İlham Əliyevin “hökumət bəyanatı”

YAP sədri hər təyinatı ilə xalqa bir mesaj verdi…

İlham Əliyev özünü üçüncü dəfə prezident elan etdi və hökuməti buraxıb yenidən təyin etdi. Bir neçə xırda istisna xaricində demək olar ki, hökumətin tərkibi dəyişmədi. Ilham Əliyevin köhnə kabinet üzvlərinə yenidən etimad göstərməsinin bir sıra mühüm səbəbləri və ondan doğacaq nəticələr haqqında yazmaq fikrindəyik.

Ətrafı qədər yaxşı adam

Ilham Əliyev haqqında hansısa dövrdə belə fikir var idi ki,  onun özü yaxşı, ətrafı pisdir. Əlbəttə, bu mühakimə məntiqə və riyazi ardıcıllığa zidd idi, amma adamların bir hissəsini belə aldatmaq mümkün olmuşdu. Bir məsələ dəqiq idi ki, Ilham Əliyev də, onu əhatə edən insanlar da Heydər Əliyevdən miras idilər. Amma illər keçdi və dünya yeni şəffaflaşma dövrü yaşadı, jurnalist araşdırmaları hamı üçün hər şeyi açıb tökə bildi. Indi təkcə oxumaq deyil, dinləmək, görmək, hiss etmək imkanı olan hər kəs bilir ki, o, ölkənin əlvan, ağ, qara, bir sözlə, bütün sərvətlərinə sahiblənib və bunu bilərəkdən, şəxsən özü edir. Yəni, Ilham Əliyev ətrafındakılardan yaxşı adam deyil, elə ətrafı qədər yaxşı adamdır.
Amma bu, mənəvi baxımdan belədir. Işin riyazi tərəfinə diqqət çəksək, görərik ki, o, öz ətrafındakı ən varlı adamdan on milyardlarla artıq sərvətə malikdir.

Yeni hökumət bir bəyanatdır

Ilham Əliyevin yeni təyinatı bütün adlar və bəndlər üzrə bir təyinatdır. Buna görə də xalqımız nəyə diqqət yetirməlidir? Yəni, o, addımları ilə bizə nəyi bəyan edib?
1. Ilham Əliyev ən böyük bəyanını Artur Rəsizadənin təyinatı ilə verdi. Dedi ki, bundan sonra da ölkə iqtisadiyyatı azərbaycanlıların dilində danışa bilməyəcək. Buna görə də biz Ilham Əliyevin hakimiyyəti dövründə yenə də gələcəyimizi qocaların enerjisilə irəli apara biləcəyik. Artur Rəsizadə özünü hara apara bilərsə, elə ölkəni və iqtisadiyyatı da ora aparacaq. Təbii ki, Ilham Əliyevin istəyi və etimadı ilə;
2. Səfər Əbiyev getdi və Zakir Həsənov gəldi. Ilham Əliyev düşünür ki, onsuz da Ermənistanla müharibə olmayacaq. Əsas müharibəni isə o, Azərbaycan xalqı ilə edir.
Mənim elə bir fikrim və illüziyam yoxdur ki, Səfər Əbiyev Qarabağı alırdı, Ilham Əliyev qoymadı. Amma məsələ budur ki, Ilham Əliyev hərbi struktura polis strukturundan birini gətirməklə, əslində, xalqa bəyan etdi ki, daha Qarabağ müharibəsi bitdi, indi əsas müharibə sizinlə olacaq.
Heç şübhəsiz ki, Ilham Əliyevin bu hərəkəti hərbi strukturlara da təsir göstərəcək. Azərbaycanda orta və kiçik zabit heyəti hələ də o fikirdədir ki, müharibə olmalı və Qarabağ geri alınmalıdır. Amma indi məlum oldu ki, yeni nazirin bir döyüş planı olub, o da 2003-cü ildə xalqı dağıtmaq planı;
3. Füzuli Ələkbərov getdi, Səlim Müslümov gəldi. Ilham Əliyev demək istəyir ki, sosial siyasətdə yenə heç bir irəliləyiş olmayacaq. Sadəcə, Ismayıllıda baş verənlər onun hakimiyyətini sarsıtdığı üçün o, Ələkbərovları şəxsən cəzalandırdı. Amma onun yerinə Səlim Müslümovu qoymaqla bəyan etdi ki, təqaüd yenə əvvəlki kimi veriləcək.
Nəhayət, Ilham Əliyev Ramiz Mehdiyevə yaxın olan adamı müdafiə naziri, Kəmaləddin Heydərova yaxın adamı isə sosial müdafiə naziri qoydu. Paşayevlərin yeni siyasi fiquru sayılan köhnənin Əli Əhmədovu isə baş nazirin müavini oldu.
Bu, həm qrup bölgüsü baxımından maraqlıdır, həm də görünür ki, Ilham Əliyev YAP-da Hafiz Hacıyevə qoşulmağa hazır olan adamları stimullaşdırmaq xətti götürüb. Bu xəttin nə qədər uzanacağı isə təbii ki, xalqdan çox asılıdır.