Rüşvətlə mübarizə serialı

Ingilislərin məşhur bir ifadəsi var: “soap opera”. Tərcüməsini hamınız yaxşı bilirsiniz, çünki neçə illərdir ki, bu ifadə məişətimizə daxil olub. Bəli, söhbət elə seriallardan gedir. Amma indi seriallardan yazmağa elə vaxtım, həvəsim yoxdur, bu, heç mənim mövzum da deyil. Sadəcə, düşünürəm ki, hökumətin korrupsiya ilə mubarizəsi də sabun köpüyünə çevrildi, hə, əsl “soap opera” oldu. Böyük vədlərdən başladılar, amma yumurtada qurtardılar. Görünür ki, bu yumurta adi məsələ deyilmiş. Uşaqlıqda məhəllədə çətin və sevimli sual vardı: “yumurta əvvəl yaranıb, yoxsa toyuq?”. Bəli, yumurta belə qəliz bir məsələdir. Ucuz qiymət və təbii ki, ucuz yumurta sevdası ilə bayram da düz qapımızın kəndarını kəsdirdi. Yumurta davası imkan vermədi ki, camaat düz söz eşitsin, məsələn, bilsin ki, bazarda kütümün qiyməti artıq 20 manatdır!
Nə isə. Kommunistlərin lideri Lenin deyirdi ki, çox da konkretliyə getməməli və ümumiləşdirməyi bacarmalıyıq, yoxsa konkret detalların cəngəlliyindəcə itib-batarıq. Olsun. Mən də çox konkret olmayacam.

Böyük tətil ərəfəsində

Bayram böyük tətillə müşayiət olunacaq. Hə, deyəsən, 9 gün deyirlər! Amma heç kim sevinmir. Evdə oturub nə edəcəyik?! Elə insanlar var ki, artıq illlərdir evdə oturublar, biçarələr iş gözləyirlər, onları da düşünmək lazımdır. Məmurlar yaxşıca dincələcək, bəli, bunun üçün onların hər şeyi var – həvəs, imkan! Bizim nəyimiz var? Hətta həvəsimiz də qalmayıb. Düzdür, indi bir az problemləri var – pəhriz saxlayırlar. Mən “pəhriz” deyəndə məmurlarımızın rüşvət pəhrizini nəzərdə tuturam. Amma bilmirəm, bu pəhriz məmurlarımızı, yoxsa bizi sağlamlaşdıracaq? Bilmirəm. Avtoritar rejimlərdə korrupsiyaya qarşı mübarizənin iki yolu var: ya totalitarizmə, ya da demokratiyaya keçid. Indi bilmirəm bunlar bu iki yoldan hansını seçəcəklər. Yəqin, demokratiyanı seçməzlər. Bəlkə totalitarizmə keçəcəklər? Totalitarizmdə də rüşvət olmur, ya da ki, çox az olur. Məsələn, Stalin bir şineldə və bir də nimdaş çəkmədə ölmüşdü. Hətta onun nimdaş çəkmələrinin üstünü güllə örtmüşdülər ki, heç olmasa görünməsin… Amma inanmıram bizimkilər bu yolu tutmuş olsunlar. Buna onların nəfsi imkan verməz. Deməli, hər şey olduğu kimi qalacaq və biz yenə də “iri addımlarla addımlayacağıq”. Hara? Məchulluğa doğru, zira qarşıda başqa heç nə görünmür. Həyat da beləcə axıb gedəcək, mənasız və ümidlərlə dolu… Bir ümiddən başqa bir ümid, o birindən digəri… Beləcə, bu həyat özünün növbəti dövrünü başa vuracaq… Indi hər şey bizə sadə və adi görünür. Amma həyatın bundan sadə həqiqətləri var – axar su kimi o bircə yerdə durmur, axıb gedir. Bu axında fürsət tapıb nəsə götürə bildinsə hesab et ki, qazandın, götürə bilmədinsə, özündən küs…

Tilsimlənmiş cəmiyyət

Bir dəfə bir əcnəbi politoloqla çeçenlər haqqında dınışırdıq. Həmin politoloq dedi ki, hə, çeçenlər o qədər azad xalqdır ki, dövləti ancaq bircə halda qəbul edə bilərlər – onun Allahdan gəldiyinə əmin olsalar! Indi həmin fikri çözmək istəmirəm. Bəzən mənə elə gəlir ki, biz də o qədər korlanmış cəmiyyətik ki, dövləti ancaq bircə halda qəbul edə bilirik – onun zor və rüşvətlə işləməsini əminliklə qəbul edəndə. Başqa halda dövlət də, onun məmurları da bizlərə gülünc təsir bağışlayır, sevmirik onları, hətta lağ edirik. Azmı belə hal görüb və eşitmişik? Bizim anlamımızda rüşvət almayan müəllim, həkim və məmur acizdən də acizdir. Ona görə də rüşvət məsələsində mən çox pessimistəm. Bəli, bir partiya aksiya keçirdi. Onun üzvlərindən başqa kim gəldi həmin bu aksiyaya? Bir neçə il bundan əvvəl böyük bahalaşma oldu və yenə də heç kim gəlmədi. Cəmiyyətin reaksiyası, bilirsiniz, necədir bu məsələlərə? Bəli, bahalıq olmalıdır də! Bəli, rüşvət olmalıdır də!…

Kiçik sözardı

Hə, ölkədə rüşvətlə mübarizə serialı gedir. Özü də bütün kanallarda göstərir və reklam edirlər. Qərəz, baxmamaq mümkün deyil. Baxmayıb nə edəcəyik? Görək, axırı nə olur. Onsuz da bunların böyük seriallar çəkməyə elə həvəsi yoxdur. Güman, bir-iki ay davam edəcək. Iki ay pəhriz nədir ki, dözməyək?