Əcəb ölkə qurdu bizə Əliyevlər – ictimai nəqliyyatda Ictimai TV-də olduğundan daha çox ictimai müzakirə gedir. Nəticədə, TV-lər susqun və qapalı olsa da, bəzən çox ciddi problemlərin kəskin və maraqlı dartışmasını küçədə, dükanda, bazarda, çayxanada, nəqliyyatda, növbə və yığnaq olan bir yerlərdə eşitmək olur.
– O polisə güllə atan vəhhabi ölümə layiqdir! – bu verdiktlə davam edən müzakirəni də bu dəfə TV-dən kənarda eşitdim.
Maraq yarandı məndə, diqqətimə güc verdim.
– Onun-bunun balasını şərləyən o rüşvətxor polislərdir ölümə layiq olan! – bu da əks tərəfin, daha gənc olan “debat”çının cavabı idi.
Dərhal anladım ki, oktyabrın 16-da Qusarda bir polis işçisinin ölməsi ilə nəticələnən atışmadan söhbət gedir. Daha iki polis işçisi yaralanmışdı və açığı, tam aydınlığı ilə nə baş verdiyi cəmiyyətə bəlli olmadı, çünki dolğun məlumat verilmədi. Amma hər yana yayılmışdı ki, atəş açanlar dindarlar olub. Yuxarıdakı söhbətdən də belə başa düşdüm ki, məhz həmin olayı müzakirə edirlər.
Tərəflərin biri polisləri, digəri vəhhabiləri müdafiə etməkdə ikən, nimdaş geyimli orta yaşlı kişi, yəni üçüncü tərəf söhbətə yekun vurdu:
– Qurtarın bu axmaq söhbətləri. Əvvəla, ölüm hökmü ləğv olunub. Siz də hakim deyilsiniz kiməsə cəza verəsiniz. Amma ikiniz də yaxşı bilirsiniz ki, o güllə atanın qatil və vəhhabi olmasında həmin rüşvətxor polislərin də rolu var. Camaatın balaları kefindən vəhhabi olmur, nə də kefindən gedib Moskvanın bazarında rus “alkaşı” ilə üz-üzə gəlmir. Pis gündən pis işlərin arxasınca düşüblər. O polislər ki var, icra başçısının nəvəsini görəndə ayağa qalxır, amma kənddə-kəsəkdə dədələri yaşda kişilərin üstünə qışqırırlar.
Mən bu sərrast nitqdən elə bil dik atıldım. Üstü-başı təmiz olmayan bu adamın yaxındakı tikintidə işlədiyini güman etmək olardı, çünki onların əyləşdiyi çayçıda xeyli fəhlə vardı. Amma tikinti fəhləsinin bu nitqi mənim qəlbimdə bir həqiqət qülləsi tikdi. Yadıma da məşhur türk ifaçısı Cem Karacanın bir ifasının sözlərini düşdü. Tam əzbər bilməsəm də, tapıb köçürürəm buraya:
Beni siz delirttiniz evet, evet, evet, siz, siz
Kırmızı ışıkta geçen şoförler ve boşverli türküler
Sahil yolundaki kazalar, denize düşen şu uçak
Beyaz camda hayvanlar ve reklamlar,
Yeşilçam’da baldır bacak…
Beni siz delirttiniz evet, evet, evet siz delirttiniz beni
Uçaklar, rüşvetler ve mobilyalar ve ahlak üstüne nutuklar
Günden güne ufalan ekmekler, pasta yesin efendiler, ama
Gaz tenekesi ile su kuyrukları ve bir başbuğun buyrukları
Beni siz delirttiniz evet, evet, evet
Siz delirttiniz beni hiç kuşkum yok bundan eminim
Darılmaca yok ben bir deliyim, ama beni siz delirttiniz…
Mən bir mahnı sözlərini ictimai qərarlar verməyi təklif etmirəm. Amma özümün qərarım qətidir. Ədalətsiz idarəçiyə və idarəçiliyə haqq qazandıran, onu müdafiə edən, hətta sadəcə susan hər kəs ağlına gəlmədiyi pisliklərə iştirakçı, dəstəkçi və yol açandır, o cümlədən:
– Qətl və cinayətlərə;
– Terror olaylarına və qəzalara;
– Öz həmvətənlərinin başqa dövlətlərin xidmət orqanlarının, missionerlərin, radikal dini cərəyanların, cinayətkar qrupların təsir altına düşməsinə;
– Həkim səhlənkarlığına və hakim ədalətsizliyinə;
– Talesizliklərə, bədbəxtliklərə;
– Səfilliklərə və intiharlara;
– Min olaya, min bir dərdə və kimlərinsə doğrudan da dəli olmasına…