Araz Əzimovun bəyanatı etiraz doğurub

Xarici işlər nazirinin müavini Araz Əzimovun Türkiyə səfəri zamanı səsləndirdiyi bəyanat birmənalı qarşılanmayıb. Belə ki, nazir müavini Türkiyənin imzaladığı Sürix protokolunun Qarabağ münaqişəsinin həllinə əngəl törətdiyini deyib. Münaqişənin həllində maraqlı olan qardaş ölkənin ünvanına belə bir ittihamın səslənməsinin səbəbi nədir?

«Türkiyənin Sürixdə imzaladığı, amma həyata keçirmədiyi protokolun Qarabağ məsələsinə heç bir təsiri yoxdur»

Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə münaqişə ilə bağlı vəziyyəti çox gözəl bilən Araz Əzimovun bu cür bəyanatına təəccüblə yanaşdığını deyir. Nazir müavininin nə səbəbdən belə fikir səsləndirməsini anlamadığını deyən ekspert Azərbaycan torpaqlarının işğalında yalnız bir tərəfin günahkar olduğunu qeyd etdi: “Araz Əzimovun dedikləri məndə təəccüb oyatdı. Çünki o, professionaldır. Bütün məsələləri yaxşı bilir. Türkiyə Azərbaycana Qarabağ məsələsində heç bir xələl gətirməz. Azərbaycan torpaqlarının işğalının səbəbkarı Rusiyadır. Burda nə ABŞ-ı, nə ATƏT-in başqa üzvlərini, nə Fransanı suçlamaq olar. Türkiyəni ümumiyyətlə, günahlandırmaq olmaz”.
Politoloqun fikrincə, Türkiyənin Sürixdə imzaladığı, amma həyata keçirmədiyi protokolun Qarabağ məsələsinə heç bir təsiri yoxdur.
Ekspert Türkiyənin bu bəyanata reaksiyasının sakit olacağını da qeyd etdi: “Türkiyənin reaksiyası sakit olacaq. Həmişə ortalıqda bir şey olanda əsəbiləşirlər. Nəsə olmayandan sonra nə reaksiya verəcəklər? Yəqin xarici işlər nazirliyi bir izahat verər ki, Sürix protokollarının imzalanması Qarabağ məsələsinə ziyan verməyib. Qarabağ məsələsi həll olunmayana qədər Sürix protokolları işləməyəcək. Bunu da Türkiyə bizə dəfələrlə deyib”.

«Elə kampaniya apardılar ki, elə bir Qarabağı Türkiyə işğal edib»

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli isə nazir müavininin səsləndirdiyi bəyanatda hökumətin mövqeyinin əks olunduğunu deyir: “Mövcud rejim Qarabağa vətən kimi yox, hakimiyyətdə qalmaq üçün vasitə kimi baxır. Ona görə də Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması gündəmə gələndə Azərbaycan iqtidarı buna çox anormal reaksiya verdi. Hakimiyyət yaxşı başa düşür ki, əgər Qarabağ problemi həll olunsa, onun hakimiyyətdə qalması mümkün olmayacaq. Araz Əzimovun dedikləri onun öz fikri deyil. Bu, rejimin yanaşmasıdır”.
A.Səmədbəylinin sözlərinə görə, hakimiyyətin Türkiyəyə qarşı apardığı kampaniya narahatçılıqdan irəli gəlir: “Elə kampaniya apardılar ki, elə bir Qarabağı Türkiyə işğal edib. Hakimiyyətin Türkiyəyə qarşı çıxmasının əsas səbəbi qardaş ölkənin Azərbaycanın demokratikləşməsini istəməsidir. Bu da hakimiyyəti narahat edir”.

Fizzə