Hökumətin düşməni Xədicə Ismayılova, dostu Ilham Əliyev

ABŞ-ın ölkəmizdəki baş diplomatı ilə görüşündə Ilham Əliyev Xədicə Ismayılovanı “hökumətin düşməni” adlandırıb. Düz deyib. Bəlkə də, 10 illik prezidentliyi boyunca bu onun dilinə gətirdiyi birinci, sonuncu doğru söz olub. Biz də Xədicə Ismayılovanı HÖKUMƏTIN DÜŞMƏNI sayırıq. Ancaq bu, I.Əliyevin, eləcə də ona bağlı olanların tanıtmağa çalışdığı kimi, AZƏRBAYCAN HÖKUMƏTI deyil, Azərbaycana, Azərbaycanın MILLI MARAQLARINA düşmən, atadan oğula miras qalan Əliyevlər hökumətidir. Biz hamımız – Azərbaycanı sevənlərin, ata-oğul Əliyevlərin bir belə (çoxillik, çoxsaylı) satınalmalarından sonra da satlmayanlar, Azərbaycanın MILLI MARAQLARINA bağlı qalanlar – bu hökumətə düşmənik. Çox saya bir nədənə – bu hökumət Azərbaycana düşmən olduğuna, Azərbaycanı yağıcasına yeyib-yendiyinə görə! 

Müxalifət arasına soxulmuş, burada illərdən bəri TROYA ATI rolunu oynayan bir sıra bəlli satılmışlar, qabaqkı illərdə olduğu kimi, yenə seçkiöncəsi rejimin muzdlu qulbeçələri olaraq aldıqları tapşırıqlara uyğun öz işlərini gördülər. Onlar qəzetlərində “özü yaxşı, ətrafı pis” prezidentin seçkidən sonra əski komandası ilə üzüləşəcəyini, gənc, perspektivli kimsələrdən yeni hakimiyət komandası formalaşdıracağını yazırdılar. Biz də əlimizdəki olanaqdan – feysbukdan yararlanaraq onların iç üzünü açıb tökməyə, rejimə satılmaqla Xalqa dönüklük etdiklərini göstərməyə çalışırdıq. Ortaya bizi qınayanlar da çıxırdı. Belələri çoxillik saxta “mötəbər, inanılmış, etibarlı mənbələrə”, “iqtidar daxilindən sızdırılmış” belə satqıncasına yazılara, illərlə olduğu sayaq, bir daha inanaraq bizi qınayırdılar: “seçkini gözləyin, bəlkə, doğru çıxacaq”. Belə yerdə deyirlər: yalan ona inanmaq istəyənlər üçündür. Belə bir deyim də var: görünən köyə nə görkəzmə. Biz gerçəkliyi olduğu kimi görür, olduğu kimi də dəyərləndirirdik. Sözügedən kimsələr də gerçəkliyi olduğu kimi görür, ancaq… gördükləri gerçəkliyə uyğun yarınma yolu tuturdular. 

Bitdi. Seçki arxada qaldı. Hələ seçkidən sonra tezBAZAR “inauqurasiya” da oldu. Ancaq bu, çağdaş dünyada görünməyən karikatura inauqurasiya idi: saxta seçkinin saxta inauqurasiyası! Bu inauqurasiyada 10 ilin korrupsiya prezidenti belə bir söyləmədə də bulundu: “Korrupsiya və rüşvətxorluqla DAHA CIDDI mübarizə aparılacaq, ortaya siyasi iradə qoyulacaq”. “Ciddi mübarizə” olmayan yerdə “daha ciddi mübarizədən” danışmaq necə yalançılıqdırsa, 10 ildə özünü göstərməyən “siyasi iradədən” danışmaq da eləcə yalançılıqdır. Düzdür, biz ortada yerli-dibli “siyasi iradə” olmadığını danmırıq. Elə olsaydı, onda biz milyonlarla dollarlıq Dubay, Mayami, Karlovı-Varı, Monteneqro, 48 milyard dollarlıq ofşor oğurluqlarını danmış olardıq. Ortada özünü göstərən, özü də çox parlaq göstərən “siyasi iradə” var, ancaq bu yalnız KORRUPSIYA-SOYĞUNÇULUQ axarında, eləcə də ANTIMILLI, ANTIDEMOKRATIK axarda ortaya çıxan “siyasi iradə”dir. 

Bu “siyasi iradə” özünü hökumətin “yenidən” formalaşdırılması faktında bir daha göstərdi: 20 ilin KORRUPSIONER KOMANDASL, demək olar, toxunulmaz qaldı. Toxunulmaz qaldı, komandanın “hücum xətti” daha da gücləndirilməklə. 2005-ci il noyabrın 26-dakı hakimiyət-müxalifət qarşıdurmasında SÜMÜKQIRAN itlərilə tanınan Zakir Həsənov komandanın Müdafiə naziri postuna gətirildi. 27 yaşlı oğlu Londonda 26 milyon dollarlıq mülk almış Kənd təsərüfatı naziri Ismət Abbasov bu faktı Ictimai televiziyadan səsləndirmiş SEÇKIN prezident Cəmil Həsənlinin acığına Nazirlər Kabinetində yüksək postla ödülləndirildi. Debatlarda Ilham Əliyevi Aleksandr Matrosovcasına (Matrosovun ruhu bizi bağışlasın!!!) qorumağa qalxan Əli Əhmədov Artur Rəsizadə yoldaşlığına yüksəldildi. Yada sovet dönəminin sovetski meyxanası düşür: “Ay can alan candı bizim məhlədə”…