Yaponiyada qurbanların sayı 16,6 minə çatdı

Alimlər vulkan püskürəcəyi barədə xəbərdarlıq etdilər

XIN Azərbaycan vətəndaşlarını Yaponiyaya səfərlərini təxirə salmağa çağırdı

Yaponiyada zəlzələ və sunami qurbanlarının sayı 16,6 min nəfərə çatıb. Polisin verdiyi məlumata görə, ölənlərin sayı 6539, itkin düşənlərin sayı isə 10354 nəfərdir. Dünən Yaponiyanın Xonsyu adasının şərq sahilləri yaxınlığında 5 bal gücündə 3 yeni yeraltı təkan baş verib(Lent.az). Dağıntı və tələfat olmayıb. Lakin yapon alimləri əhalini Fudziyama vulkanının püskürə biləcəyi barədə xəbərdarlıq ediblər. Vulkanın davam edən yeraltı təkanlar nəticəsində oyanması ehtimalı yüksəkdir. Fudziyama vulkanı sonuncu dəfə 1707-ci ildə püskürüb.
Yaponiyanın Fukusima AES-in zədələnmiş reaktorlarının soyudulması üzrə cəhdlər dünən də davam etdirilib.

Özünümüdafiə Qüvvələrinin ötən gün başladığı soyutma əməliyyatı çərçivəsində üçüncü reaktora havadan tonlarla su səpilib. Bu əməliyyat dünən nasoslarla daha çox suyun səpilməsi ilə davam etdirilib. Qurudan isə stansiyanın ətrafındakı yanğınsöndürmə maşınları ilə üçüncü reaktorun ehtiyyat hövzəsinə ümumilikdə 50 tonadək su tökülüb.
Havadan və qurudan edilən cəhdlərə baxmayraq hövzədə suyun səviyyəsinin hələlik aşağı olduğu bildirilir. Su kifayət etmədikdə isə nüvə çubuqları qızaraq ətrafa radiasiya yaya bilər. Eyni zamanda reaktorların soyutma sistemlərinin elektrik enerjisi ilə təminatının bərpası üzrə işlər davam etdirilir. Fukusima AES-in operatoru olan enerji şirkəti nüvə böhranının daha da pisləşməməsi üçün zədələnmiş reaktorlardan ikisinin soyutma sistemlərinə gedən elektrik xətlərinin martın 19-dək bərpa olanacağını vəd edib. 

Bu arada Tokioda səfərdə olan Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano baş nazir Naoto Kanla görüşüb. Yukiya Amano “Fukusima 1″ AES-də qəzanın ciddiliyinə narahatlığını ifadə edib.

MAQATE rəhbəri Yaponiyanın xarici işlər naziri Takeaki Matsimoto ilə görüşündə isə vəziyyətlə bağlı əlavə məlumatlarla tanış olub. O, Yaponiyada yaranmış nüvə böhranının beynəlxalq səviyyədə əməkdaşlıq tələb edən çox ciddi problem olduğunu deyib.

Yaponiyanın Atom Enerjisi Agentliyi “Fukusima 1″ AES-da təhlükənin səviyyəsini artırıb. Əvvəlcə yeddi mümkün səviyyədən dördüncüsü verilən təhlükə dərəcəsi indi beşinciyə yüksəlib. Dördüncü səviyyənin əlamətləri böhranın ətraf mühitə mənfi nəticələrindən ibarətdir. Beşinci təhlükə səviyyəsi isə daha geniş nəticələrlə səciyyələnir. Bu səviyyənin əlamətləri əsasən reaktorun daxilinin ciddi zədələnməsi, ətrafa daha çox radiasiyanın yayılması, yüksək dərəcədə radiasiyaya məruz qalma və ya radiasiyadan bir neçə ölüm halının baş verməsindən ibarətdir.
1979-cu ildə Pensilvaniyada Üç Mil Adasında nüvə reaktorunda baş vermiş qismən ərimə beşinci dərəcəli təhlükə səviyyəsi ilə xarakterizə olunmuşdu. 1986-cı ildə azı 31 nəfərin ölümü, xərçəng xəstəliyinin yayılması, radiasiya məsafəsinin isə yüzlərlə kilometrədək yayılması ilə nəticələnmiş Çernobıl faciəsinə isə yeddinci təhlükə səviyyəsi verilmişdi.

Fransanın Nüvə Təhləküsizliyi agentliyinin rəsmiləri Yaponiyanın şimal şərqində yaranmış böhranın altıncı səviyyə ilə qiymətləndirilməsinin vacibliyini artıq bir neçə gündür bəyan edirlər.
Xarici Işlər Nazirliyi Azərbaycan vətəndaşlarına Yaponiyadakı mövcud vəziyyətlə bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda Yaponiyaya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. Yaponiyada yaşayan Azərbaycan vətəndaşlarının isə ölkədə baş verən zəlzələ və radiasiya təhlükəsi ilə əlaqədar Yaponiya rəsmi nümayəndələrinin təlimatlarını mütəmadi izləmələri və mövcud qaydalara əməl etmələri, yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Azərbaycanın Tokiodakı səfirliyinə müraciət etmələri tövsiyə olunur.

Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseynov isə bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsiz yerə köçürüldüyünü bildirib.