Cihangir Refik Yılmaz (Türkiye)
2006-cı ildən bu günə Türkiyə mediasının bir küncündə yer aldıqdan sonra, qardaş ölkə Azərbaycanda davam etdirdiyim peşəmin ilk paraqrafından, starxəbər oxuyucularına salamlarımı göndərərək başlayıram yazıma.
Türkiyədə keçmiş zamanlarda yaşamış böyüklərimizin sözləri bu günümüzdə atalar sözü olaraq təyin olunmuş və sonrakı nəsillər atalarının bu qısa və təsirli sözlərini cəmiyyətin hər sahəsində demək istədiklərinin haqlılığını vurğulamaq üçün, daha dəqiq desək, sözü yerinə gətirmək üçün haralardasa istifadə etmişdir. Mən də ilk yazımda atalarımızın bir vaxtlar dediyi: “Evinizin qarşısını təmizləmədən, qonşunuzun damındakı qarlardan şikayət etməyin” – sözünə əsasən, mənsub olduğum medianın vəziyyətini özüməməxsus şəkildə dəyərləndirməyə çalışacağam.
Maraqlıdır ki, ilk yazıma başlamağa qərar verdiyim gün ölkədə azadlıq müdafiəçilərinin, fərqli duruşun, yaşanan haqsızlıqların yazılı mediadakı üzü – ”Azadlıq” qəzetinin bəyanatını oxudum. Bəyanatda oktyabr ayının 14-də Yasamal Rayon Məhkəməsi Binə Ticarət Mərkəzi rəhbəri Kəbirə Məmmədovanın iddiası ilə qəzetin üzərinə qoyulmuş 32 min azn məbləğində cərimənin oktyabr ayının 24-ə qədər ödəməklə bağlı xəbərdarlıq edildiyi, bu müddət ərzində sözügedən cərimə ödənilmədiyi halda qəzetin hesabının bağlanılacağı, 17 oktyabrda isə redaksiyanın yerləşdiyi Azərbaycan Nəşriyyatının rəhbərliyi oktyabr ayının 21-nə qədər 5 min azn məbləğində vəsaitin ödənilmədiyi halda, qəzetin yayımının dayandırılacağı haqqında xəbərdarlıq etdiyi yazılır. Məlumatın bu qisminə qədər hər şey normaldı. İrəliləmə və nəticə hissəsini oxuduğunuzda, yaşanılan müddətin haqlı və ya haqsız bir duruşun qarşılığı olduğunu anlamaq üçün eyni dildə danışmağınıza ehtiyac yoxdur. Məlumatı oxuyub bitirənə qədər hiss etdiyim duyğularım üçə-dördə bölündü. İlk hissə normal, ikinci hissə təəccüb, son hissə isə sorğulama, sonrası anarxistləşmə. Dövlətə aid “Qasid” Yayım firmasının qəzetə olan borcunun 50 min azn-ə çatdığı halda müraciətlərə baxmayaraq ödənməməsi.
Borcuna görə “Azadlıq” qəzetinin yayımının durdurulması ilə qarşı-qarşıya olduğu, bununla birlikdə dövlətə məxsus “Qasid” yayım firmasının “Azadlıq” qəzetinə olan borcunu bütün xəbərdarlıqlara baxmayaraq ödəməməsi ilə qalmır. Məlumatda insanların daha çox olduğu, buna görə də qəzetlərin daha çox alındığı metro stansiyalarındakı qasidlərdə ”Azadlıq” qəzetinin satışına qadağa qoyulduğu da ifadə edilir. Ki bu vəziyyəti təsdiq etmək üçün xəbəri oxuduqdan dərhal sonra metro stansiyalarındakı köşklərdən “Azadlıq” qəzetini istədim. Hamısından eyni cavabı aldım – “Yoxdur”. 28 may metro stansiyasındakı köşk sahibindən niyə olmadığını soruşduqda “Qadağandır” – dedi. “Niyə qadağandır” – deyə soruşduqda, köşk sahibi iki əlini yana açaraq, “Böyüklər elə istəyir!” – dedi. Aldığım bu cavab xəbəri təsdiq edirdi. Yaxşı hazırlanmış ssenari və zəbtetmə üçün qurğu hazırdı! Özündən olmayanı, özü kimi düşünməyəni, varlığını bəsləməyəni xeyir mexanizi adına potensial təhlükə kəsb edən adam və təşkilatları yox etmək istəyi, demokratik görünüşlü təzyiq göstərən rejimlərin bürokratiya sahəsində doğulub, rəhbərlik qanadında böyüməsi ilə məqsədinə çatır. Demokratiyanı əngəlləyən, görüntüdən ibarət edən, qurumları işlətməyən, ya da səhv işlədən bürokratik təşkilatlardır, yəni köşk sahibinin bəhs etdiyi “böyüklər”. Demokratik Cümhuriyyəti təzyiqçi, totalitar hala gətirən, xalq gözündə qorxu psixologiyasını meydana gətirən, bürokratiyanın daşın üzərində əmələ gətirdiyi yosunu qatılaşdırma cəhdidir! Doğru və ədalətli işlədilmədiyi halda, kapitalizmin acımasızlığından bəslənən, sözdə irəli demokratiya anlayışının 2013-cü il dünyasında bizi gətirdiyi nöqtə, təəssüf ki, bu mənzərədir. Sümükləşmiş bürokratiyanın əlində oyuncaq olmuş “sözdə iştirakçı demokratiya anlayışı” sistemlərin qara üzlü kitabında yazılı sətirlərdən ibarət qalır. Demokratiyanın məqsədə gedən yolda bu şəkildə vasitə olaraq istifadə edilməsi “Doğan görünüşlü şahin” marka maşınlarını gətirir ağlıma. Orijinallığından çıxarılmış, bəzək vasitəsilə yaxşı dizayn edilmiş, işıqlı, şişirdilmiş, görüntü möhtəşəm, gəl gör ki, motor düşdü ki düşəcək!
Dövlət və dövlətə aid qurum özəl sektora borclu qala bilər, borcunu ödə(t)mədiyi kimi, borclu qaldığı qurumu borcuna görə bağlada bilər! “Böyük əmilər” xeyirlərinin əngəli kimi gördüyü qəzetin satışına şəhərin bəlli yerlərində qadağa qoya bilər. Və ölkə mətbuatı bu müddətdə üç meymunu oynaya bilər. “Azadlıq” qəzetinin yaşadığı tragikomedik vəziyyətin xülasəsi budur. Bu cür hallar Azərbaycan mediasına xas deyil. Türkiyə mediasının da oxşar təzyiq və çarpaz atəşlərə məruz qaldığı anlar olmuşdur. Prinsipli, dürüst, tərəfsiz, ideallarından əl çəkməyən media olaraq ayaqda qalmaq istəyirsinizsə, ya sistemin qəbul etdiyi kapital gücə sahib olacaqsınız, ya da prinsipləriniz, dürüstlüyünüz və ideallarınız işığında qurduğunuz kütləvi gücə. Bunun xaricində sistemdən bəslənmək üçün sistemi bəsləməniz lazımdı! Əks halda “böyüklər” tərəfindən kənara atılmaq üçün fürsəti gözlənilən mübtəda olarsınız.
“Azadlıq” qəzetinin yaşadığı bu anlarda diqqətimi çəkən başqa bir vacib detal media və sivil cəmiyyət təşkilatlarının passiv duruşu oldu. Xalqın maariflənməsində, ya da maariflənməməsində qabaqcıl olan, mətbuatı aydınlandırmaqda mütləq missiya sahibi, dünya mətbuatının dördüncü hakimiyyət olaraq gördüyü və qəbul etdiyi, amma hazırkı vəziyyətə görə şəkil alan eyni peşə qruplarının, bununla birlikdə xalqın sözü mövqeyində olan sivil cəmiyyət təşkilatlarının özünü bu müddətdə sorğulamaması, ölkə mətbuatının sorğulaması gərəkən başqa bir vacib müəmmadır. “Bu günün günəşi sabahı isitməz” həqiqətini “Hazırkı vəziyyətin güclü yazıçıları” qələmi əlinə hər dəfə alanda xatırlamalıdır. “Kibrit çöpü qədər işıq saçmayıb, yavuz oğru məsəli, özünü olimpiya məşəli kimi görmək”, əvvəlcə qələmini, sonra peşəsini, daha sonra özünü, ən vacibi isə tarixi missiya və məsuliyyətini üzərinə götürdüyü xalqını aldatmaqdır. Sosial media jurnalistliyi ilə mənsub olduğu quruma və ya məsuliyyətli olduğu xalqa deyil, Mark Zuckerberqə xidmət edər!
Yazıma atalarımızın sözlərinin vacibliyini əsas görərək və ağlı başında atamızın dediyi bir sözlə başladım. “Azadlıq” qəzeti yaşadığı bu ağır vəziyyət qarşısında ölkə mətbuatı və oxucularına dəstək çağırışı edərkən, yazımı zamanın əhlikef, tənbəl, “mənə nə”çi atalarından birinin: “Mənə toxunmayan ilan min il yaşasın” sözü ilə bitirmək istəyirəm. Yeri, göyü yaradan Rəbbim ən doğrusunu bilir, amma rəhmətlinin sorğu müddəti baxımından vaxt itirməyəcək qul olma ehtimalı yüksəkdir! Allah rəhmət eləsin. Kim bilir hansı şəkildə və necə yaşadı!
Tərcümə: Sevinc Xan Qızı


