“Bizi oğurlamaqdan əl çəkin”

Gənclər güc strukturlarının qanunsuzluğuna etiraz etdilər

 

AXCP Gənc Komitəsinin təşəbbüsü ilə ötən gün müxtəlif gənclər təşkilatlarının, siyasi partiyaların gənc fəalları hüquq mühafizə orqanlarının kütləvi aksiyalardan əvvəl apardığı qanunsuz həbslərlə bağlı tədbir keçirildi.

 

Tədbirin məramı haqda çıxış edən AXCP GK-nin sədri Əbülfəz Qurbanlı 11-12 mart aksiyaları zamanı baş verən həbslərin statistikasını və təfərrüatını açıqladı. O, bildirdi ki, aksiya başlamazdan əvvəl 4 nəfər həbs olunub. Lakin bu həbslər haqda DİN heç bir məlumat verməyib, həbslər bilərəkdən gizlədilib. Hətta bir aktivistin 4 gün axtarıldıqdan sonra təsadüfən Binəqədi təcridxanasında saxlanıldığı bəlli olub.

Hüquq-mühafizə orqanlarının insanları yaxınlarına xəbər vermədən həbsə atmasını qanunsuzluq adlandıran Ə.Qurbanlı “bu, faktiki olaraq, adam oğurluğu, hacıməmmədovluqdur. Qanunun keşiyində durmağa məsul bilinən oqranlar özləri qanunlara hörmətsizlik edirlər. Biz bu hallara son verilməsini tələb edirik” dedi.

“İnsan haqları evi” nümayəndəsi Rəsul Cəfərov çıxışında bildiridi ki, saxlananların yaxınlarına bu barədə dərhal xəbər verməmək təkcə daxili qanunvericiliyin deyil, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrin də tələblərini pozmaqdır. Hüquq müdafiəçisi təklif etdi ki, güc orqanlarının analoji qanunsuzluqları sistemləşdirilərək sənədləşdirilməli və beynəlxalq qurumlara, səfirliklərə təqdim olunmalıdır.

Daha sonra 11 mart aksiyasından öncə polisin həbs etdiyi gənclər Səxavət Soltanlı, Abdulla Tağıyev və Dəyənət Babayev çıxış etdilər. Gənclərin hər biri demək olar eyni qanunsuzluqla üzləşdiklərini dedilər. Bu qanunsuzluqlar heç bir əsas olmadan saxlanma, saxlanılarkən yaxınlarına xəbər vrmək imkanından məhrum edilmə və ədalətsiz, qeyri-obyektiv məhkəmə qərarlarını əhatə edirdi.
 

“NİDA” Vətəndaş Hərakatının üzvü Zaur Qurbanlı isə təklif etdi ki, istənilən fəalın yoxa çıxması və həbsi barədə rəsmi informasiya verilmədiyi halda gənclər Binəqədi təcridxanası önündə aksiya keçirsinlər. “Dalğa” Gənclər Təşkilatının, Demokrat və Ümid partiyalarının gənc fəalları da çıxışlarında hüquq mühafizə orqanlarının qanundan kənar fəaliyyətini tənqid etdilər. Sonda tədbirdə iştirak edənlərin adında müraciət qəbul olundu.

Müxalif fikirli gənclərin aksiyalardan əvvəl saxlanılaraq müxtəlif müddətlərə həbsə atılmalarından narahatlıq ifadə olunan müraciətdə tələb olunur ki, gənclərin oğurlanması və həbslər dayandırılsın, müxalif fikirli şəxslərə qarşı təqiblərə son qoyulsun: “ Yaxın müddətdə yeni etiraz aksiyalarının keçiriləcəyini nəzərə alaraq, biz dövlət qurumlarına, konkret olaraq hüquq-mühafizə orqanlarına, yerli vətəndaş cəmiyyətinə və beynəlxalq ictimaiyyətə, o cümlədən demokratik ölkələrin diplomatik korpus nümayəndələrinə müraciət edirik.

Hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına:

– əsassız həbslər həyata keçirilməsin;
– gənclərin və müxalif fikirli şəxslərin sərbəst toplaşmaq haqqı tanınsın;
– maneələr yaratmaq əvəzinə, dinc etiraz aksiyalarının həyata keçirilməsinə şərait yaradılsın.

Yerli vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyətə:

– gənclərin əsassız həbslərinə etirazlarını bildirsinlər;
– həbs edilənlərin hüquqlarının müdafiəsinə yardım göstərsinlər;

Demokratik ölkələrin diplomatik korpus nümayəndələrinə:

– hakimiyyəti Azərbaycanın demokratiya sahəsində üzərinə götürdüyü öhdəliklərə riayət etməyə çağırsınlar;
– sərbəst toplaşmaq azadlığının təmin edilməsi və gənclərin əsassız həbslərinin dayandırılması üçün hakimiyyətə çağırışlar etsinlər”.

Natiq