Gəlin, biz də and içək

9 oktyabr seçkilərindən artıq 12 gün keçir. Bəli, 12 gündür ki, seçkilərin saxtalaşdırıldığına and içirik. 12 gündür ki, Cəmil Həsənlinin qələbəsini oğurlayıblar. And içirik ki, 12 gün öncə hakimiyyətin mənbəyinin xalq olmadığı təsdiq edildi. And içirik ki, haqqın qələbəsi mütləqdir. And içirik ki…

MSK-nın andı

Biz nə qədər and içsək də, bizim andımız MSK üçün mötəbər mənbə deyil. Çünki, bu ölkədə çoxdandır, and yeri, ləyaqət qibləsi dəyişib. Çoxdandır ki, “şərəfimə and olsun”, “namusuma and olsun” deyərək insanları inandırmaq olmur. O qədər şərəfin, ləyaqətin dünya malına satanları gördük ki, cəmiyyətdə şərəf və ləyaqətin tərifi dəyişməyə başladı. Şahid olduq ki, qalstuklu yaltaqlara, vəzifəli cəlladlara hörmət tələb olunur, mötəbər şəxs deyilir. Bu ölkədə özündən vəzifəlilərin qarşısında əyilənlər, qarşısında əyiləcək insanlar tapa bilir. Indi əyilmişlərin qarşısında and içməyin qiyməti yoxdur. Əslində, and içməyə ehtiyac da yoxdur. Seçki saxtakarlığında vasitəyə çevrilmiş müəllimə  “and olsun ki, seçkilər düzgün keçirilməyib” demək  axmaqlıqdır. Əsas MSK-nın andıdır və bu anda inanmamaq heç nəyi dəyişmir. Nə qədər ki, əsl vətəndaş olmağa and içməmişik, hakimiyyət öz “and”ına sadiq qalacaq.

3-cü anda sədaqət

Oktyabrın 19-da MSK-nın 85 faiz nəticə ilə qalib etdiyi Ilham Əliyev 3-cü dəfə and içdi. Qəzetlərin manşeti, telekanalların baş xəbəri “Ilham Əliyev sədaqət andı içdi” oldu. Bu “sədaqət” sözü məni çox qorxutdu və ötən anlar kino lenti kimi gözümün qarşısından keçdi. Çünki, bu ötənlərdə haqsız həbs olunan gənclər, mülkiyyəti əlindən alınmış vətəndaşlar, atəşkəs dövründə dünyasını dəyişmiş əsgərlər, ölkəni tərk etmiş həmvətənlərimiz, məddaha çevrilmiş ziyalı, fəhləlik edən ali diplomlular, qul bazarları, korrupsiya, hüquqsuzluq və s. var idi. Və bütün bu acınacaqlı mənzərə bu hakimiyyətin dövründə yarandı. Kaş Ilham Əliyev bütün bu olanlara sədaqətli qalmayacağının andını içəydi. Axı bizi bu günə salan hakimiyyətin rüşəvətə, ədalətsizliyə, yaltaqlığa sədaqətli qalmasıdır. Ona görə də bu and təhlükəli idi və bizi daha pis gələcək haqqında düşünməyə vadar etdi.

Ən az inananlar

Sirr deyil ki, siyasətdə vədlər, taktikalar, çıxışlar əsasən daxili auditoriyaya hesablanır və sadə vətəndaşları “ov”lamaq mümkün olur. AzTv -lərin göstərdiklərinə isə yalnız əhalinin intellektsiz, alternativ informasiyadan məhrum olmuş təbəqəsi inana bilər. Dərd burasındadır ki, bu sadə vətəndaşların da andla bağlı şəxsi “təcrübə”ləri var.

Bazarda alver edən adam “and olsun öz qiyməti 5 manatdır”, maşın dəllalı “vicdan haqqı vuruğu yoxdur”, ev makleri “qardaş canı bu ev qoşa daşla tikilib” demirmi? Hərə öz işinin xətrinə yalandan and içmirmi?

Yəni, insanları yalan danışmağa, yalandan and içməyə məcbur etmiş rejim, indi and içməklə inandırmaq istəyir. Bu ölkə elə vəziyyətə düşüb ki, ən savadsız adamı aldatmaq da çətinləşib. Çünki, bu ölkənin bütün uğurları dildə ifadə olunur, reallıqda isə başqa “sürpriz”lərlə qarşılaşırıq.

Təhqirə könül vermək

Anton Çexov “yalan onu dinləyən üçün təhqirdirsə, onu söyləyən üçün ikiqat təhqirdir” deyirdi. Yəni, 80 manat maaş alan müəllimə, iqtisadi inkişafımız 5 dəfə artıb, yoxsulluğun səviyyəsi aşağı düşüb, əmək haqqları 10 dəfə artırılıb demək, onu təhqir etməkdir. 

Bəs bunu niyə deyirlər? Çünki, bunu demək asandır. Artur Şopenhauer deyirdi ki, yıxmaq düzəltməkdən, yalan danışmaq sübut etməkdən daha asandır. Bu xalq söylənilən fikirlərə görə sübut tələb etmir. Ona görə də xalqı təhqir etmək məsuliyyət yaratmır. Ona görə də təhqir olunmağa məhkumsan. Ona görə and içmək də asandır. Artıq bu ölkədə yalanın ənənəsi yaranıb, yalan milli adətə çevrilib. “Mən kimə səs versəm də o seçiləcək” düşüncəsilə yaşamaq, təhqir olunmağa könüllü razılıq vermək deyilmi? Küsülü olduğun ləyaqətli insanla barışmaq böyüklükdü, şər qüvvənin sənin taleyin üzərində qurduğu çirkin planla barışmaq isə vicdansızlıqdır.

Yaşlı adamın səsi mötəbərdi?

Ötən gün “Azərbaycan” qəzetində “107 yaşlı qadın Ilham Əliyevə niyə səs verdi” başlıqlı yazı dərc olunmuşdu. Cəmil Həsənliyə səs vermiş 100 minlərlə insanın üstündən xətt çəkib, 107 yaşlı qadının Ilham Əliyevə səs verdiyini tirajlamaq nəyin göstəricisidir? Yoxsa, yalnız bu hakimiyyətə dəstək ifadə edənlər vətəndaş sayılırlar?

“Azərbaycan” qəzeti Cəmil Həsənliyə namizəd olmaq üçün imza verən 100 -lərlə YAP üzvünün, seçkiyə gedib Cəmil Həsənliyə səs verən 1000-lərlə YAP vəsiqəsi daşıyan insanların seçimini də izah edə bilərmi? 

Mənim nənəmin də 90 yaşı var və Cəmil Həsənliyə səs verib. Daha çox yaşı olan adamın səs verməsi, qələbənin daha şəffaf olması deməkdirmi?

Əksinə, 107 yaşlı qadın Offşor zonanın nə olduğunu, Vircin adasının harda yerləşdiyini bilmir, mandat alveri lə bağlı videonu, əsgər valideyinlərinə qarşı zorakılığı əks etdirən görüntüləri izləməyib. Yəni, onun seçiminin kor-təbii olmaq ehtimalı daha çoxdur. Və bütün bunlar xalqı aldatmaq cəhdidir. 

Gəlin, biz də and içək

Bir sözlə bu başıbəlalı ölkədə prezident Qurana, Konstitusiyaya və Bayrağa and içdi. Daha 5 il prezident kürsüsündə oturmaq istədiyini bəyan etdi.

Indi bizim növbəmizdir. Gəlin, biz də and içək. Qurana da, Konstitusiyaya da, Bayrağa da sevgimiz və sayqımız sonsuzdur.

Ancaq biz həm də haqsız yerə həbs olunmuş ləyaqətli insanların zindanda keçən hər dəqiqəsinə, övlad itkisinin acısın yaşayan anaların göz yaşlarına, bir parça görək üçün çöllərə düşümüş ataların əlindəki qabara, hərbi xidmətdə həlak olan əsgərlərimizin ruhuna, dilənçi təqaüdünə möhtac qalmış qocaların solğun bənizinə and içək ki, haqq uğrunda savaşımız davam edəcək. 

Susqunluğa, qorxaqlığa, laqeydliyə vəfa andı deyil, vicdanlı, cəsarətli olmağımıza sədaqət andı içək.