədə böyük siyasi hadisəyə çevrilməli, ölkə ictimaiyyəti bundan xəbər tutmalı idi. Lakin qeyri-legitimlik 9 oktyabr seçkilərinin başı üzərində dayandığından tələm-tələsik Milli Məclisin icalasını keçirib bunu inaqurasiya kimi təqdim etdilər. Belə yanaşma ölkənin ali dövlət orqanının nüfuzdan salınmasından başqa bir şey deyil. Əslində, Avropa Parlamentinin seçkinin saxta olması haqqında dünən açıqlanan qərarı Azərbaycan rəhbərliyinin inaqurasiya tələskənliyinin pərdəarxası məqamını ortaya qoydu. Bu tendensiya genişlənəcək, hətta AŞ PA missiyasının rəyi belə şübhə altına alınacaq. Bütün bunları nəzərə alaraq hələ Konstitusiya Məhkəməsinin iclası başa çatmamış deputatlar parlamentə doldurulmuşdu. Ilham Əliyev tez-tez “analoqsuz” ifadəsini işlədir, bax Konstitusiya Məhkəməsinin qərarı ilə inauqurasiya maskaradının bir günə düşməsi doğrudan analoqu olmayan bir hadisə idi. Səs oğurluğu nəticəsində “qalib” olan şəxsin Qurani-Kərimə and içməsi seçki saxtakarlığını müqəddəs Məkkəyə aparıb çıxarmış Azərbaycan kimi bir ölkədə ola bilər.
İlham Əliyevinin “kosmik dövləti”, yaxud Hacı Kərimin aya səyahəti
– İlham Əliyev andiçmə mərasimindəki çıxışını necə qiymətləndirirsiniz?
– Cənab Ilham Əliyev yüz dəfə dediyi şeyləri yüz birinci dəfə bu çıxışında təkrar edirdi. Yenə analoqsuz inkişaf, bir milyon yüz min iş yeri, yoxsulluğun beş faizə enməsi, lazım gəlsə Qarabağın azad edilməsi, kosmosun fəth edilməsi və s “uğurlarından” danışdı. Bunlar artıq Azərbaycan cəmiyyəti üçün Məlikməmməd nağılı kimi bir şeydir. Azərbaycanın kosmik dövlət olması “Hacı Kərimin aya səyahəti” kimi bir şeydir. Milyardlarla vəsait xərcləyib bir Amerika firmasının istehsal etdiyi cihazı fransız nəqliyyat gəmisində kosmosa çıxarmaq, hələ kosmik dövlət olmaq deyil. Azərbaycan cəmiyyəti 20 ildir işğal olunmuş ərazilərin azad olunmasını gözləyir, kosmosa çıxmağı yox. Cənab Ilham Əliyev 10 ildə 10 sot torpaq işğaldan azad edə bilmədiyi halda, üçüncü dəfə əlini Azərbaycan Konstitusiyasına və Qurani-Kərimə basıb ölkənin ərazi bütövlüyünü qoruyacağına and içir. Axı 2003 və 2008-ci illərdə də eyni məzmunlu andlar içilib, bəs niyə ərazi bütövlüyü qorunmayıb? Yaxud vətəndaşına 150-200 manat əmək haqqı, 100 – 150 manat pensiya verən bir ölkənin milyardlar xərcləyib kosmosa həvəskar bir peyk göndərməsi hansı iqtisadi təfəkkürün nəticəsidir? Hanı hər dəfə ağız dolusu elan edilən bir milyon iş yeri ki, bir tikə çörəyə görə Rusiyaya üz tutmuş milyonlara soydaşımızın hazırki müsibəti ürək parçalayır. Ta qədim dövrlərdən başlayaraq son on ilə qədər ölkənin əsas gəlir mənbəyi olan kənd təsərrüfatı Əliyevin yarıtmaz siyasəti nəticəsində gəlirsiz sahəyə çevrildi. Azərbaycanın bütün rayonları istisnasız olaraq dotasiya hesabına yaşayır. Korrupsiya, inhisarçılıq, rüşvətxorluq məhz Ilham Əliyevin idarəçiliyi dövründə adi həyat normasına çevrilib. Ölkənin onilliklər boyu işğal altında olan ərazilərini azad etmək üçün bu “LAZIM” müəllim nə vaxt gəlib çıxmalıdır? Bunların izahı verilməli idi inauqurasiya nitqində.
Konstitusiya Məhkəməsi qanunu pozdu
– Konstitusiya Məhkəməsinin 19 oktyabr qərarı hüquqi baxımdan nə qədər doğru idi?
– Konstitusiya Məhkəməsi 19 oktyabrda bu qərarı verə bilməzdi. Çünki, Konstitusiya Məhkəməsi seçkilərlə bağlı şikayətin olub-olmamasını nəzərə almalı və buna şərait yaratmalı idi. MSK oktyabrın 17-də Məzahir Pənahovun dili ilə desək “səsləri bölüşdürdükdən sonra” axşam sənədləri Konstitusiya Məhkəməsinə göndərmişdi və biz həmin günün səhəri, oktyabrın 18-də Apeliyasiya Məhkəməsinə şikayət vermişdik. Lakin Apeliyasiya Məhkəməsi şikayəti 3 gün ərzində araşdırmalı olduğu halda, heç bir araşdırma aparmadan elə həmin gün iş vaxtı başa çatdıqdan sonra iddianın təmin olunmadığı haqqında qərar qəbul etdi. Bu qərardan 3 gün ərzində bizim Ali Məhkəməyə şikayət etmək hüququmuz var idi və Konstitusiya Məhkəməsi bunu nəzərə almalı və bu haqqı bizə tanımalı idi. Lakin oktyabrın 18-də iş vaxtından sonra Apellyasiya Məhkəməsi qərar verdi, oktyabrın 19-da səhər saat 9-da isə Konstitusiya Məhkəməsinin plenumu MSK-nın yekun rəyini müzakirəyə çıxardı. Halbuki, bizim 3 gün ərzində Apellyasiya Məhkəməsinin qərarından şikayət haqqımız var idi. Bununla da ən yüksək instansiya kimi Konstitusiya Məhkəməsi də qanunu pozmuş oldu. Bütün bunlar qanun pozuntusu şəraitində, qaçaqaçla baş verdi ki, inauqurasiyanı tələsik edə bilsinlər. Yəni, seçkilər ilk addımdan son addıma qədər qanun pozuntuları ilə müşaiyət edildi və bütün seçki boyu müxalifətə qarşı repressiyalar ara vermədi.
Müsavat Partiyasının rəhbərliyinə daxil olan Tofiq Yaqublu və Yadigar Sadıqlı, REAL lideri Ilqar Məmmədov, tanınmış vəkil Qurban Məmmədov, ilahiyyatçı Tale Bağırzadə, NIDA-çı gənclər, jurnalist Əvəz Zeynallı seçki dövrünü həbsdə keçirdilər. Avropa Insan Haqları Məhkəməsinin Əli Insanovun qanunsuz həbs edilməsi və təcili azad edilməsi haqqında qərarı olduğu halda seçkilərlə bağlı iradə ortaya qoyduğundan bu qərar indiyə qədər yerinə yetrilməyib. Məlum olduğu kimi, Ilqar bəy namizəd idi və ona da hamı kimi öz imzatoplama kampaniyasına rəhbərlik etməyə şərait yaradılmalı idi.
Hakimiyyət represiyyalarla müxalifəti qorxu altında saxlamağa çalışır
– Avropa Parlamenti siyasi məhbusların qeyd-şərtsiz azad edilməsini tələb edib. Necə hesab edirsiniz, hakimiyyət bu tələbi yerinə yetirəcəkmi?
– Bilirsən, hakimiyyət represiyyalarla daimi olaraq müxalifət partiyalarını qorxu altında, təzyiq altında saxlamağa çalışır. Artıq 7-8 ildir AXCP lideri Əli Kərimlinin xarici pasportu əlindən alınıb və onun xarici ölkələrə səfərləri yasaqlanıb. Bir ilə yaxındır qaynı Elnur Seyidov saxta ittihamlarla həbsdə saxlanılır. Təsəvvür edin ki, kimsə onun işlədiyi bankdan kredit alıb, aldığı krediti faizləri ilə birlikdə vaxtında qaytarıb. Elnur Seyidovun “günahı” ondan ibarətdir ki, guya bu şəxs krediti təyinatı üzrə istifadə etməyib. Əvvələ, indi Azərbaycanda kim krediti təyinatı üzrə istifadə edir? Ölkədə bank talançılığı baş verdiyindən indi birqayda olaraq yeni kreditləri təyinatı üzrə istifadə etmək üçün yox, köhnə kreditləri bağlamaq üçün alırlar. Bunu kredit verən də bilir, kredit alan da. Ikincisi, krediti təyinatı üzrə istifadə edib-etməməyi onu alandan soruşmaq lazımdır, Elnur Seyidovdan yox. Elnur Seyidovun günahı yalnız Əli Kərimlinin qaynı olmasıdır və onun qanunsuz həbsi, qeyri-hüquqi yollarla həbsdə saxlanması hansısa mücərrəd bir cinayət hadisəsi ilə deyil məhz Əli Kərimli ilə bağlıdır. Bütün bunları edənlər utanıb-qızarmadan hüquqi dövlət qurduqlarını bəyan edirlər. Az qala 10 ildir ki, Xalq Cəbhəsi Partiyası qərargahsız fəaliyyət göstərir, 3 ildir ki, onun qərargahının qapısı qaynaq edilib və məhkəmə burada bir kriminal tapa bilməsə də qapını açmağa da qərar verə bilmir. Budur sizin hüquq dövlətiniz? Seçkinin qızğın vaxtında Əli bəyin tətilə gəlmiş oğlu Türkel, əvvəl Ilham Əliyevin plakatını çırmaq, bu baş tutmadıqda isə polisə müqavimət göstərmək adı altında saxta ittihamla həbsə atıldı. Bir ay bu istedadlı gənc təhsildən ayrılmaq məcburiyyətində qaldı. Onlar elə bilirdilər ki, belə iyrənc üsullarla Əli bəyi seçki prosesindən ayıra biləcəklər.
Sonra isə “Bizim yol” qəzetinin yazarı Pərviz Həşimlini həbs etdilər.
Bu həbsi də bilavasitə Əli Kərimliyə qarşı yönəltmək istəyirlər. Pərviz Həşimli ilə bağlı baş verənlər 37-ci il hadisəsidir və yalnız Stalin diktaturası dövründə işgəncələr hesabına insanlar etmədikləri cinayətləri boynun almalı, başqalarının əleyhinə yalan ifadələr verməyə məcbur edilməli idi. Baxın, MTN-nin təcridxanasında saxlanılan tanınmış bir jurnalist nə ilə təhdid edilir: “Biz səni özünü intihar etməyə məcbur edərik”. Məqsəd nədir, yalançı dövlət çevrilişi şousu düzəltmək. Görünür, Milli Şuranın guya silahlı çevrilişə hazırlaşdığı barədə Nicat Quliyevin “silah arsenalı” lax çıxdığından, indi də Pərviz Həşimlidən Əli Kərimli əleyhinə ifadə almağa cəhd göstərirlər. Pərviz Həşimli guya hələ adı nəmalum saxlanılan üç nazirdən pul alıb və çevriliş hazırlamaq üçün bu pulları Əli Kərimliyə ötürüb. Əbülfəz Elçibəyin guya zəhərlənməsi haqqında özünü zərərdidə kimi göstərən hakimiyyətin böyük öndərə bütün “qayğısı”nın mahiyyəti üzə çıxdıqdan sonra indi də Əli Kərimliyə qarşı yeni “cinayət toru” toxuyurlar. Pərvizin körpə uşağının oyuncaqlarının içərisindən silah “tapıb” saxta ittihamlarla onu həbs etdikdən sonra tanınmış bir jurnalistdən ölkənin aparıcı müxalifət partiyalarının birinin lideri əleyhinə ifadə almaq Azərbaycan hakimiyyətinin totalitar və avtoritar mahiyyətini ortaya qoyur, onun 37-ci ilin NKVD-sinin astar tərəfi olduğunu nümayiş etdirir. Bu rejimin öz əleyhdarlarına qarşı apardığı çirkin mübarizə Iraqda Səddam, Liviyada Qəddafi, Misirdə Mübarək, Suriyada Əsədin öz əleyhdarlarına qarşı apardığı mübarizədən heç nə ilə fərqlənmir. Ərazilərinin 20 faizi işğal altında olan bir ölkənin təhlükəsizlik orqanlarının belə mənasız işlərlə məşğul olması sadəcə olaraq heyrət doğurur. Lakin bu belə davam edə bilməz və təbii ki, biz siyasi əqidəsinə görə həbs edilənlərin azadlığa buraxılmasına nail olacağıq. Beynəlxalq aləmin də bu istiqamətdə dəstəyini müsbət qiymətləndiririk.
Vidadi