Nə yaxşı ki, bizə bizləri anladan “Aldanmış kəvakib”imiz varmış!..
Moskvada yaşayan azərbaycanlı yazıçı, professor Çingiz Hüseyn “Media forum” saytında “BiBiSi-dən köşə yazıları” adı altında silsilə yazılar dərc etdirib. 4 yazıdan ibarət silsilənin bu gün sonuncusu dərc olunub. Yazıda Azərbaycan və Rusiyada bir-birinə oxşar siyasi mühitdən və Milli Şuranın prezidentliyə namizədi, professor Cəmil Həsənlindən bəhs olunur. Yazını təqdim edirik:
Baxıram Leninin kitablarına
Baxıram… – dərhal sirlər dolu şüuraltıdan vaxtilə əzbərlədiyim misranın siqnalı gəldi:
“Baxıram Leninin kitablarına
Dəstədən geridə qalmamaq üçün…”
Bu, Səməd Vurğunun məşhur şeirindəndir, çox-çox illərdən sonra bildim ki, repressiya qurbanı Mikayıl Müşfiqə həsr edilmişdi, təbii ki, ithaf tez də silindi-pozuldu: şair qurd ürəyi yemişlərdən deyildi.
Amma onu də deyim ki, şairin işlətdiyi “baxıram” o zaman kəsərli siyasi ittihama səbəb ola bilərdi:
“Necə yəni baxıram?! Oxumaq, əzbərləmək gərəkdir!..”
“Oxuyuram” sözü şeirin heca ahəngini pozardı, amma şair “oxuram” yaza bilərdi, çünki Azərbaycan dilinə uyğun formadır (“bax” – “baxıram”, “gəl” – “gəlirəm”), “oxuyuram” osmanlı türkcəsindəki “baxıyoram, gəliyoram…” səpgisindən idi.
Yox, mənim demək istədiyim bu deyil, başqadır: baxıram dünyada baş verən tamaşalı oyunlara və heyrət dalğaları məni bürüyür.
Axı, necə də heyrətlənməyəsən?!
Paradokslar (yəni özünü göstərən qeyri-təbii hallar) yad etdiyim zamanlardan bugünədək davam etməkdədir: bir tərəfdən mənim iki vətənimdə rütbə sahibləri ağız dolusu ədalətdən, millətə xidmətdən deyir, o biri tərəfdən isə həmən o şəxslər açıq-aydın xalqın sərvətlərini mənimsəyir, sadəcə olaraq oğurlayırlar; bir tərəfdən sovet dövrü addımbaşı söyülür, digər tərəfdən isə vaxtilə kommunizm ideyasına qulluq edən şəxs millətin atasına çevrilir, sosializmə can-başla xidmət etdiyi illər bayram kimi qeyd olunur.
“Bir, iki – bizimki…”
Paradoksların sayı-hesabı yoxdur – birini də söyləyim, mənim köklərimə, mənliyimə, mentalitetimə bağlıdır, aiddir, olsun üç: bir tərəfdən dinlər, islam dinim də, barış, əmin-amanlıq, sülh rəmzi kimi elan olunur, cümə namazında xoş əməllərə çağırışlar səslənir, gözəl nəsihətlər, müdrik sözlər eşidirik, o biri tərəfdən isə islam adı ilə terror, savaşlar, qırğınlar baş verir, düşmənçilik vəba kimi dünyada yayılmaqdadır, hətta müsəlman müsəlmanı qırır və bu həm “Quran”a ziddir, həm də İlahinin təhqirinə bərabərdir.
Lap bugün-sabahkı paradoks, həm Moskvada, həm də Bakıda – mer və prezident seçkiləri: əvvəlcədən nəticələri təşkil olunmuş seçkilərin nə mənası, kimə lazımdır belə seçkilər?
“Üç, dörd – qapını ört…” – mən də paradoksların davamını oxucularıma həvalə edirəm.
“Aldanmış kəvakib”
Vaxtında diqqətlə izlədiyim-baxdığım Azərbaycan prezidentliyinə namizədlərin debatlarını bir daha yad etmək istərdim: həmən debatlarda mənim “Fətəli fəthi” romanımın damar xəttini təşkil edən və mənə çox-çox əziz olan “Aldanmış kəvakib” sözlərini eşidib həm sevindim, həm də heyrətləndim.
Mətləbə keçmədən deyim ki, mən şəxsən namizədlərin yalnız üçü ilə tanış idim – ikisi ilə (ötəri və təsadüfən) iyirmi neçə il öncə Bakıda, Əlizadələr qardaşlarının, Zərdüşt və Arazın, partiya iclasında oldum, məni, çox məmnunam, yüksək səviyyədə qarşılayıb alqışladılar, ikinci tanışım – İlham Əliyevdir, onunla Moskvada keçmiş “Bakı” restoranında kiçik bir məclisdə tanış olmuşduq (və o zamandan bir daha onlarla görüşmək mənə qismət olmamışdı); üçüncüsü, onunla sanki ömrüm boyu tanışam, bizim görkəmli tarixçimiz Cəmil Həsənlidir (elə burdaca xüsusi qeyd edim ki, padşahlar-prezidenlər gəldi-gedərdir, amma C.H.-nin tariximizə aid dünya şöhrəti qazanmış sanballı kitabları daima yaşayacaq),
Demə, debatlardakı “Aldanmış kəvakib” kəlməsi prezidentliyə əsl mənada real namizəd olan (doğru-yalan faizlər də bunu göstərdi) C.H-liyə aid imiş!..
Və bunu eşidən kimi məndə dərhal belə bir kəlməni dilinə gətirən şəxslərin niyyətlərinə dair bəzi suallar doğdu: deyilənlər C.H.-nin mənfiliyinəmi işlədilmişdi, müsbətliyinəmi? Nitqlərin kontekstindən belə çıxır ki, bu sözlər yalnız və yalnız mənfiliyinə deyilmişdi.
Amma nə mənada bu kimi mənfi izahat-interpretasiya mümkündür?
Bir daha əsərin dahiyanə süjetinə filoloji-fəlsəfi-siyasi baxımdan nəzər salmağa məcbur oldum və bu təhlil nəticəsində gördüm ki, təşbeh C.H.-nin heç də ziyanına yox, xeyrinədir.
Deyim – eşidin.
Hamıya məlumdur ki, əsərdə beş qüvvə iştirak edir:
1) aldanan sadəlövh (kar-kor, amma taleyüklü) ulduzlar,
2) iqtidar – zülmkar şah,
3) şahın dərdinə qalan, onun keşiyində duran münəccimlər (adları indi başqadır),
4) süjetə uyğun “xalq”mı deyim, “qara kütlə”mi?.. zülmə dözümlü, “Allah kərimdir, bir tikə çörəyimiz var, dolanırıq…” əqidəsi ilə yaşayan, dəyişikləri istəməyən, quruluşu davam etmək arzulu paytaxtın-ölkənin cəsarətsiz əhalisi və nəhayət,
5) məmləkətin despotik və korrupsiya quruluşdan narazı olan və indiki dillə desək, əsl müxalifəti təmsil edən yeganə şəxs Yusif Sərrac.
Hadisələrin gedişindən məlum olur ki, xalqın xeyrinə çalışmağa hazır, insanlıq naminə əmr-fərmanları həyata keçirmək istəyən Yusifi camaat nəinki qəbul etmək istəmir, hətta maymaq sayır. Axı, canında yuva saldığı qorxusuz yaşamaqdan xəbərsizdir!.. Və nəticədə, əsəri bir daha oxuyun, xalq Yusifi qovur, öyrəşdiyi zalım-qəddar “əsl” şahı iqtidarlığa çağırır.
Eynilə – bunu yazmaya da bilərdim, amma qələm tərsliyini göstərdi – mənim iki vətənimə, Rusiya və Azərbaycana, aid dünyəvi, ümumbəşəri süjet.
Nə yaxşı ki, bizə bizləri anladan “Aldanmış kəvakib”imiz varmış!..
Ölməz əsəri yad edən namizədlərə də, onun süjetinə uyğun ulduzları aldadan millətimə də bir daha eşq olsun!..


