Buyurun, bu da sizə kadr islahatı

Saxta seçkilərlə özünü prezident elan etmiş Ilham Əliyev Artur Rəsizadəni yenidən baş nazir postunda saxlayıb. Saxta yolla formalaşmış parlament də Ilham Əliyevin həmin göstərişini müzakirəsiz qəbul edib. Ölkə bu…

Seçki təbliğatı başlayandan “Yeni Müsavat” qəzeti Ilham Əliyevin yeni – üçüncü dönəminin başqa olacağını yazırdı. Guya Ilham Əliyev ciddi kadr islahatlarına gedəcək, nazirləri dəyişəcəkdi. Son günlərsə “Azadlıq” bu təbliğata qoşulub kadr islahatından yazırdı. Hələ “Azadlıq” bir qədər də qabağa gedərək oyuncaq deputat, prezidentliyə oyuncaq namizəd Zahid Orucdan mövqe də öyrənirdi. Bütün həyatı bir mövqeyə – antimilli hakimiyyətin mövqeyinə bağlı olan adamdan açıqlama almağa, onun mövqeyini tirajlamağa ad tapmaq çətindir. 

Seçki saxtakarlığına gedənlər hər şeyi tezbazar yola verməyə çalışırlar. MSK-nın tələsik qərarı, Konstitusiya Məhkəməsinin dövləti cinayəti tələsik təsdiqləməsi, Ilham Əliyevin tələsik inauqurasiyası… hər şey seçki cinayətini ört-basdır eləməyə hesablanıb. Əslində bu gün seçki cinayətləri ilə bağlı yazılar davam etdirilməli, videofaktlar təkrar-təkrar incələnməlidir. Saxtakarlara layiq olduqları yer təkrar-təkrar göstərilməlidir, onların yaddan çıxarılmasına, unudulmasına imkan verilməməlidir.

Ilham Əliyev “Heydər Əliyev kursu”na “sadiqliyindən” əl çəkmədiyi kimi, ona qarşı olanlar – həqiqətin yanında, demokratiya yolunda olanlar da öz kurslarından çəkilməməlidir. 

Birinci addımı Ilham Əliyev atdı; Artur Rəsizadəni – ən yaşlı naziri təzədən öz əzəli-əbədi postunda görmək istədiyini rəsmiləşdirməklə hansı yolda olduğunu ortaya qoydu. Buyurun, bu da sizə kadr islahatı. Indi nədən yazacaqlar, bu “islahata” hansı donu geyindirməyə çalışacaqlar. Bunun ardınca əbədi, həm də birilərinin sevimli naziri Ramil Usubovun təqdimatı oldu. Ondan sonra Ziya Məmmədov boy göstərdi, Kəmaləddin Heydərov, qoca səhiyyə naziri Oqtay Şirəliyev, talan olunan büdcənin niyə dağıdıldığını hesablamaq vəzifə borcu olan, ancaq bu borcu heç vaxt yerinə yetirməyən Hesablama Palatasının sədri Heydər Əsədov… sədriliyə nazirliklə əvəzlədi. Başqaları da eləcə. Iki naziri çıxarmaq heç cürə islahat sayıla bilməz. Demək olar heç nə dəyişmədi, heç kim istefaya göndərilmədi(ola bilsin yaxın günlərdə həmin iki nəfərin başqa təyinatının şahidi olacağıq). Çünki bu ölkədə istefa başdan başlanmalıdır. Birinci növbədə Ilham Əliyev istefaya getməlidir. Onda qalan istefaları gözləməyə, onlardan yazmağa ehtiyac olmayacaq.

Seçki təbliğatı dönəmində, seçki gününə qədər Ilham Əliyev postunda qaldı, sərəncamlar verdi, saxtakarlıqlara şəxsən rəhbərlik etdiyini hamıya nümayişkaranə şəkildə göstərdi. 

Bir müddət qabaq Prezidentin Ehtiyat Fondundan 2012-ci və 2013-cü ilin iyul-sentyabr aylarında ayrılan vəsaitlərdən yazmışdım. Xatırlatmaq pis olmaz. 2012-nin həmin üç ayında cəmi 13 sərəncam olmuşdu və 72,4 milyon vəsait ayrılmışdı. 2013-də isə sərəncamın sayı 68, ayrılan vəsait 160,8 milyon manat olmuşdu. Ancaq Ilham Əliyev bununla yetərlənməyib oktyabrın ilk günlərində – seçki ərəfəsində daha dörd sərəncam vermişdi. Ağstafaya(02.10.2013) 4,6 milyon, Sumqayıta (03.10.2013) 3 milyon, Füzuliyə (05.10.2013) 3 milyon və Qazaxa (07.10.2013) 2 milyon manat ayırmışdı. Bu da son deyildi. Seçkidən sonra, prezident seçilib-seçilmədiyi rəsmən bilinmədiyi halda oktyabrın 14-də əfv fərmanı verdi və “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” sərəncam izaladı. Nəticə çıxarmaq üçün bəs deyilmi?

Sonra da qəzetlər “yaxşı padşah, pis ətraf” nağılıyla oxucularına hörmətsizlik edir. Yaxşı padşahın pis ətrafı ola bilməz. Yaxşı padşah xalqın övladını öz övladından fərqləndirməz. Tezbazar inauqurasiyaya xarici qonaqların dəvət olunmamasına düşük-düşük “təvazökarlıq” donu geyindirirlər. Təvazökar başçı milləti burda dilənçi günündə qoyub Dubayda, Mayamidə, Karlovı-Varıda, Monteneqroda villa almaz. Ölkənin hər guşəsində özünə saray tikdirməz. Təvazökar başçı xalqın 48 milyardını oğurlayıb ofşorlara yatırmaz.

Bundan ən betəri… bütün bunları ört-basdır etmək, beləsindən “kadr islahatı” gözləməkdir…