«Korrupsiya və rüşvətxorluqla daha ciddi mübarizə aparılacaq, ortaya siyasi iradə qoyulacaq»
Rövşən Ağayev: «Ölkə başçısı səmimi şəkildə korrupsiyaya qarşı mübarizə aparırsa, ilk növbədə özünün gəlir deklarasiyasını ortaya qoymalıdır»
Ölkə başçısı Ilham Əliyev andiçmə mərasimində ənənəvi olaraq korrupsiya ilə mübarizədən danışıb. Nazirlər Kabinetinin iclaslarındakı çıxışından fərqlənməyən bu çıxışında Əliyev növbəti illərdə korrupsiya və rüşvətxorluqla daha ciddi mübarizə aparılacağını, bunun üçün ortaya siyasi iradə qoyulduğunu deyib.
Son dövrlər dövlət başçısının bu tip çıxışlarının artması fonunda ortalıqda real nəticənin olmaması deyilənlərin əhəmiyyətini heçə endirir.
Azərbaycanda ən böyük korrupsiya mənbəyi dövlət büdcəsidir. Hər il büdcədən investisiya layihələrinə ayrılan milyardlarla manat korrupsiyanın qurbanına çevrilir. Təkcə ilin son aylarında xərclənən vəsaitlərə baxanda da bunu görmək olur. Bəzən noyabr-dekabr ayında xərcləmələr ilin qalan 10 ayından çox olur. Bu da həmin vəsaitlərin növbəti büdcə ilinə keçirilməsinin qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, bu günlərdə 2014-ci ilin dövlət büdcəsi qəbul ediləcək. Gələnilki büdcədə korrupsiyanın güdazına gedəcək nə qədər vəsait nəzərdə tutulub?
Iqtisadçı-ekspert Rövşən Ağayev 2014-cü ilin büdcəsinin üçdə birindən çoxunun, təxminən 40 faizinin investisiya xərclərinin təşkil etdiyini deyir. Neft pullarının azalması tendensiyası başladığından gələn il investisiya xərclərinin bir qədər azaldılacağı gözlənilir. 2013-cü ildə investsiya xərcləri 6,9 mlrd manat təşkil edirdisə, 2014-cü ildə 650 mln manat azalma nəzərdə tutulub. Ancaq investisiya xərcləri yenə də böyükdür. Təkcə abadlaşdırma adı altında yerli icra hakimiyyəti orqanlarına 50 mln manatın ayrılması nəzərdə tutulur. Üstəlik, parlamentə təqdim olunan büdcədə görünməyən ehtiyat fondları var. Xüsusən də prezidentin əlində böyük ehtiyat fondu var. Bu fondun xərcləmələri ilə bağlı tələblər müəyyənləşməyib, eyni zamanda hesabatlılığı yoxdur.
Dövlət büdcəsinin korrupsiya tutumlu oduğunu deyən ekspert müvafiq institutların olmamasının korrupsiyaya geniş meydan açdığını qeyd etdi. Bütün dünyada büdcə korrupsiyanın qarşısının alınmasında həlledici rolu audit orqanları oynayır. Azərbaycanda bu funksiyanı Hesablama Palatası həyata keçirir. Konstitusiyaya əsasən, büdcəyə nəzarət orqanı parlamentdir. Hesabat tələb edən parlament olan ölkədə icra hakimiyyəti büdcəni yeyə bilmir. Nazirlər büdcələrinin hesabatını təqdim edirlər. Amma bu müstəqil deputatların, müxalifət nümayəndələrinin təmsil olunduğu parlamentlərdə olur. Icra hakimiyyətinin iradəsi ilə formalaşan və müstəqil olmayan parlament bunu edə bilməz: “Qanunvericiliyə görə, Hesablama Palatası parlamentin nəzdində olan orqandır. Parlamentin müstəqli olmadığı ölkədə ali audit orqanının statusu nə olacaq. Müstəqil parlament və onun normal fəaliyyət göstərən Hesablama Palatası yoxdur. Bu baxımdan büdcənin problemi həm də institusional mexanizmlərin olmaması ilə bağlıdır. Üstəgəl ölkədə effektiv vətəndaş cəmiyyətinin işləməsi üçün şərait yoxdur. Bizim təşkilat, büdcə qrupunda olan digər təşkilatlar son illər hökumətin büdcə korrupsiyası ilə bağlı yetərincə araşdırmalar aparıb. Amma əlverişli şərait yoxdur. Eyni zamanda ölkədə effektiv fəaliyyət göstərən normal korrupsiyaya qarşı mübarizə institutları yoxdur ki, bizim ortaya çıxardığımız, mediada səslənən faktları araşdırsın. Belə şəraitdə büdcə yalnız korrupsiya yönümlü ola bilər. Başqa alternativi ola bilməz”.
Ekspert dövlət başçısının çoxsaylı bəyanatlarının heç bir problemi həll etmədiyini deyir. Çünki korrupsiyanı aradan qaldırmaq üçün institutlar işləməlidir. Müstəqil parlament olmalıdır. Üstəlik, əgər ölkə başçısı səmimi şəkildə korrupsiyaya qarşı mübarizə aparırsa, ilk növbədə özünün gəlir deklarasiyasını ortaya qoymalıdır. Bundan sonra korrupsiyaya qarşı mübarizə bəyanatı cəmiyyətdə daha səmimi qəbul oluna bilər. Indiki şəraitdə isə bu mümkün deyil.
Fizzə


