Sumqayıt şəhərindəki “Karvan” ticarət mərkəzində baş vermiş yanğınla bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyası bəyanat yayıb. Bəyanatda deyilir:
“”Karvan”ın yanaraq məhv olması barədə xəbərlər bütün ölkə ictimaiyyəti kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasında da ciddi təəssüf hissi yaradıb. Xeyli sayda sahibkara ziyan dəyib və insanlarımızın güzəranının çətinləşməsi artıq göz önündədir. Amma alınan xəbərlər, şahidlərin video müsahibələri bizi daha dərin bir üzüntüyə aparır. Məlum olur ki, hansısa maraqlı qüvvə yüzlərlə ailənin xırda dolanışıq yerinə qəsdən ziyan vurub. Yanğın söndürülməyib. Bu onu göstərir ki, “Karvan” ticarət obyektində çalışan yüzlərlə sadə kiçik sahibkar hansısa iki iri oliqarxın arasındakı mübahisənin, intriqanın qurbanı olub. Bu isə dövlətin bu kimi olaylara son dərəcə laqeyd olmasının, bu cür hadisələrin qurbanlarının deyil, onu təşkil edənlərin arxasında olmasının nəticəsidir.
Belə mühüm və böyük obyektdə yanğından mühafizə məqsədilə əvvəlcədən etibarlı tədbirlərin görülməməsini, yanğının söndürülməsi zamanı məqsədli və ya məqsədsiz şəkildə yol verilmiş açıq səhlənkarlığı, ölkədə effektli sığorta bazarının formalaşmasına hökumətin yaratdığı maneələri, ağır itkiyə məruz qalmış sahibkarlara hökumətin biganə münasibətini nəzərə alanda baş verənlərə görə hakimiyyətin məsuliyyət daşıdığı aydın şəkildə görünür.
AXCP siyasi hakimiyyətdən və hüquq mühafizə orqanlarından tələb edir ki, dəymiş ziyan hesablansın və zərərçəkənlərin zərəri ya ödənilsin, ya da bu cinayəti törədənlərə ödətdirilsin. Hadisəni törədənlər tapılsın və qanun qarşısında cavab versinlər. Hakimiyyət bunu etməyə borcludur və insanların tələbinə ən qısa zamanda cavab verilməlidir”.


